Heydər Əliyev adına liseyin 9-cu sinif şagirdləri Həbibə Lalayeva və Lamiyə Həsənli innovativ layihələri ilə “Sabahın alimləri” müsabiqəsinin qalibi olublar.
AzEdu.az-a açıqlama verən şagirdlərin sözlərinə görə, layihələri fiziki məhdudiyyətli, xüsusilə də əllərindən istifadə edə bilməyən insanlar üçün nəzərdə tutulub. Hazırladıqları sistem vasitəsilə istifadəçi kompüterdən yalnız gözlərinin köməyi ilə rahat şəkildə istifadə edə bilir:
“Layihəmizdə istifadəçi gözünü hara hərəkət etdirirsə, kursor da həmin istiqamətə yönəlir. Sadəcə göz qırpımı ilə klik etmək mümkündür”, - deyə Həbibə Lalayeva bildirib.
Qalib olduqları anı isə böyük həyəcanla xatırlayırlar:
“Birinci yer üzrə qaliblərin adı açıqlananda çox həyəcanlı idim, artıq kövrəlmişdim. Məktəbimizin adını eşidəndə isə sevincdən qışqırdım. Səhnəyə böyük qürur hissi ilə çıxdım. Çox xoşbəxt idim. Qalib olmaq həm çox gözəl, həm də həyəcanlı hissdir. Üçüncü yerə layiq görülmək məni çox sevindirdi. Açığı, ilk üçlükdə yer alacağımı gözləyirdim və nəticə məni həqiqətən xoşbəxt etdi".
Heydər Əliyev adına liseyin şagirdi Lamiyə Həsənli isə əldə etdiyi uğurla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:
“Üçüncü yeri qazanmaq mənim üçün həqiqətən sürpriz oldu. Hətta yer tutmağım belə gözlənilməz idi. Buna görə çox sevindim. Bu mükafat həyatımda ən yadda qalan mükafatlardan biri olacaq. Çox xoşbəxtəm ki, yer tutmuşam. Çalışdıqlarımın boşuna getmədiyini görmək mənə böyük sevinc yaşatdı".