Azedu.az

Təhsildə suallar dəyişir - “nə öyrəndi?” yox, “nə bacarır?”

Xəbərlər

16 Yanvar 2026, 16:23
Təhsildə suallar dəyişir - “nə öyrəndi?” yox, “nə bacarır?”

2026-cı il təhsil sahəsində transformasiya ili kimi dəyərləndirilir. Həm Azərbaycanda, həm də dünyada təhsilin mahiyyətinə təsir edən əsas dəyişikliklərin davam etdiyi, yeni yanaşma və tendensiyaların formalaşdığı bir mərhələyə daxil olunur. Bu proses təkcə dərs proqramlarının yenilənməsi ilə məhdudlaşmır; texnologiya, bacarıqların inkişafı, maliyyələşdirmə mexanizmləri və təhsil strategiyaları da yeni məzmun qazanır.

Bu baxımdan, 2026-cı ildə təhsildə əsas prioritet istiqamətlərin nələrdən ibarət olacağı maraq doğurur. Rəqəmsal texnologiyalar təhsilin keyfiyyətinə necə təsir göstərəcək? Şagird və tələbələrin gələcək peşə bacarıqlarına hazırlığı hansı mexanizmlərlə təmin olunacaq?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova bildirib ki, 2026-cı il artıq təhsildə “islahat” anlayışının texniki mənada istifadə olunduğu dövr deyil:

176126

“Bu il daha çox təhsilin mahiyyətinin yenidən düşünülməsi ilə səciyyələnir. Dünyada baş verən sürətli texnoloji dəyişikliklər, süni intellektin geniş yayılması, əmək bazarının transformasiyası və sosial çağırışlar təhsili təkcə bilik ötürən sistem kimi deyil, insanı gələcəyə hazırlayan kompleks bir ekosistem kimi formalaşdırmağı tələb edir. Bu proses Azərbaycandan da yan keçmir. Əksinə, qlobal tendensiyalarla uzlaşma və beynəlxalq təcrübədən məqsədyönlü istifadə 2026-cı ildə təhsil siyasətinin əsas istiqamətlərindən birinə çevrilir.

2026-cı ildə təhsildə əsas sual artıq “neçə mövzu keçdik?” deyil, “şagird bu biliklə nə edə bilir?” olacaq. UNESCO, OECD və Dünya İqtisadi Forumunun tövsiyələri göstərir ki, gələcəyin təhsili bilik və bacarıq balansı üzərində qurulmalıdır. Bu baxımdan prioritet istiqamətlər bacarıq yönümlü kurikulumun formalaşdırılması, tənqidi düşünmə, problem həlli, kommunikasiya və adaptasiya bacarıqlarının inkişafı, texnologiyadan pedaqoji baxımdan əsaslandırılmış istifadə, inklüziv və təhlükəsiz təhsil mühitinin təmin olunması, eləcə də məktəb və universitet təhsilinin əmək bazarı ilə real əlaqəsinin qurulmasıdır. UNESCO-nun “Education 2030” çərçivəsi və Dayanıqlı İnkişaf Məqsədi 4 açıq şəkildə vurğulayır ki, keyfiyyətli təhsil yalnız akademik nəticə deyil, həyata hazır fərd deməkdir”.

2026-cı ildə rəqəmsal texnologiyalar təhsilin ayrılmaz hissəsinə çevriləcək:

“Lakin əsas məsələ onların mövcudluğu deyil, necə və hansı məqsədlə istifadə olunmasıdır. Eyni sinifdə oxuyan şagirdlərin öyrənmə tempinin fərqli olması ənənəvi dərs modelində müəllimi çətin seçim qarşısında qoyur. Rəqəmsal alətlər isə fərdiləşdirilmiş öyrənməyə imkan yaradır: bir şagird üçün əlavə izah və məşqlər, digəri üçün isə daha mürəkkəb tapşırıqlar təqdim etmək mümkün olur. OECD-nin araşdırmaları göstərir ki, ənənəvi və onlayn təhsilin birləşdirildiyi blended learning modelləri tətbiq olunan məktəblərdə şagirdlərin motivasiyası və dərsə davamiyyəti artır. Bununla yanaşı, beynəlxalq sənədlərdə xəbərdarlıq edilir ki, rəqəmsal bərabərsizlik, diqqət dağınıqlığı və məlumat təhlükəsizliyi kimi risklər nəzərə alınmazsa, texnologiya təhsilin keyfiyyətini həm artıra, həm də azalda bilər.

