Azedu.az

Ləhcə, şivə və yazı mədəniyyəti - müəllimlər şagirdlərin çətinliklərindən DANIŞDI

Xəbərlər

21 Fevral 2026, 13:39
Ləhcə, şivə və yazı mədəniyyəti - müəllimlər şagirdlərin çətinliklərindən DANIŞDI

Ölkəmizdə 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün milli dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini bir daha vurğulamaq üçün xüsusi əhəmiyyət daşıyır.

AzEdu.az bu münasibətlə ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə həmsöhbət olub, onlara ana dilinin qorunması və tədrisi ilə bağlı suallar ünvanlayıb.

“İlin gənc müəllimi” müsabiqəsinin qalibi Təranə Nuriyeva müasir texnologiya və sosial şəbəkələrin uşaqların ana dili inkişafına təsirindən, həmçinin ibtidai sinif şagirdlərinin ana dilinə marağını qorumaq üçün gələcəkdə tətbiq olunacaq yeni üsullardan danışıb:

178043

“Müasir texnologiyaların həyatımızdakı yeri danılmazdır. Bu texnologiyaların mənfi tərəfləri olduğu kimi müsbət tərəfləri də çoxdur. İlk öncə onu demək istərdim ki, texnologiyasız bir həyatı artıq təsəvvür etmək çətindir. Övladlarımızı bu texnoloji vasitələrdən uzaq tutmaq yerinə, ondan düzgün və məqsədyönlü istifadəni öyrətməliyik. Söhbət danışıq və yazı bacarıqlarından gedirsə, niyə bizim uşaqlarımız məhz bu texnologiyadan istifadə edərək daha da inkişaf etməsinlər?

Məsələn, dərslərimdə StoryJumper platformasından istifadə edərək şagirdlərin öz rəqəmsal kitablarını yaratmasına şərait yaradıram. Bu proses zamanı şagirdlər həm hekayə qurur, həm yazır, həm də oxuyurlar ki, bu da onların ana dilində özünüifadə bacarıqlarını kompleks şəkildə inkişaf etdirir. Eyni zamanda, Microsoft tərəfindən təqdim olunan Immersive Reader aləti vasitəsilə şagirdlər mətnləri dinləyə, sözlərin düzgün tələffüzünü öyrənə və oxu bacarıqlarını fərdi tempdə inkişaf etdirə bilirlər. Bu kimi alətlər xüsusilə ibtidai siniflərdə ana dilinə marağın artırılmasında çox effektivdir.

Şagirdlərin danışıq və yazı bacarıqlarını inkişaf etdirmək üçün hekayə qurma, rollu oyunlar, yaradıcı yazı, təqdimat və rəqəmsal hekayələşdirmə kimi metodlardan istifadə edirəm. Hekayə, şeir və oyunlar uşaqların həm təxəyyülünü inkişaf etdirir, həm də ana dilinin zənginliyini hiss etmələrinə kömək edir. Onlar dili sadəcə öyrənmir, eyni zamanda yaşayır və sevirlər.

Gələcəkdə isə süni intellekt əsaslı oxu proqramları, podkast hazırlama, animasiya ilə hekayə qurma və rəqəmsal kitab layihələri kimi innovativ üsulların tətbiqi ana dili tədrisini daha da maraqlı və effektiv edəcəkdir. Məqsədimiz ana dilini uşaqlara sevdirmək, onu onların gündəlik həyatının təbii bir hissəsinə çevirməkdir".

