https://www.zirve.edu.az/
07.01.2019 12:12
“Burada  6 ili yola verib, xaricə bel bağlamaqla savadlı həkim olmaq olmaz” - ATU tələbəsi ilə “Atüstü söhbət”  

AzEdu.az  Azərbaycanda  fəaliyyət  göstərən  müxtəlif  universitetlərin  tələbələri ilə  “Atüstü söhbət” rubrikasını davam etdirir:

Rubrikanın budəfəki qonağı Azərbaycan  Tibb  Universitetinin  Tibbi  Profilaktika  ixtisasının II kurs tələbəsi Rəşad Bəyişovdur.

Rəşad Bəyişovla “Atüstü söhbət”i  təqdim edirik:

“Əksər tələbə dərslərini təqaüd ala bilmək üçün oxuyur”

-Rəşad, Tibb  Universitetində  bir günlük  tələbə  həyatını  təsvir  edərdin...

-Dərslərin səhər  08:30  başlaması,  digər  universitetlərdən  fərqli olaraq  birnövbəli  sistem, tənəffüsün  30 dəqiqə, gündəlik dərslərin  isə  2-3-4  dərs olması, Tibb Universitetində bir günlük tələbə həyatını xarakterizə  edir.

-Həkim olmaq qərarında sənin, yoxsa ailənin payı daha çoxdur?

-Fikrimcə, təkcə ailənin istəyi ilə hər hansı peşəyə yiyələnmək  tam olaraq mümkün deyil. Ailə ilə yanaşı, abituriyentin də istəyi vacib  sayılmalıdır. Əgər bunlar bir-birini tamamlayarsa, məqsədə daha  böyük  uğurla çatmaq olar. Ailəmin yaratdığı şəraitdən düzgün istifadə edərək, istədiyim ixtisasa qəbul ola bilmişəm.

-Əksər tələbə ATU-da oxumağın çox çətin olduğu qənaətindədir, bəs sən?

-Bəli, demək olar ki, bu yanaşma doğrudur. ATU-ya daxil olmağın çətin olduğu kimi...  Amma hər çətinliyin altında mütləq bir asanlıq dayanır, sadəcə, onu aradan qaldırmaq lazımdır. Gələcəkdə sizin əlinizlə şəfa tapan, hər hansısa tibbi kitabdan öyrəndiyiniz kiçik bir məlumatla  səhhəti yaxşılaşan insanların olacağını düşünəndə bu çətinliyin  öhdəsindən gəlmək olar. Hər tibb tələbəsi bu cür düşünməlidir.

-Səncə, bir tələbəni ən çox nələr maraqlandırır?                       

-Düzünü desək, əksər tələbəni ilk olaraq maraqlandıran, təqaüddür. Sanki, tələbələr dərslərini təqaüdə görə oxuyurlar. Təqaüd üçün  yaxşı  qiymət  alanlar  savadlı olmaz, çünki, buna görə oxuduğunuz bilikləri ancaq müəyyən qədər yadda saxlamaq mümkündür. Təqaüd almaq üçün  yeni  fənləri oxumaq lazım gəldikdə, əvvəlkiləri  tamamilə  yaddan çıxarıb, növbəti fənləri oxuyurlar. Belə hal başqa universitetlərdə və əzbərçilik tələb edən ixtisaslarda effektli ola bilər. Amma tibb sahəsində bu mümkün deyil. Ona görə də təqaüdə görə oxumağın qarşısını alıb, savadlı kadr kimi yetişmək üçün oxumağı təmin edə biləcək qaydalar yaratmaq lazımdır.

Təklif: “Əsas fənlərə üstünlük verilərək, lazımsız  fənlərin saatları azaldılsın”

-Azərbaycan tələbəsinin əsas problemləri hansılardır?

- Ümumiyyətlə, daha çox təcrübə tələb edən sahələrdə  praktik  dərslər  çox keçirilməlidir. Bizdə isə nəzəriyyəyə çox fikir verilir. Digər tələbə problem isə ixtisasa aid olmayan fənlərin keçirilməsidir.  Bunların  əvəzinə, ixtisas fənlərinə daha  çox  vaxt  ayrılsa, daha səmərəli olar.

-Rəşad, sadəcə Azərbaycanda təhsil alaraq yaxşı həkim olmaq mümkündür?

-Savadlı  kadr  olmaq üçün məkanın çox  az rolu var. Yəni “Azərbaycanda yaxşı həkim yoxdur” deyənlər yanılırlar. Fikrimcə, bu, tamamilə yanlış fikirdir. Ölkədə tibb sahəsində ən son texnologiyaların demək olar, əksəriyyəti var. Eyni zamanda, dərsləri tədris edən savadlı professor heyəti də yetərincədir. Sadəcə, xaricdə təhsil alanların daha güclü həkim olması fikrindən qurtulub, düşdüyümüz məkanda ən mükəmməli əldə etmək lazımdır. Yoxsa, “burda təhsil zəifdir” deyib, 6 ili yola verərək, xaricə belə bağlamaqla savadlı həkim olmaq olmaz. Amma həkimliyin bəzi sahələrində xaricdə təhsili davam etdirmək gərəklidir. Məsələn, beyin, ürək cərrahı, oftolmoloq, genetika və s.

“Tibbi ali təhsildə nəzəriyyə  tədrisinin  azaldılıb, təcrübəyə üstünlük verilməsi inkişafa səbəb ola bilər”

-Səncə, tibbi ali təhsildə nələrin əsaslı dəyişməsinə ehtiyac var?