2026-cı ildə gənclər üçün əsas risklərdən biri “təhsilli, amma hazırlıqsız” olmaqdır. Yəni formal diplomun mövcudluğu real bacarıqların olmasını avtomatik şəkildə təmin etmir. OECD və Avropa İttifaqının tövsiyələrinə əsasən, bu boşluğun aradan qaldırılması üçün layihə əsaslı öyrənmə, staj və təcrübə proqramları, mikro-kvalifikasiyalar və portfel əsaslı qiymətləndirmə mexanizmləri genişləndirilməlidir. Tələbə yalnız imtahan nəticələrinə görə deyil, real problemlərin həlli üzərində işlədiyi layihələr vasitəsilə qiymətləndirildikdə, onun əmək bazarına inteqrasiyası daha asan olur. Bu yanaşma artıq bir çox Avropa ölkəsində standart praktikaya çevrilib”.

Süni intellekt 2026-cı ildə təhsildə ən çox müzakirə olunan mövzulardan biri olacaq:

“Burada əsas məsələ texnologiyanın özü deyil, ona yanaşma tərzidir. Müəllimlər süni intellektdən dərs planlaşdırılması, fərqli səviyyələr üçün tapşırıqların hazırlanması və geribildirim mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə istifadə edə bilərlər. Şagirdlər isə mövzuları daha dərindən anlamaq və məşq etmək üçün əlavə imkanlar əldə edirlər. Lakin UNESCO-nun generativ süni intellekt üzrə tövsiyələrində vurğulanır ki, etik çərçivə olmadan süni intellekt təhsildə ciddi risklər yarada bilər. Akademik dürüstlük, müəlliflik hüquqları, şəxsi məlumatların qorunması və yaşa uyğun istifadə qaydaları 2026-cı ilin əsas gündəm mövzularındandır.

Bu baxımdan Azərbaycanda 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasının qəbul edilməsi süni intellektə yalnız texnoloji yenilik kimi deyil, insan kapitalının inkişafı və məsuliyyətli istifadə mədəniyyətinin formalaşdırılması prizmasından yanaşıldığını göstərir.

Heç bir texnologiya müəllimi əvəz etmir. Əksinə, müəllim təhsil transformasiyasının əsas daşıyıcısıdır. OECD-nin Teaching Framework sənədlərinə əsasən, effektiv müəllim inkişafı davamlı, praktik və əməkdaşlığa əsaslanan proses olmalıdır. Qısa modul təlimlər, mentorluq, məktəbdaxili metodik icmalar və həmkarlararası öyrənmə mexanizmləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə müəllimdən təkcə dərs demək deyil, eyni zamanda öyrənmə prosesini dizayn etmək, rəqəmsal və süni intellekt alətlərini məsuliyyətlə inteqrasiya etmək də gözlənilir.

Təhsildə innovasiya təsadüfi xarakter daşımamalıdır. Beynəlxalq təcrübə göstərir ki, ən uğurlu yanaşma pilot layihələrin tətbiqi, onların qiymətləndirilməsi və uğurlu nəticələrin miqyaslandırılması prinsipinə əsaslanır. Məktəblər üçün kiçik innovasiya qrantları, yerli EdTech təşəbbüslərinin təşviqi və dövlət–özəl–akademiya tərəfdaşlığı bu prosesdə mühüm rol oynayır. UNESCO və Avropa Komissiyası da innovasiyanın yalnız maliyyə deyil, eyni zamanda tənzimləyici və metodik dəstək tələb etdiyini vurğulayır.

2026-cı ildə beynəlxalq təhsil standartlarına uyğunlaşma qaçılmazdır. Lakin əsas məsələ bu standartları mexaniki şəkildə köçürmək deyil, onları yerli reallıqlara uyğunlaşdırmaqdır. UNESCO, OECD və digər beynəlxalq qurumların tövsiyələri ölkələr üçün istiqamətverici rol oynasa da, bu prinsiplər dil, mədəniyyət və sosial ehtiyaclar nəzərə alınmadan tətbiq edilərsə, real dəyişiklik yaratmaq əvəzinə formal xarakter daşıya bilər.

Nəticə etibarilə, 2026-cı il təhsildə texnologiyanın, süni intellektin və beynəlxalq standartların ili olmaqla yanaşı, insanı mərkəzə alan yanaşmanın da ili olacaq. Əgər təhsil sistemi gənci dəyişən dünyada düşünə, öyrənə və uyğunlaşa bilən fərd kimi yetişdirə bilirsə, bu transformasiya öz məqsədinə çatmış sayılacaq".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox