Azedu.az

Azərbaycanda kosmik sənayenin yaranması və inkişafı

Xəbərlər

31 Mart 2026, 16:34
Azərbaycanda kosmik sənayenin yaranması və inkişafı

Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bu istiqamətdə prioritetlərin müəyyənləşdirilməsi dövlətin qarşısına qoyduğu əsas vəzifələrdən biridir. Qeyri-neft sektoru sahəsində dinamik inkişaf edən və Azərbaycanın informasiya təhlükəsizliyində mühüm rol oynayan əsas istiqamətlərdən biri kosmik sənayenin inkişaf etdirilməsi və modernləşdirilməsi idi. Azərbaycanda kosmik sənayenin yaranması və inkişafı dünyada kosmik fəaliyyətin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədar idi.   

Sovet hakimiyyəti illərində Azərbaycanda kosmik sənayenin inkişafı ilə əlaqədar müəyyən praktiki addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev SSRİ dövründə hakimiyyətdə olduğu illərdə Azərbaycan milli kosmik sənayesinin, elmi və maddi-texniki bazanın yaradılması və inkişafı istiqamətində mühüm işlər həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ilin oktyabrında Bakıda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının 24-cü konqresi kosmonavtika sahəsində beynəlxalq elmi-texniki əməkdaşlığın genişləndirilməsi, perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli idi. Konqres 1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilmişdir. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitano 1973-cü il oktyabrın 20-də Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı təşəkkür məktubunda bu konqresin digərləri ilə müqayisədə rekord sayda iştirakçı cəlb etdiyini bildirirdi.

Konqresin Azərbaycanın kosmonavtika sənayesinin inkişafında mühüm rolu oldu. Belə ki, 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi – “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. Bu elmi mərkəzin əsasında 1981-ci il sentyabrın 29-da Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradıldı [9]. Belə bir təşkilatın Azərbaycanda fəaliyyətə başlaması kosmik texnika və texnologiyalardan istifadəsində yeni imkanlar yaratdı, Yer səthinin müasir üsullarla tədqiqi istiqamətində mühüm nailiyyətlər qazanıldı.
1992-ci il fevralın 21-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə kosmik fəzanın öyrənilməsi sahəsində dövlət siyasətini həyata keçirmək, milli aerokosmik proqramları hazırlamaq və yerinə yetirmək, beynəlxalq kosmik layihələrə dair işləri əlaqələndirmək və idarə etmək, bu sahədə olan elm və istehsal potensialından dövlətin iqtisadiyyatının və təhlükəsizliyinin xeyrinə səmərəli istifadə etmək məqsədilə  Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin əsasında Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) yaradıldı [3]. MAKA 2003-cü ilə qədər Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində öz fəaliyyətini davam etdirmiş və yenidən Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmiş, 2006-cı ilə qədər həmin strukturun tərkibində fəaliyyət göstərmişdir [17]. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli Fərmanı ilə AMAKA (sonradan MAKA) Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
       
XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər əsasən rabitə və teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan vermişdir. XX əsrin 90-cı illərin sonlarından etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaratmışdır. 2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da sürətləndirmişdir [6]. Azərbaycan dünyada baş verən bu proseslərdən kənarda qalmamış, sənayenin bu sahəsinin inkişafı üzrə praktik addımlar atılmışdır.  
     
 Azərbaycan müasir kosmik sənayesinin inkişafı Prezident İlham Əliyevin hakimiyyəti illərində əhəmiyyətli dərəcədə inkişaf etdi. Bu sahənin inkişaf etdirilməsi istiqamətində strateji xətt müəyyənləşdirildi. Azərbaycanda optik müşahidə peykinin istismara verilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər konseptual sənədlərdə öz əksini tapmışdır. 
       
2009-cu ildə qəbul edilən Dövlət Proqramı kosmik fəaliyyət sahəsində dövlət, elm və uyğun biznes qurumlarının koordinasiyasının yaradılması və gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlarla əlaqələrin qurulmasına, infrastrukturun yaradılmasına start verməli idi.
       