Azərbaycan dili və ədəbiyyat müəllimi, "İlin gənc müəllim" müsabiqəsinin qalibi Əlihüseyn Yaqubov müasir dövr şagirdlərinin danışıq və yazı bacarıqlarından və şagirdlərin dil bacarıqlarını inkişaf etdirmək üçün istifadə etdiyi üsullardan bəhs edib:

178044

“Müasir dövrdə şagirdlərimizin oxu və yazı bacarıqları regionlara və mühitə görə dəyişir. Məsələn, iştirak etdiyimiz bəzi tədbirlərdə, xüsusilə şəhər məktəblərində oxuyan şagirdlərin bir qrupunun ana dilində danışmaqda çətinlik çəkdiyini müşahidə etmişik. Bu hal əsasən digər sektorlarda oxuyan şagirdlərə aiddir. Məsələn rusdilli və özəl orta məktəblərdə oxuyan şagirdlər bəzən ana dilində oxumaqda çətinlik çəkirlər. Amma ümumilikdə Azərbaycan orta məktəblərində apardığımız müşahidələr və sorğular əsasında deyə bilərik ki, uşaqlarımızın ana dilində danışıq qabiliyyəti ilə bağlı ciddi problem yoxdur.

Yazı bacarıqlarında, xüsusilə durğu işarələrindən istifadə ilə bağlı şagirdlərimiz bəzən çətinlik çəkirlər, hətta bu, bizim məktəbdə də müşahidə olunur. Ümumilikdə isə ciddi bir problem olduğunu düşünmürəm. Əvvəlki nəsillərlə müqayisədə müəyyən fərqlər mövcuddur, çünki müstəqillik qazanana qədər əlifbamız kiril qrafikasında idi. Hazırda isə Azərbaycanda latın qrafikasından istifadə olunur ki, bu da yazı bacarıqlarında müəyyən fərqlər yaradır. Oxu bacarıqları da nisbətən dəyişib. Ümumiyyətlə, uşaqlar artıq kitabdan daha çox elektron resurslardan və internetdən oxuma imkanına malikdirlər. Mənbələr və oxu imkanları daha genişdir. Düzdür, bu resursların mənfi tərəfləri də mövcuddur, amma istənilən halda, bu gün uşaqlar üçün seçim və imkanlar əvvəlkindən xeyli çoxdur.

Dərs prosesində, xüsusilə ana dilini yaxşı öyrənən şagirdlər digər fənləri, o cümlədən tarix və humanitar fənləri daha rahat mənimsəyirlər. Ana dilində oxu bacarıqları gücləndikcə, bu proseslərin inkişafına da təkan verir. Eyni zamanda, 4, 6, 9 və 11-ci siniflərdə ana dili üzrə keçirilən oxu və yazı bacarıqları imtahanları əvvəlki dövrlərlə müqayisədə daha aydın fərqlər ortaya qoyub.

Şagirdlərin dil bacarıqlarını inkişaf etdirmək üçün məktəbimizdə oxu müsabiqələri təşkil edirik. Hazırda davam edən müsabiqədə şagirdlər müxtəlif kitablar oxuyaraq həm hədiyyələr qazanır, həm də oxu bacarıqlarını inkişaf etdirərək ana dilinə münasibətlərini gücləndirirlər. Düşünürəm ki, bu kimi təşəbbüslərin digər məktəblərdə də tətbiqi önəmli olar və bir sıra məktəblərdə artıq həyata keçirilir.

Ümumilikdə, ana dilinin və Azərbaycan dilinin inkişafını bu gün aşağı səviyyədə qiymətləndirmək olmaz. Lakin dilimizin inkişafına təsir edən ən böyük amillərdən biri media mühitidir. Məsələn, bəzi televiziya verilişlərində vulgar, kobud və ailə-məişət mövzusundan kənar qeyri-etik ifadələr işlədilir. Təbii ki, buna hamısını aid edə bilmərik.

Bu cür hallar şagirdlərin dilə olan münasibətinə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, bu istiqamətdə Dilçilik İnstitutu, Mətbuat Şurası və digər müvafiq qurumlar ortaq qərar qəbul etməli və zəruri addımlar atmalıdırlar".

