Azərbaycanın ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə dərslərinin keçirilməsi təklif olunub.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə dərslərinin tədrisi ilə bağlı təklif kifayət qədər mütərəqqi addımdır:

“Bir neçə gün əvvəl də mətbuata açıqlamamda qeyd etmişdim ki, əmək bazarında artıq yalnız ixtisas bilikləri deyil, eyni zamanda yumşaq bacarıqların (soft skills) da böyük və həlledici rolu var. Mən yenə də bu fikrimdə qalıram və düşünürəm ki, karyera üstünlüyü əldə etmək üçün məhz yumşaq bacarıqlar tələbələrə universitet dövründə aşılanmalıdır.
İdarəetmə dərsləri tələbələrə bir sıra vacib bacarıqlar qazandırır. Bunlara strateji düşünmə, vaxtın idarə olunması, komanda ilə işləmək bacarığı, kommunikasiya qabiliyyəti və liderlik keyfiyyətləri daxildir. Bu bacarıqlar ixtisasından asılı olmayaraq hər bir mütəxəssis üçün gələcəkdə rəhbər vəzifə tutmaq, öz biznesini qurmaq və ya sahibkarlıq fəaliyyətini inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə tələbələrə bilik və bacarıqların qazandırılması onların karyera imkanlarını genişləndirir və əlavə üstünlük yaradır”.
İ.Orucov bildirib ki, fənnin proqramı əsasən universal xarakter daşımalıdır:
“Bununla yanaşı, müəyyən uyğunlaşdırmalar da edilə bilər. Məsələn, mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün proqramda layihə idarəçiliyi (project management) modulları yer ala bilər. İncəsənət ixtisasları üzrə təhsil alanlar üçün art-menecment istiqamətində xüsusi modullar daxil edilə bilər. Tibb fakültələrində isə səhiyyə menecmenti üzrə dərslər tədris oluna bilər. Yəni proqram müxtəlif ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla uyğunlaşdırıla bilər.
Kadr məsələsinə gəldikdə isə müəyyən boşluqların olması mümkündür. Universitetlərdə bu fənnin tədrisi üçün kadrların tam hazır olub-olmaması sual doğura bilər. Düşünürəm ki, bu istiqamətdə bəzi çatışmazlıqlar ola bilər. Bu baxımdan yalnız nəzəri biliklərə deyil, eyni zamanda real praktiki təcrübəyə malik mütəxəssislərin də dərs prosesinə cəlb edilməsi həm mümkün, həm də vacibdir.
Eyni zamanda tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılmalı, yeni metodologiyalar tətbiq edilməli və müasir dərsliklər hazırlanmalıdır. Müasir dövrdə bu işlərin həyata keçirilməsi o qədər də çətin deyil. Əsas məsələ bu istiqamətdə istək və təşəbbüsün olmasıdır. Universitetlər tələbələrə vaxtında həm bilik, həm də liderlik və idarəetmə bacarıqları qazandırmalıdır.
Dərslər mümkün qədər praktiki və real iş nümunələri əsasında qurulmalıdır. Artıq təhsil sistemində ənənəvi dərs modelindən daha çox modern və interaktiv metodlara keçid vacibdir. Bunun üçün müəllim bazası da təkmilləşdirilməlidir. Universitetlər müəllimlərin ixtisasartırmasına, yeni yanaşmaların və metodların öyrənilməsinə xüsusi diqqət yetirməlidirlər. Kadrların peşəkarlığının artırılması universitetlərdə təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas şərtlərindən biridir”.