Kosmik sənayenin inkişafı sahəsində mühüm addımlardan biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (Azərkosmos ASC) təsis edilməsi idi [8]. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsində əsas məqsəd  telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi idi [12]. Cəmiyyət qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, milli və informasiya təhlükəsizliyinin təmin olunması, kosmik sənayenin və kosmik fəaliyyətin nailiyyətlərinin ölkədə tətbiq edilməsi, kosmik elm və texnikanın, peyk xidmətlərinin, informasiya texnologiyalarının inkişafı məqsədi ilə elmi araşdırmaların təşviq edilməsi və dəstəklənməsi, peyklər və peyk sistemləri vasitəsilə peyk rabitəsi, telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti, radio və televiziya yayımı, habelə məsafədən qəbuletmə, Yer müşahidə, şəkil çəkmə üzrə xidmətlərin və digər növ peyk xidmətlərinin təşkil edilməsi, göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcəkdi.

Azərbaycanda peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişafa, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin dünyada imicinin yüksəldilməsi olmuşdur [1]. Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə verirdi. İlk növbədə, Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə, operativ məlumatların əldə edilməsində səmərəli ola bilərdi. Çünki əvvəllər bu istiqamətdə məlumatları Azərbaycan çox çətinliklə başqa ölkələrdən əldə edirdi. Ancaq Azərbaycanın öz peykinə malik olması onun daxili məsələlərinin həllinə şərait yaradardı. 

Dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan kosmos klubunun üzvünə çevrildi. 2013-cü il fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri baş verdi. Azərbaycan kosmik fəzaya ilk peykini buraxdı. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki –  “Azərspace-1”uğurla orbitə buraxıldı. ABŞ-ın “Orbital Sciences” şirkətinin istehsal etdiyi “Azerspace-1”  peyki “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxarıldı. Peykin ümumi çəkisi 3250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir [13]. “Azerspace-1”in ümumi dəyəri 233 milyon dollar idi. “Azərkosmos” ASC bu peykin istismarından 420 milyon dollar təmiz gəlir əldə etməyi nəzərdə tuturdu.

Azerspace-1/Africasat-1a peykinin həm Azərbaycan, həm də bütövlükdə Qafqaz üçün mühüm əhəmiyyəti var idi. İlk növbədə bu peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər, Azərbaycanın informasiya kommunikasiyaları texnologiyaları sektorunda texniki tərəqqiyə səbəb ola bilərdi. Eyni zamanda ilk telekommunikasiya peykinin orbitə buraxılmasının, Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından da əhəmiyyəti böyük idi [10]. Beləliklə, “Azərspace-1”in 2013-cü ildə orbitə çıxarılması ilə Azərbaycan “kosmik klub”a üzv olmaqla yanaşı, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və “Azerspace-1” informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilmişdir.

Azərbaycanda kosmik sənayenin yaradılmasının və süni peykin orbitə buraxılmasının böyük əhəmiyyəti var idi. İlk növbədə, bu, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elmtutumlu yeni layihələrin həyata keçirilməsi və innovasiya yönümlü iqtisadiyyatın formalaşdılmasına təsir edirdi.

Azərspace – 1 peykinin orbitə buraxılması bir sıra üstünlüklər vəd edirdi. İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi, telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi, teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları, ölkənin ucqar ərazilərinin internetə qoşulmasının, elektron hökumət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi, informasiya blokadası riskindən qorunmaq və Azərbaycanın informasiya mövqelərinin möhkəmlənməsi, telekommunikasiya peyki xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması ümumi üstünlüklər vəd edirdi.
     
İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Respublikasının Avropa və Asiya arasında əlverişli geoiqtisadi, coğrafı, eləcə də, informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici dövlətlərdən asılılığının aradan qaldırılmasını zəruri edirdi.