İbtidai sinif müəllimi və “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Gülağa Rəhmətov, region məktəblərində şagirdlərin əsasən yaşadıqları əraziyə xas ləhcə və şivə ilə danışdığını bildirib. O, ədəbi Azərbaycan dili üzərində iş aparılmasının necə həyata keçirildiyi, ləhcə xüsusiyyətlərinin aradan qaldırılması və ya ədəbi dilə uyğunlaşdırılması prosesində qarşılaşdığı çətinliklərdən də danışıb:

178045

"Regionumuzda şagirdlərlə ədəbi Azərbaycan dili üzərində iş sistemli və mərhələli şəkildə həyata keçirilir. İlk növbədə şagirdlərin mövcud dil səviyyəsi və nitq xüsusiyyətləri müşahidə olunur, onların danışıq mühitində həm Azərbaycan, həm də Talış dilinin təsiri nəzərə alınır. Məlumdur ki, dövlət dilimizdir və tədris prosesi bu dilin ədəbi normaları əsasında qurulur. Eyni zamanda, regionumuzda geniş istifadə olunduğu üçün uşaqların nitqində təbii şəkildə özünü göstərir. Ədəbi dil normalarının və qrammatikanın aşılanmasında müxtəlif metodlardan istifadə edirik.

Oxu və dinləmə mətnləri üzərində iş, düzgün tələffüz məşqləri, söz ehtiyatını zənginləşdirən tapşırıqlar, dialoq və müzakirələr əsas vasitələrdəndir. Şagirdlərə eyni anlayışın müxtəlif ləhcə və ədəbi dildə necə ifadə olunduğunu müqayisəli şəkildə göstəririk. Bu üsul onların fərqi daha aydın dərk etməsinə kömək edir. Yazılı çalışmalar, məsələn inşa, imla, mətn tərtibi qrammatik qaydaların möhkəmləndirilməsində mühüm rol oynayır. Ləhcə xüsusiyyətlərinin aradan qaldırılması prosesində əsas çətinlik şagirdlərin evdə formalaşmış dil vərdişləridir.

Uşaqlar bəzən hansı sözü hansı dildə işlətməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər, xüsusilə əşya adları və məişət ifadələrində tərəddüd edirlər. Bundan əlavə, bəzi valideynlər də ləhcə ilə danışmağa üstünlük verdikləri üçün məktəbdə öyrədilən ədəbi norma gündəlik praktikada kifayət qədər möhkəmlənmir. Bu prosesi məcburetmə yolu ilə deyil, maarifləndirmə və motivasiya vasitəsilə həyata keçirmək daha səmərəlidir. Şagirdlərə izah olunur ki, ləhcə və ya Talış dili onların mədəni zənginliyidir, lakin rəsmi və ictimai mühitdə ədəbi Azərbaycan dilində düzgün və səlis danışmaq onların gələcək təhsili və karyerası üçün vacibdir.

Beləliklə, məqsəd ləhcəni sıxışdırmaq deyil, şagirdlərdə situasiyaya uyğun düzgün dil seçimi bacarığını formalaşdırmaqdır. Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dili kimi möhkəmləndirilməsi məsələsinə xüsusi önəm verirdi. O, çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan dili xalqımızın milli sərvəti, mənəvi dəyəri və dövlətçiliyimizin əsas atributlarından biridir. Onun məşhur fikirlərindən biri belədir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir". Dahi əvəzolunmaz şəxsiyyət Heydər Əliyev ədəbi dil normalarının qorunmasını vacib hesab edir, eyni zamanda dialekt və şivələrin də xalqın zəngin mədəni irsinin bir hissəsi olduğunu bildirirdi. O qeyd edirdi ki, Azərbaycan dilinin müxtəlif bölgələrdə fərqli çalarlarla işlənməsi təbii haldır və bu, dilimizin zənginliyini göstərir. Lakin rəsmi mühitdə, dövlət idarəçiliyində, təhsil və kütləvi informasiya vasitələrində ədəbi dil normalarına əməl olunmasının zəruriliyini xüsusi vurğulayırdı.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması da məhz onun siyasi kursunun nəticəsi idi. Bundan əlavə, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması ədəbi dil normalarının qorunması istiqamətində mühüm addım oldu. Heydər Əliyevin mövqeyi ondan ibarət idi ki, dialekt və şivələr dilimizin zənginliyidir, lakin dövlət dili kimi Azərbaycan dilinin ədəbi forması qorunmalı, inkişaf etdirilməli və cəmiyyətin bütün rəsmi sahələrində düzgün tətbiq olunmalıdır. Dövlət dilimiz olan Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur".

