Azedu.az

“Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib

Bakı şəhəri üzrə Təhsil İdarəsi

6 Mart 2026, 10:08
“Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin V-Xl sinif şagirdlərinin iştirakı ilə “Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib.

AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliğ edilməsi, gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin ölkəmizin idmançılarının tanıdılmasından ibarətdir.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə yarış və turnirlərin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların, zərərli vərdişlərlə mübarizəyə və idmana həsr olunmuş rəsm sərgilərinin, Bakı İdman Festivalının, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda “Dəyirmi masa” və diskussiyaların keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında maarifləndirici videosüjetlər nümayiş olunacaq.

İdmanın müxtəlif istiqamətləri üzrə festivalların, OCEP layihəsi çərçivəsində digər ölkələrin idman nailiyyətləri ilə bağlı şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı maarifləndirici tədbirlərin, “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbirlərin, ümumi təhsil məktəblərinin müəllimləri, uşaq birliyi rəhbərləri, məktəb-valideyn icmasının rəhbər və üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılması, valideyn-övlad münasibətlərinin uşaqların sosial-emosional inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar, posterlər hazırlanacaq, sosial şəbəkələrdə #SağlamNəsilParlaqGələcək həştəqi ilə məlumatlar paylaşılacaq, zərərli vərdişlərlə mübarizə və idmanla bağlı xüsusi günlərlə əlaqədar silsilə tədbirlər keçiriləcək.

 

 

Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur?
Son xəbərlərDaha çox