Azedu.az

"Bir müəllim bir icmanın taleyini dəyişə bilər" - Kənd məktəbinin müəllimi

Xəbərlər

23 Fevral 2026, 15:04
"Bir müəllim bir icmanın taleyini dəyişə bilər" - Kənd məktəbinin müəllimi

Qəbələnin Aydınqışlaq kəndi adətən sadə bir kənd təsiri bağışlayır: dumanlı səhərləri, dağlara söykənmiş evləri, həyətlərdə oynaşan uşaqların səsi… Lakin kəndin mərkəzində yerləşən tam orta məktəbə daxil olanda hiss edirsən ki, burada daha böyük bir həyat — ucqar bir kəndin gələcəyini dəyişməyə çalışan müəllimlərin səsi, addımları və şagirdlərin yüksəlişi var.

Bakıda başlayan yol, Qəbələdə məsuliyyətə çevrilən həyat

Bakıda doğulan, Slavyan Universitetinin tərcümə fakültəsini bitirən Rəna Məhəmmədəlizadə üçün müəllimlik nə zaman həyat missiyasına çevrildi? O, bunu təbəssümlə belə anladır: “Mən müəllimliyə gəlməyi planlaşdırmırdım… Amma həyat insanı bəzən öz doğru yoluna aparır. Qəbələyə köçəndən sonra gördüm ki, burda uşaqlar üçün mənəvi boşluq var və mən bu boşluğu doldura bilərəm”.

2016-cı ildə ailə quraraq Qəbələyə köçən Rəna müəllim üçün bu addım taleyinin dönüş nöqtəsi oldu. Çünki elə burada, Aydınqışlaq kəndində müəllimlik fəaliyyətinə başladı.

Aydınqışlaq kənd məktəbində başlayan hekayə 

2021-ci ildə kənd məktəbində tərbiyəçi müəllim kimi fəaliyyətə başlayan Rəna müəllim məktəbə daxil olan ilk gününü belə xatırlayır: “Uşaqların baxışlarında həm sevinc, həm də tərəddüd vardı. Mənə yaxınlaşıb soruşurdular: “Müəllimə, biz bu gün nə oynayacağıq?’”. Oan başa düşdüm ki, bu uşaqlar üçün oyun sadəcə əyləncə deyil, dünya ilə tanışlıq vasitəsidir”.

Onun tədris metodlarında rollu oyunlar, təxəyyül tapşırıqları, qrup dinamika məşğələləri mühüm yer tutur. Çünki yaxşı bilir ki, məktəbəqədər yaşda şagirdin düşüncə mexanizmi məhz oyun vasitəsilə aktivləşir. Uşaqlar dairə şəklində oturub “Ətraf mühitin qəhrəmanları” adlı rollu oyuna başlayırlar. Kimsə ağac olur, kimsə quş, bəzisi külək… Rəna müəllim sakitcə uşaqlarla yanaşı oturub onların yaratdığı dünyaya nəvazişlə rəhbərlik edir.

Rəna müəllim qeyd edir ki, “Uşaq özünü ifadə etməyi öyrənəndə gələcəkdə cəmiyyətə inteqrasiya bacarığı daha güclü olur. İcma əsaslı təhsilin mahiyyəti də budur, uşağın təhsilinə ailəni, müəllimi və bütün icmanı cəlb etmək”.

Rayon üzrə mentorluq – təhsilin keyfiyyətinin yüksəlişinə doğru

Rəna müəllimin pedaqoji fəaliyyətinə verilən ən böyük dəyər onun Qəbələ rayonunda icma əsaslı məktəbəqədər təhsil üzrə mentor seçilməsi oldu. Bu, sadəcə bir vəzifə deyil, etimad idi. O, icma əsaslı təhsilin mahiyyətini belə izah edir:
“Əgər müəllim ailəni prosesə cəlb etmirsə, təhsil yarımçıq qalır. Əgər uşaq icmada qəbul olunmursa, özünü ifadə edə bilmir. Biz tərbiyəçi müəllimlər uşağın dünyasını bütöv şəkildə qurmalıyıq”.

Autizmli uşaqlarla iş – empatiyanın ən ağır sınağı

2024-cü ildə dövlət bağçalarına inspektor təyin olunan Rəna müəllim autizmli uşaqlarla işləməyə başlayır. Bu, onun üçün həm çətin, həm də çox dəyərli proses olur. O deyir: “Autizmli uşaq səni anlamaq üçün sənin dünyana gəlmir. Sən onun dünyasına keçməlisən”.

Qrant layihə rəhbəri - müəllimlərin inkişafına yönələn proqram

2024-cü ildə qazandığı qrant layihəsi çərçivəsində müəllimlər üçün inkişaf proqramı hazırlayıb, mentorluq sistemi qurub, praktiki təlimlər keçib, ailə tipli icmalar üçün pedaqoji modellər yaradıb. O, bizimlə söhbəti zamanı bildirir ki, “Müəllim özünü inkişaf etdirmirsə, uşağın inkişafına nə verəcək? Mən müəllimə güc verəndə, o gələcək nəsli gücləndirir”.

Gənc tərbiyəçi müəllimlərin koordinatoru — birləşdirən, istiqamət verən, yol açan

Hazırda Rəna müəllim Qəbələdə gənc tərbiyəçi müəllimlər birliyinin koordinatorudur. Bu birlik gənc müəllimlər üçün bir güc mərkəzi, bir məktəb rolunu oynayır. Burada onlar yeni metodlarla tanış olur, bir-birindən öyrənir, həmrəy şəkildə inkişaf edirlər. Rəna müəllimə bütün gördüyü işlərin arxasında böyük fədakarlığın dayandığını gizlətmir: “Uzaq kəndlərə gedib-gəlmək, müxtəlif xarakterli uşaqlarla işləmək, müəllimlərə mentorluq etmək asan deyil. Amma hər dəfə uşaqların gülüşünü görəndə bütün çətinliklər əriyib gedir”.

Onun hekayəsi çətinliklərə rəğmən təhsil üçün çalışan yüzlərlə müəllimin səsini simvolizə edir: “Ucqar kənddə belə olsa, bir müəllim bir icmanın taleyini dəyişə bilər”.

Rəna müəllimin hekayəsi təkcə bir müəllimin həyat yolu deyil. Bu, müəllimlik missiyasının, şəxsi fədakarlığın, ucqar bölgələrdə təhsilə inamın, icma əsaslı təhsilin gücünün hekayəsidir. O, Qəbələnin Aydınqışlaq kəndində yalnız uşaqları deyil, ailələri, icmaları, tərbiyəçiləri, gənc müəllimləri də birləşdirən bir təhsil işığına bələdçilik edir.

Bu işıq böyüdükcə, kəndlərin, rayonların və bütövlükdə ölkənin təhsil xəritəsi də işıqlanır.

"Azərbaycan müəllimi"

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox