Azedu.az

Məktəb universitetə hazırlayan müəssisədir, yoxsa şəxsiyyət formalaşdıran?

Xəbərlər

25 Fevral 2026, 14:55
Məktəb universitetə hazırlayan müəssisədir, yoxsa şəxsiyyət formalaşdıran?

Bir çoxları hesab edir ki, məktəbin əsas vəzifəsi şagirdi ali təhsil müəssisəsinə hazırlamaqdır. Digərləri isə düşünür ki, məktəb bu gün şagirdi ali təhsil müəssisəsinə belə lazımi səviyyədə hazırlaya bilmir. Əgər hazırlaya bilsəydi, repetitorluğa bu qədər ehtiyac qalmazdı. Bəs həqiqətənmi məktəbin missiyası yalnız bundan ibarətdir?

Biz bu mövzuda məktəbləri günahkar hesab etməliyik, yoxsa yeni nəsilin özü günahkardır? Ümumiyyətlə, məktəbin başlıca vəzifəsi və ideyası nədir?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, ingilis dili müəllimi Günay Əkbərova danışıb.

O qeyd edib ki, məktəbin işi seçim imkanlarını genişləndirməkdir, yolu məcburi şəkildə yalnız bir istiqamətə yönəltmək yox:

“Məncə, məktəbi yalnız universitetə aparan yol kimi görmək bir qədər dar yanaşmadır. Bəli, məktəb şagirdi ali təhsilə hazırlaya bilər və hazırlamalıdır da, amma onun missiyası bununla məhdudlaşmır. Dünya təcrübəsinə baxanda görürük ki, inkişaf etmiş təhsil sistemlərində məktəbin əsas məqsədi sadəcə imtahandan yüksək bal toplayan abituriyent yetişdirmək deyil, düşünə bilən, qərar verə bilən və həyatda öz yolunu tapa bilən insan formalaşdırmaqdır.

Məsələn, Finlandiya, Kanada və ya Sinqapur kimi ölkələrdə məktəb yalnız universitet istiqamətinə fokuslanmır. Orada şagirdlərə tənqidi düşünmə, əməkdaşlıq, problem həll etmə, ünsiyyət və müxtəlif həyat bacarıqları öyrədilir. Çünki hər şagirdin yolu universitetdən keçmir: kimisi peşə seçir, kimisi sahibkar olur, kimisi isə fərqli istiqamətdə uğur qazanır. Məktəbin işi seçim imkanını genişləşdirməkdir, yolu məcburi şəkildə bir istiqamətə yönəltmək yox.

Repetitor məsələsinə gəldikdə isə bunu yalnız məktəbin problemi kimi qiymətləndirmək tam doğru olmaz. İmtahan sistemi rəqabətli olduqda valideyn və şagird əlavə dəstək axtarır - bu hal bir çox ölkələrdə mövcuddur. Amma eyni zamanda məktəbdə öyrənilən baza bilikləri olmasa, heç bir repetitor uzunmüddətli nəticə verə bilməz. Yəni məktəb yenə də əsas sütundur”.

Onun sözlərinə görə, yeni nəslə günah yükləmək də düzgün yanaşma deyil:

“Bugünkü şagirdlər əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya yükü, daha çox seçim və diqqəti yayındıran faktorlarla üz-üzədirlər. Onların ehtiyacı tənqid yox, düzgün istiqamət və motivasiyadır.

Məncə, məktəbin başlıca ideyası budur: şagirdi yalnız imtahana deyil, həyata hazırlamaq. Universitet bu yolun yalnız bir mərhələsidir.

Hazırda imtahana hazırlaşan abituriyentlərə də bir söz demək istəyirəm: qarşıdakı imtahan sizin dəyərinizi müəyyən edən son hökm deyil. Bu, sadəcə həyat yolunda bir mərhələdir. Əziyyətiniz hədər getmir, amma unutmayın ki, uğur yalnız baldan ibarət deyil. Səbir, davamlılıq və özünüzə inam çox vaxt nəticədən də güclü olur. Bəzən insanı irəli aparan məhz imtahana hazırlaşdığı o zəhmət dövrü olur.

Bir sözlə, məktəb qapıdır, amma həyatın yolu o qapıdan sonra başlayır".

Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!
Son xəbərlərDaha çox