Azərbaycanın ikinci peyki aşağı orbitli (640 kilometr hündürlüyü olan orbit) “Azersky” (“Spot 7”) peykidir. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılmış və 2014-cü il dekabrın 2-də “Bakutel-2014” sərgisi çərçivəsində “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycanın idarəetməsinə verilmişdir. “Azersky” müdafiə və təhlükəsizlik, fövqəladə halların çevik aşkar olunması, təbii ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz naviqasiyası, ətraf mühitin qorunması, şəhərsalmanın planlaşdırılması, xəritəçəkmə, kənd təsərrüfatı və turizm sahələri üzrə geniş əlavələr spektrinə malikdir. “Azersky” peyki Azərbaycana 150 milyon avroya başa gəlmişdir.
Süni peyklərin orbitə buraxılmasının müxtəlif sahələrin inklişafı ilə bağlı mühüm əhəmiyyəti var idi. İlk növbədə, Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin dünyaya maneəsiz çatdırılmasını təmin edir. Nəticədə Azərbaycanın “Azersky” peyki sayəsində daha əvvəl çıxışı olmadığı ərazilərin, eləcə də dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa çıxış imkanı var. Bununla da kosmosda Azərbaycana məxsus peyklər vasitəsilə ölkəmizin bütün ərazisi nəzarət altında saxlanılır, əldə edilən məlumatlar aidiyyəti dövlət qurumları və müvafiq beynəlxalq təşkilatlara təqdim edilir. Buna uyğun olaraq, 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat hazırlanaraq dünya ictimaiyyətinə təqdim olunmuşdur.

Kosmik sənayenin inkişafı istiqamətində elmi tədqiqatların aparılması da prioritet təşkil edir. Elmi tədqiqatların aparılmasına dəstək vermək və kadr potensialını inkişaf etdirmək əsas vəzifələrdən biridir. Bu istiqamətdə mühüm addımlar atılmışdır. Belə ki, artıq “Azərkosmos”da kosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə Tədqiqat və İnkişaf Mərkəzi yaradılmışdır. Bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatları, kiçik peyklərin ilkin dizaynı və orbitlərinin stabilliyinin analizi, müxtəlif süni intellekt həlləri və digər istiqamətlərdə tədqiqatlar aparılır.
     
2018-ci il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü və telekommunikasiya sahəsində xidmətlər göstərən ikinci peyki olan “Azerspace-2” Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxıldı. Peykin kosmik fəzaya göndərilməsi Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi ilə həyata keçirildi. Peykin dəyəri 190 milyon dollara yaxındır. Onun fəaliyyət müddəti təxminən 20 il təşkil edəcək və ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəkdi. İqtisadi aspekti ilə yanaşı, “Azerspace-2”nin orbitdə fəaliyyətinin ölkənin informasiya təhlükəsizliyi və müstəqilliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyəti vardı. Bundan sonra “Azerspace-2”nin xidmət dairəsi genişlənəcək və bir sıra Avropa ölkələrini, həmçinin Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı əhatə edəcəkdi. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaqdı. Bu da öz növbəsində, “Azərkosmos”a ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaqdı.

2018-ci ilin sentyabrında Prezident İlham Əliyev “Azerspace-2” peykinin orbitə buraxılması münasibətilə çıxış edərkən qeyd etmişdi ki, ölkə üçün peyklərə sahib olmağın bir sıra əsas üstünlükləri vardır. Azərbaycan telekanallarının proqramlarını dünyanın digər ölkələrində yayımlamaq imkanı, Azərbaycanın və dünyanın istənilən yerində hadisələrin izlənməsi, kosmik sənayedə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, hərbi potensialın gücləndirilməsi bu üstünlüklərdən hesab olunur. 

Azərbaycanın kosmik dövlətə çevrilməsi ölkənin nüfuzunun artırılması və iqtisadi baxımdan əhəmiyyətli idi. Eyni zamanda aerokosmik məkanda yerləşdirilən cihazlar və komplekslər tədqiq olunan obyektlər haqqında genişmiqyaslı və yeni məlumatların əldə edilməsinə əlverişli imkanlar yaradır. Aerokosmik laboratoriyada Yerin, dünya okeanlarının təbii ehtiyatlarının, planetlərin və digər mühüm obyektlərin öyrənilməsi üçün böyük imkanlar mövcuddur.

Beləliklə, Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı istiqamətində nəzəri-hüquqi baza formalaşdırılmış, bu istiqamətdə əhəmiyyətli praktiki fəaliyyət həyata keçirilmişdir. Azərbaycanın dünya kosmik klubun üzvünə çevrilməsi ilə ölkənin beynəlxalq reputasiyası artmış, milli informasiya təhlükəsizliyi təmin edilmişdir.

180373

Xəlilzadə Arzu Cahid qızı
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının dosenti 

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox