Bu il Tarix, Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət fənləri üzrə müəllimlər ilk dəfə sertifikasiyaya cəlb olunacaqlar. Qeyd edək ki, tarix istisna olmaqla, bu fənnlər əsasən praktik xarakter daşıyır. Ancaq imtahan elektron formada keçiriləcək və praktik yox, nəzəri bilikləri ölçəcək.
Bəs, praktiki fənlər ilə digər fənlər niyə eyni formada imtahan verilməlidir? Burada hər hansı bir dəyişiklik edilməlidirmi?
AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov danışıb.
Müsahibimiz qeyd edib ki, praktik fənlərin yalnız nəzəri testlərlə qiymətləndirilməsi ilə bağlı səsləndirilən fikirlərdə kifayət qədər həqiqət payı var:
"Hazırkı format minimum tələblərin yoxlanılmasını məqsəd daşıyır. Lakin, gələcəkdə bu fənlər üzrə peşəkarlığın daha dolğun ölçülməsi üçün imtahan modelinin təkmilləşdirilməsi və qeyd etdiyiniz kimi, praktiki komponentlərin əlavə edilməsi mümkündür. Ümumilikdə, təhsil mütəxəssisləri də bu istiqamətdə dəyişikliklərin edilməsini zəruri hesab edirlər. Mən də düşünürəm ki, bu fikirdə həqiqət var və məhz musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya müəllimlərinin ilk dəfə sertifikasiya prosesinə cəlb olunması təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olan əsas məqamlarda bundan ibarətdir.
Çünki praktik fənlərin yalnız nəzəri testlərlə qiymətləndirilməsi ilə bağlı səsləndirilən fikirlərdə kifayət qədər həqiqət payı var. Elm və Təhsil Nazirliyi sertifikasiyanı müəllimin fənn kurikulumu, metodika və fənn üzrə baza biliklərini yoxlayan vahid mexanizm kimi təqdim edir və burada baza bilikləri, şübhəsiz ki, çox önəmlidir. Hətta praktik fənlərdə belə ixtisas üzrə baza biliklərinin və tədris metodikasının bilinməsi müəllim üçün vacibdir. Elektron imtahan bu nəzəri fundamenti ölçmək üçün bu gün ən sürətli və şəffaf üsul kimi qiymətləndirilə bilər".
İ.Orucov sertifikasiyada sözügedən fənnlərlə bağlı yeni təklif verib:
"Müəllimlərin praktiki bacarıqlarının obyektiv və eyni meyarlarla qiymətləndirilməsi ilə bağlı təhsil mütəxəssislərinin irəli sürdüyü təkliflərin reallaşdırılması hazırkı mərhələdə mümkün olmur. Çünki bunun üçün böyük resurslara və zamana ehtiyac var. Buna görə də təhsil mütəxəssisləri gələcəkdə müəyyən dəyişikliklərin edilməsini haqlı olaraq zəruri hesab edirlər və mən də bu fikirlə razıyam. Hesab edirəm ki, bu dəyişikliklər mütləq şəkildə gələcəkdə tətbiq olunmalıdır.
Qeyd etmək lazımdır ki, bu yanaşma ilkin mərhələdə formalaşmış modeldir və Elm və Təhsil Nazirliyinin sertifikasiya zamanı əsas hədəfi müəllimlərin nəzəri biliklərinin qiymətləndirilməsidir. Amma növbəti illərdə bu proses mərhələli şəkildə həyata keçirilə bilər: məsələn, birinci mərhələdə nəzəri biliklər elektron testlər vasitəsilə yoxlanıla, ikinci mərhələdə isə praktiki bacarıqların nümayişi tələbi qoyula bilər. Təbii ki, bunun üçün zaman və resurs tələb olunur".
Sualların spesifikasının dəyişdirilməsi də mümkün və zəruridir:
"Test bankı hazırlanarkən sualların sırf informativ biliklərə deyil, dərsin praktik təşkili və situasiya tipli yanaşmalara əsaslanması qiymətləndirməni daha effektiv və əhatəli edə bilər. Bundan əlavə, müəllimin illər ərzində əldə etdiyi uğurların, şagird nailiyyətlərinin, praktiki bacarıqlarının portfoliolar və ya nümunə işlər vasitəsilə təqdim olunması da sertifikasiya nəticələrinə təsir göstərə bilər və hesab edirəm ki, bu mütləq nəzərə alınmalıdır.
Xüsusilə fiziki tərbiyə, musiqi, təsviri incəsənət, texnologiya kimi fənlər üzrə birbaşa praktik komponentin imtahana əlavə edilməsi imtahan modelinin təkmilləşdirilməsini zəruri edir. Çünki test imtahanında texniki və ya mexaniki səhvlər mümkün ola bilər. Halbuki müəllimin illər ərzində qazandığı praktiki bacarıqlar və nailiyyətlər dəyərləndirilsə, bu ümumi nəticəyə daha ədalətli təsir göstərə bilər. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə yanaşmaların tətbiqi təhsilin keyfiyyəti baxımından faydalı olacaq".