https://www.zirve.edu.az/
31.03.2018 10:45
“Dərsliklərdə 31 Mart soyqırımı ilə bağlı məlumat çatışmazlığı var” – Akif Aşırlı

 

Bu gün Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayət -1918-ci il 31 mart soyqırımının yüzillik ildönümüdür. 1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətlində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda ermənilərin “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürüb, qılıncla parçalayıb, süngü ilə dəlmə-deşik edib, cəsədlərin qulaqlarını, burunlarını kəsib, qarınlarını yırtıblar. Nəticədə, təkcə Bakıda 25 min soydaşımız qətlə yetirilib. Faciəni unutdurmamaq, onu dünya miqyasında qəbul etdirmək üçün birinci növbədə öz soydaşlarımızın, xüsusilə də azyaşlıların bu barədə məlumatlandırılması çox vacibdir. Bəs, bu tarixi faciə Azərbaycanın orta məktəblərində keçirilən dərsliklərdə öz əksini necə tapıb? Qanlı yaddaşı unutdurmamaq yolunda orta və ali təhsil müəssisələrində soyqırımla bağlı təşkil olunan tədbirləri qənaətbəxş hesab etmək olarmı?

Bu suallara cavab almaq üçün AzEDU-nun əməkdaşı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə əlaqə saxlayıb. Baş redaktor açıqlamasında bildirib ki, dərsliklərdə soyqırım barədə kifayət qədər normal və yığcam məlumat verilib:

“Faciənin dərslikdə əks olunmasıyla bağlı çatışmayan bir sıra məsələlər var. 31 Mart qırğınlarında xalqın daxilində xüsusi müqavimət hissi olub. İsmayıl bəy Ziyadxanlının hərbi dəstələri Gəncədən Şamaxıya qırğınların qarşını almaq üçün gəliblər. Onun dəstələri erməni hərbi birləşmələrinə qarşı Şamaxıdakı qırğınların qarşısını almağa çalışırdılar və erməniləri Mərəzəyə doğru sıxışdırmışdılar. Soyqırımın qarşısının alınmasında və dinc əhalinin Gəncəyə sığınmasında Gəncədən gələn yardım böyük əhəmiyyət kəsb edir. Bu yardım olmasa, soyqırımı qurbanlarının sayı 8 min yox, 10-15 min ola bilərdi. Buna baxmayaraq, dərsliklərdə Qoçu Nəcəfqulunun adı çəkilsə də, İsmayıl bəy Ziyadxanlının adı yoxdur. Xalqımızdakı müqavimət hissinin, mübarizə ruhunun olmasıyla bağlı məqamlar dərsliklərdə əksini tapsaydı, əhatəli məlumat verilsəydi, daha yaxşı olardı. Dərs kitablarında Heydər Əliyevin sərəncamına da rast gəldim. Təklif edərdim ki, sərəncam ya tam şəkildə verilsin, ya da kitabda məzmunu əks olunsun”. O, 31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı təhsil müəssisələrində keçirilən tədbirlərin formatında müəyyən dəyişikliklərin edilməsinin də vacib olduğunu söyləyib: “Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbirdə iştirak etdim. Universitetin tələbələri çox gözəl interaktiv dərs hazırlayıblar. Dərsdə 31 mart soyqırımının tarixiylə bağlı səhnələşdirilmiş obrazlar canlandırılıb, tarixi şərait, hansı ərazilərdə soyqırımların törədilməsi, insan itkiləri, hadisələrdə müsbət və mənfi rol oynayan tarixi şəxsiyyətlərlə bağlı slayd hazırlanıb. Hesab edirəm ki, belə interaktiv dərslərin, səhnələşdirilmiş tədbirlərin, tələbələrlə açıq müzakirələrin keçirilməsi çox müsbət əhəmiyyətə malikdir. Orta məktəblərdə soyqırımla bağlı sanki elmi konfrans keçirilir. Halbuki, şagirdlərin diqqətini cəlb edə biləcək detallar vermək lazımdır. Məsələn, Şaumyanın obrazı və yaxud bu soyqrımlara qarşı çıxan Rəsulzadənin, Cümhuriyyət qurucularının obrazlarları canlandırılsın və şagirdlər tarixdə baş verənlərin əyani şahidi olsunlar”.

Nəzrin Rüstəmova