Azərbaycan dili və ədəbiyyat müəllimi, "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Xəzri Muradov dərsliklərin dili və tərtibatından, eləcə də qız şagirdlərin Azərbaycan dilinə olan marağından danışıb:

178042

"Müşahidələrimiz də göstərir ki, şagirdlərin ən çox bal topladığı fənlərdən biri Azərbaycan dilidir. Bu, təsadüfi deyil. Ana dili insanın düşünmə tərzini formalaşdırır. Şagird digər fənləri də məhz dil vasitəsilə qavrayır. Oxuduğunu düzgün anlamaq, fikrini aydın ifadə etmək, məntiqi nəticə çıxarmaq və s. bütün bunların təməlində dil bacarığı dayanır. Ona görə də Azərbaycan dili üzrə yüksək nəticə göstərən şagirdlər ümumilikdə daha uğurlu olurlar.

Qız şagirdlərin bu sahədə və ümumilikdə universitetə qəbul göstəricilərində üstünlük təşkil etməsinə gəlincə, burada həm obyektiv, həm də subyektiv səbəblər var. Qızlarımız dərs prosesində daha diqqətli, məsuliyyətli və intizamlı olurlar. Dərsdən yayınma halları nisbətən azdır, tapşırıqlara daha sistemli yanaşırlar. Oğlan şagirdlər isə psixoloji olaraq daha tez yayınmağa meyilli ola bilirlər. Bu amillər son illərdə yüksək bal toplayan abituriyentlər arasında qızların çoxluq təşkil etməsini izah edən əsas səbəblərdəndir.

Ana dili məsələsinə xüsusi toxunmaq istərdim. Ana dili kimliyimizi müəyyənləşdirir. Hər bir şagird öz dilinin dərinliklərini bilməyə borcludur. Bir vətəndaş öz dilini bilmirsə və ona hörmət etmirsə, bu vətənin övladı olmağa mənəvi haqqı sual altına düşür. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, o, tarixdir, mədəniyyətdir, yaddaşdır, milli şüurdur.

Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".

Şagirdlərin ana dilinə marağını artırmaq üçün dərslərdə ənənəvi yanaşmalarla yanaşı, müasir metodlardan da istifadə edilməlidir. Sadəcə , qaydanı əzbərlətmək yox, Mətnlər işlətmək düşünməyi, müqayisə etməyi, nəticə çıxarmağı öyrətmək lazımdır. Debatlar, yaradıcı yazı tapşırıqları, mətn təhlili, real həyatdan nümunələr, texnologiyadan istifadə - bütün bunlar dili canlı və maraqlı edir. Şagird dilin qaydasını deyil, ruhunu hiss etməlidir.

Dərsliklərin dili və tərtibatına gəldikdə isə son illərdə müəyyən müsbət dəyişikliklər olsa da, hələ də təkmilləşməyə ehtiyac var. Bəzi mətnlər şagirdlərin yaş xüsusiyyətinə tam uyğun seçilmir, bəzi tapşırıqlar isə praktik dil bacarığını deyil, mexaniki yaddaşı yoxlayır. Müasir dərslik şagirdi düşündürməli, müzakirəyə cəlb etməli, onun söz ehtiyatını və ifadə imkanlarını genişləndirməlidir.

Sonda bir daha vurğulamaq istərdim: ana dili sadəcə fənn deyil, milli kimlik məsələsidir. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə düzgün şəkildə ötürmək hər birimizin borcudur".

İranla Rusiyadan ŞOK HƏMLƏ - Bakıya qarşı təxribat
Son xəbərlərDaha çox