https://www.zirve.edu.az/
07.01.2019 15:26
Məşhur kurikulum müəllimi summativ qiymətləndirmənin ən çətin tərəflərini sadaladı –“Ayrıca qurum olsun ki...”  
Çap et

“Dərslik müəlliflərinin əksəriyyəti orta məktəbdə işləmir, pedaqoq deyil. Onlar yalnız ixtisasçıdırlar. Elə şeylər yazırlar ki, onu biz 45 dəqiqə ərzində izah etməkdə çətinlik çəkirik. Dərsliyi yazan adam girib sinifdə dərs demiş, çətinliyi görmüş şəxs olmalıdır”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında kurikulum təlimçisi Gülər Hüseynova deyib. O, summativ qiymətləndirmə qaydalarına edilən dəyişikliklərlə bağlı danışarkən bildirib ki, böyük summativ qiymətləndirmələrin ləğvi çox yaxşı oldu:

“Müəllimlərin də işi asanlaşsaydı, yaxşı olardı”

 “Onsuz da uşaqların nəticələrini kiçik summativlər vasitəsilə bilirdik. Sadəcə, müəllimlərin də işi asanlaşsaydı, yaxşı olardı. Summativlər bəzi siniflərdə ləğv olunduğuna görə, formativ qiymətləndirməyə üstünlük veriləcək. Formativ qiymətləndirmənin tələblərinə görə isə müəllim şagirdlərə meyarlar verməlidir. Bu, müəllim üçün çətindir. Üstəlik şagird qiymət istəyir.  Qiymət olmayanda həvəsdən düşür. Məcbur qalıb, mimikanı əks etdirən işarələr, rəngli kağızlar və s. alır, müxtəlif vasitələri sınaqdan keçirirəm. Çünki uşaq meyarı başa düşmür.  Soruşur ki, müəllim, neçə aldım? “5” sözünü eşidəndə sevinir. Meyarlarla qiymətləndirmə onu motivasya etmir.

“Müəllim tək, uşaq sayı çox”

Elə buna görə də yeni qaydalar müəllimlərin işini müəyyən qədər çətinləşdirdi. Kurikulumda 15-20 şagird olmalıdır. Bizdə isə siniflərdə 30-40 şagird var. Uşaqların 50%-ni bu dərs, qalanlarını isə gələn dərs qiymətləndirməli oluram. Meyara görə o uzun cümlələri yazmaq müəllim üçün vaxt itkisidir. Xarici ölkələrdə bu sistem tətbiq olunsa da, sinifdə iki müəllim olur. Orada şagirdlərin sayı da bizdən azdır.  Bizdə isə müəllim tək, uşaq sayı çox... Hər deyilənə vaxt çatmır”.

Gənc müəllim qeyd edib ki, yenidən qiymət rejiminə keçirilməsinin tərəfdarıdır:

“Bu, ən azından, uşaq üçün yaxşıdır. Meyar valideynlərə yollamaq üçün kağızlara yazıla bilər. Amma uşağın gözü qiymət görmək istəyir. Bütün müəllimlər  o qiyməti qələmlə gizlincə qeyd edir və ya neçə aldığını 0uşağın özünə deyir. Üstəlik valideynlər də evə çatan kimi uşaqdan soruşurlar ki, neçə aldın?”

“Summativ suallarını hazırlayan ayrıca qurum olsun”

Gülər xanım summativ qiymətləndirmə üçün sualların hazırlanmasının başqa bir yolunu təklif edib:

“Çox istərdim ki, summativ suallarını hazırlayan ayrıca qurum olsun. Xarici ölkələrdə bunun üçün xüsusi ekspertlər var. Onlar sualları dərsliklərə əsasən hazırlayırlar. Amma bizdə müəllim sualları ya metodik vəsaitdən, ya da internetdən götürür. Heç biri peşəkar hazırlanmış suallar deyil. Yaxşı olardı ki, hər məktəbdən ekspertlər təyin olunsun. Bütün məktəblər eyni suallara əsasən qiymətləndirilsin”.

“Müəllimlər dərsdən sonra sinfin 80%-nə hazırlıq keçirlər”

O, dünya təcrübəsi ilə inteqrasiyanın tərəfdarı olsa da, bildirib ki, indiki proqram olduqca  çətindir:

“Bütün valideynlər övladını hazırlığa qoyurlar. Sinfimdə 28 şagird var. Onların heç də hamısı proqramı dərk edə bilmir. Öyrədirəm. Problem nə məndə, nə də uşaqda deyil.  Mən 28 şagirdə o cür ağır proqramı başa salmaqda çətinlik çəkirəm. Şagird də ən azı mənim qədər çətinlik çəkir. Valideyn özü isə öyrədə bilmir. Məcbur olub boğazından kəsib övladını hazırlığa qoyur. Kurikuluma qədər  bu qədər hazırlıq yox idi. İndi isə artıb. Müəllimlər dərsdən sonra sinfin 80%-nə hazırlıq keçirlər. Mən buna görə müəllimləri qınamıram. Onlar bu proqramı 45 dəqiqəyə çatdıra bilmirlər”.

“Dəyişiklik qəfil və köklü oldu”

Proqramın bu qədər ağır olmasının səbəbini isə müəlliflərdə görür:

“Dərslik müəlliflərinin əksəriyyəti orta məktəbdə işləmir, pedaqoq deyil. Onlar yalnız ixtisasçıdırlar. İndi diplomuna “Riyaziyyat” sözü yazılanı müəllim kimi qəbul etmirlər. Orada “Riyaziyyat müəllimi” yazılmalıdır. Çünki bu adam müəllim deyil, pedaqogika bilmir. Kitabı yazan adam bu işin üsullarından xəbərsizdir. Elə şeylər yazır ki, onu biz 45 dəqiqə ərzində izah etməkdə çətinlik çəkirik. 

Bilirsiz, dəyişiklik qəfil və köklü oldu. Bunu tədricən də edə bilərdilər. Beynəlxalq aləmdə tədris təfəkkürə, bizdə isə hafizəyə əsaslanır. Proqram birdən-birə çox çətinləşdi. Dərsliyi yazan adam girib sinifdə dərs demiş, çətinliyi görmüş adam olmalıdır”.

“İndiki dərsliklər onlar üçün xəyal kimidir”

Heç də bütün şagirdlər eyni səviyyəli deyillər. Yazılan tapşırıqlar sadədən mürəkkəbə doğru 4 səviyyədə yazılmalıdır. Amma elə deyil. Əksəriyyəti çətindir.  Hər orta məktəb lisey deyil ki, şagirdlər imtahanla qəbul olunsun, hər deyiləni havada tutsunlar. Sinifdə hətta inkluziv təhsil alan autizmli şagirdlər də var. İndiki dərsliklər onlar üçün xəyal kimidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları