Tayvanda 20 yaşlı universitet tələbəsi dörd gün və üç gecə yuxusuz oyun oynadıqdan sonra beyin qanaması nəticəsində vəfat edib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc ailəsinin istirahət etməsi barədə xəbərdarlıqlarına məhəl qoymayaraq, qış tətilində fasiləsiz kompüter qarşısında vaxt keçirib. Dörd gün ərzində qidalanma və əsas ehtiyaclarını da unutduğu bildirilir.
Hadisə gecənin bir vaxtında baş verib – beynində arteriyanın partlaması nəticəsində ağır beyin qanaması yaranıb və tələbənin həyatına son qoyub.
Nevrologiya mütəxəssisləri xəbərdarlıq edib ki, uzun müddət yuxusuz qalmaq qan təzyiqini artırır, qan damarlarının divarlarını zəiflədərək partlamaya səbəb ola bilər və xüsusilə genetik meylli şəxslərdə insult və beyin qanaması riskini xeyli yüksəldir.
Həkimlər valideynlər və gəncləri fasiləsiz oyun oynamaqdan çəkinməyə və yuxu, qidalanma və istirahətin vacibliyini unutmamamağa çağırır.