Zal nəzarətçisi qismində imtahanlarda iştirak edəcək şəxslər üçün təlimlər 13 yanvar tarixində başlanılır.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Təlimlərə ümumi təhsil müəssisələrində işləyən təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur.
2026-cı il yanvarın 30-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 4535 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.
Təlimlər:
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması- zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur.
Bunların yaddaşda möhkəmləndirilməsi məqsədi ilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Təlimlərdə həmçinin açıq tipli, o cümlədən yazılı cavablandırılması tələb olunan test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.
Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14416 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün sonra təlimlər keçirilməsi nəzərdə tutulur.
Təlimlərin qrafiki ilə buradan tanış ola bilərsiniz. Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.