Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 18:00:42
Rektor görüləcək işlərdən danışdı

Naxçıvan Dövlət Universitetdən AzEdu.az-a verilən məlumata görə ali təhsil ocağında keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələr və 2018-ci ildə görülmüş işlərlə bağlı çıxış edib.

Qeyd olunub ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da  möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən ildə də davam etdirilib. Universitetin Tibb fakültəsinin korpusunda təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Rektor tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyalarının qurulması, yaxud mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində təlimin keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.

Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki,  ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+NİZAMİ VƏ ERASMUS+PETRA, Key Action layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir.

Qeyd edilib ki, universitetdə hal-hazırda 12 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 60 ixtisas üzrə 5351 tələbə, magistratura üzrə 81 ixtisaslaşma üzrə 326 magistrant və doktorantura səviyyəsi üzrə 150 doktorant təhsil alır. Ötən ildə universitetin bakalavr səviyyəsinin əyani şöbə üzrə 791, qiyabi şöbə üzrə isə 342 nəfər, magistraturanı isə 100 nəfər başa vurub. 2018-ci ildə bakalavr pilləsinə 1049 nəfər, magistraturaya isə 157 nəfər qəbul olunub.

Qeyd edilib ki, müxtəlif elm sahələri üzrə 23 nəfər elmlər doktoru alimlik dərəcəsi, 128 nəfər, o cümlədən 2 əcnəbi dissertant fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində tədqiqat işləri aparıb. Universitet müəllimlərinin 15 monoqrafiyası, 7 dərsliyi, 27 dərs vəsaiti, 53 metodik vəsait və proqramı, 558 elmi məqaləsi və 29 tezisi çap olunub. 76 elmi məqalə, 10 tezis xaricdə dərc olunub ki, bu məqalələrdən 10-u impakt faktorlu jurnalların payına düşür. Hesabat dövrü ərzində 9 nəfər fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktoruluğu üzrə dissertasiya müdafiə edib.

Vurğulanıb ki, universitetin 36 nəfər müəllimi Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq, 51 nəfəri isə respublika və universitet miqyaslı elmi konfranslarda məruzələr edib. Universitetin özündə isə 4 beynəlxalq, 4 respublika və 13 universitet səviyyəli konfranslar keçirilib.

Vurğulanıb ki, müxtəlif vaxtlarda Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbər və təmsilçilərinin muxtar respublikaya səfərləri təşkil edilib və bu səfər çərçivəsində ali təhsil ocağında olan qonaqlar təmsil etdikləri universitetlər ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində müzakirələr ediblər. Bildirilib ki, hazırda universitetdə 486 xarici tələbə təhsil alır. Tələbələrdən 254 nəfəri hazırlıq kursunun dinləyicisi, 220 bakalavr, 10 magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir. Əcnəbi tələbələr Türkiyə, İran, Nigeriya, Qana və Gürcüstandandır.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri qeyd edən rektor  ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyi vurğulanıb.