-Bəzi  ölkələri çıxmaq şərtilə demək olar ki, dünyada tibb sahəsində nəzəriyyəni ən geniş tədris edən universitetlərdən biri  ATU-dur. Fikrimcə, bu tam da yaxşı hal deyil. Çünki təcrübəsiz  nəzəriyyə  bilməyin çox faydası yoxdur.  Öncə nəzəriyyə azaldılıb, təcrübəyə daha çox üstünlük verilsə, yavaş-yavaş irəliləyişlər olacaq. Əvvəldə qeyd etdiyim kimi, təməl fənlərimizə daha çox üstünlük verilməli, lazımsız fənlərin saatları azaldılmalıdır. Dərslərin daha çox xəstəxanalarda keçirilməsinə üstünlük verilməlidir .

-Yeni qəbul olunan, amma hələ təsdiqlənməyən qanuna görə, kollec tələbələri ali məktəblərə imtahansız qəbul oluna biləcəklər. Tibb kollecinin tələbələrinin  ATU-ya imtahansız qəbul olunmasına münasibətin necədir?

-Ümumiyyətlə, ATU-ya Biologiya, Kimya kimi  əsas fənlərdən imtahan vermədən daxil olmaq  doğru hal deyil.  Orta təhsil alanlardan yaxşı tibb bacısı və yaxud yaxşı əczaçı olmaz fikirləri tamamilə yanaşdır. Elə orta təhsillilər  var ki, ali təhsilli həkimlərdən savadlıdırlar. ATU-ya imtahansız qəbul olmaları qərarı isə heç inandırıcı gəlmir. Əgər qəbul olunsalar belə, tibb sahəsinin dərslər onlara ağır gələ bilər. Təbii ki, bunun öhdəsindən gələ bilənlər də olacaq.

“Mühazirədə məcburiyyətlə oturmağın tələbəyə heç bir xeyri yoxdur”

-Universitetlərimiz dünya təcrübəsindən yararlanaraq hansı yenilikləri özlərində tətbiq edə bilərlər?

- İmkan olarsa, hər tələbənin universitetdə şəxsi kompüteri ola bilər. Mühazirə dərslərinin məcburiyyətlə deyil, istək əsasında olması da müsbət nəticə verər. Tələbələrin yarısına mühazirələr yorucu gəlir. Məcburiyyətlə mühazirədə oturmağın tələbəyə heç bir xeyri yoxdur. Eyni zamanda, tələbələrin qiymətləndirilməsində dəyişikliklər edilsə, çox yaxşı olardı .

-ATU-da ən çox bəyəndiyin müəllim hansıdır?

-Hər universitetdə tələbələr tərəfindən sevilən və sevilməyən müəllimlər var. Hansısa müəllim qiymət yazmaqda ədalətsizliyə yol verdiyi və ya özünü tələbələrdən üstün tutduğu üçün sevilməyə bilər. ATU-da sevdiyim müəllimlər daha çoxdur. Kimini savadına, kimini tələbələri dərsdən əlavə, fəlsəfi cəhətdən dünyaya yönləndirməsinə, kimini isə adi mimikasına görə sevə bilirəm. Müəllim dərsdə nə qədər uzunçuluğa yol verməsə, motivasiya qatsa, yorğunluğu götürən, qısa , dərsdənkənar əhvalat danışsa, tələbə tərəfindən bir o qədər sevilər.

-Savadlı həkim.....(cümləni tamamla)

- Savadlı həkim, öz həyatından daha çox xəstə insanları, onların sağlamlığını fikirləşməlidir.

“Cəmiyyətin həkimlərə münasibəti məni məyus edir”

-Cəmiyyətimizin həkimlərə münasibəti səni narahat edir?

-Bu münasibət məni narahat etmir, məyusluq hissi yaradır. Çünki, onların qeyd etdikləri, bütün həkimlərə aid deyil və bu da insaflı həkimlərimizə mənfi təsir göstərir. Məncə insanlar həkimlərin 6-11 illik əziyyətlərini düzgün qiymətləndirmirlər. Bu mənfi fikirlər də burdan irəli gəlir.

-Səncə, abituriyentin qəbul imtahanında topladığı bal onun savad göstəricisi hesab oluna bilər?

-Qətiyyən, xeyr!  Əgər abituriyent 500-dən yuxarı bal toplayıbsa, bu insan istədiyini əldə edə bilir, sadəcə, oxumayıb və 600-650 bal yığa bilməyib. Digər tərəfdən, savad təkcə 5 fənni bilib, testləri cavablandırmaq deyil. 400 bal toplayıb hər şeydən məlumatı olanların sayı kifayət qədərdir. Həmçinin, intellektual yarışlarda qalib olanlar arasında diplomsuz insanlar da var.

-Tibb Universitetinə hazırlaşan abituriyentlərə  nələri  tövsiyə  edərdin?

-Universitetə  qəbul olmaq üçün yox, savad əldə etmək üçün oxusunlar.  Unutmasınlar ki, onları qarşıda böyük çətinliklər  gözləyir.  Bu çətinliklərlə yanaşı, onları çox maraqlı, ən gözəl tələbəlik həyatı, ən əsası da xalqının qulluğunda durmaq  üçün  həkimlik  peşəsi gözləyir. Qrup fənlərini oxumaqdan əlavə,  bir xarici dil öyrənməyə çalışsınlar. Hər  abituriyentə, gələcəyin həkimlərinə uğurlar arzu edirəm.

-Rəşad, son olaraq tibb tələbəsinin özünəməxsus xüsusiyyətlərini say...

- Gecələrini gündüzə qatan, II-III kursa kimi qrupla şəkilləri olmayan, gün ərzində 2 dəfə yemək yeməyə güclə vaxt çatdıran, əlində dönər, o klinikadan, bu klinikaya qaçan, əksər eynəklilərə və o ağ xalatlılara tibb tələbəsi deyilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları