https://www.zirve.edu.az/
09.01.2019 17:44
Şagirdlərini zəlzələdən xilas edib, özü az qala, məhv olan müəllim –Dəhşətli işgəncələrin qurbanı  

Ömər Faiq Nemanzadədən danışacağıq... Azərbaycan mətbuat və təhsil tarixinin ən zəhmətkeş simalarından biri olan  Ömər Faiq Nemanzadədən...

Təbii ki, bütün ömrünü maarif və mətbuata həsr edən, “Molla Nəsrəddin”in yaranmasında Mirzə Cəlildən heç də az rolu olmayan Ömər Faiq haqqında danışdıqca bitməz.

Amma AzEdu.az təhsil portalında  onun müəllim işlədiyi dönəmlərdə (XIX əsrin sonu – XX əsrin əvvəllərində) gördüyü və öz xatirələrində qeydə aldığı bəzi xurafat və nadanlıq nümunələrinə diqqət ediləcək. Bununla yanaşı, həyatında rastladığı iki faciəni də diqqətinizə çatdıracağıq:

Dosyelik cümlələr - Qeyd edək ki, Ahıska vilayətində anadan olan Ömər Faiq Nemanzadə elə lap uşaqlığından dini radikallığa, xurafata nifrəti ilə seçilib. Anadan olduğu Azqur kəndində mollaxana məktəbində  bir gün dərsdən qaçandan sonra daha ora geri dönməyib.

Dünyəvi dərslərin tədris edildiyi ümumi məktəb onun həyatında ilk və təkbaşına verdiyi əsas qərarı olub. Daha sonra isə anası atasından xəbərsiz onu ilahiyyatçı dayısı Osman əfəndi ilə birlikdə İstanbula dini “Fateh” məktəbinə göndərib. Amma artıq yetişmiş yeniyetmə olan Ömər Faiq anasının sözündən çıxıb ora məcburi getsə də, dini məktəbdə oxuya bilməyib. Böyük çətinliklə adını “Dar-üş-şəfəq” məktəbinə yazdırıb. Və bu məktəb Ömər Faiqi yetişdirib. Üsyançı ruh, maarifə meyillilik onda daha da inkişaf edib. Hətta bu səbəbdən müəyyən çətinliklər, bir aylıq həbs, gələcəkdə isə işdən qovulma kimi sərt cəzalarla üzləşib.


Nəhayət orada qalmayıb doğma vətənə geri qayıdıb. Əvvəlcə Axalsix, sonra Şəki və ən sonda Şamaxıda müəllim işləyib. Öz xatirələrində bu illəri əsasən xurafat, nadanlıqla döyüş illəri kimi xatırlayır və müəllim olduğu hər bir məktəbdə daha çox dini deyil, dünyəvi dəsrlərin tədrisinə nail olur.

O zaman xurafat özünün ən pik nöqtəsində idi... Təsəvvür edin ki, Mirzə Cəlilin bədii obraz kimi yaratdığı Şeyx Nəsrullah obrazı o zaman az qala, bütün bölgələrimizdə var idi. Özü də bir yox, bir neçə yox, yüzlərlə... Ömər Faiq əfəndi öz xatirələrində faciəvi xurafatın dəhşətlərini bu cür ifadə edir:

“Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, Qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə, yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl yeyəcəyi, mal-qarası sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarını dolandırırdı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə təkcə avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər.

Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fakir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin və xüsusilə də şeyxlərin əyləncə və iş malları idi…

Ömər Faiq əfəndinin böyük acı ilə yazdığı bu cümlələr onun həyatı üçün də çox təhlükəli olub. Özünün də yazdığı kimi, ictimai yerdə söhbət edərkən bu dini rəhbərlərdən biri qəflətən həmin yerə gəlir. Camaat həmən ayağı durur, onun qarşısında baş əyir və əlini öpürlər. Gənc müəllim Ömər Faiq isə sadəcə onunla əl sıxaraq görüşür. Təkcə bu hal bəs edirdi ki, insanlar ona böyük rişxəndlə, hansısa bağışlanmaz bir günahın sahibi kimi baxsınlar.

Ömər Faiqin həyatından iki dəhşətli epizod

Bunlardan birincisi İstanbulun “Dar-üş şəfəq” məktəbində oxuyan zaman tələbə dostları ilə birgə üsul-idarəyə qarşı qaldırdığı qiyam olub. Belə ki, başqa tələbələrlə birgə onu da həbs edib şallaqlayırlar. 30 şallaqdan sonra huşunu itirən Öməri sonra elə o məktəbin həyətində zirzəmilərdə hazırlanmış təkadamlıq kameraya salırlar. Həmin kameranın yalnız yuxarısında çox kiçik bir nəfəslik olub ki, ordan da gündə bir dəfə para çörək və su verirlərmiş. O illəri Nemanzadə bu cür xatırlayır:

“ O zaman mənim payıma 30 zopa ilə, bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra isə düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.
Bu həbsxanaya döşək nədir, adicə həsir belə qoymazdılar. Buradakılar çörək nədir bilməz, adicə quru çörəyə belə, həsrət çəkərdilər. İşıq deyilən şey görünməzdi. Gecə ilə gündüz bilinməzdi. Bir aydan sonra oradan çıxdım. Zəiflikdən gəzə bilmirdim. 2 aya qədər xəstəxanada yatdım.
İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq olmurdu. Çoxunun vücudu ərimiş, qurumuşdu”.

İkinci faciəvi səhnə isə 1902-ci ildə baş verən Şamaxı zəlzələsi ilə bağlıdır. O zaman Şamaxıda müəllim işləyən Ömər Faiq elə dərs deyən zaman zəlzələ baş verir. O, tikililərin altında axşama qədər huşsuz vəziyyətdə qalır. Axşam uşaqlarını aparmağa gələn valideyinlər yalnız saçlarından qalıqların altında adam olduğunu görüb onu dartıb çıxarırlar. O zaman Ömər Faiq dəhşətli susuzluq və ağrı içində olubmuş. Hətta başındakı qanını barmaqlarına vurub dodaqlarına çəkirmiş.

O zaman gələcəyin Cumhuriyyət rəsmisi olacaq bacısı oğlu Əhməd Pepinov və anası da onun himayəsində idi. Şamaxıdakı zəlzələdən sonra ailəsini və bacısının ailəsini (Əhməd Pepinovun anasını) götürüb dolanmaq üçün Tiflisə gedir. Məhz ondan sonra Ömər Faiqin Ömər Faiq Nemanzadə illəri başlayır.