Azedu.az

Uşaqlar üçün riskli bayram yeməkləri: - Pediatrdan XƏBƏRDARLIQ

Xəbərlər

1 Yanvar 2026, 10:31
Uşaqlar üçün riskli bayram yeməkləri: - Pediatrdan XƏBƏRDARLIQ

Bayramlar ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu təntənəyə məhz yeməklər də daxildir. Ancaq, bayram günlərində elə bu səbəbdən zəhərlənmələr daha çox olur. Bu xüsusilə də uşaqlar arasında daha çox rast gəlinin bir vəziyyətdir. Çünki əsas səbəblərdən biri də bayram süfrələrinin ayrılmaz hissəsi olan salatların əksəriyyətinin mayonezlə hazırlanması və bəzi valideynlərin bu salatları bir neçə gün saxlayaraq istifadə etməsidir.

Maraqlıdır, salatlar hazırlandıqdan neçə müddət ərzində təhlükəsiz şəkildə yeyilə bilər? Ümumiyyətlə, hansı yeməklər uşaqlar üçün təhlükəlidir?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova danışıb. 

O, qeyd edib ki, bayram günlərində uşaqlarda qida zəhərlənmələrinin artmasının əsas səbəbi də məhz düzgün saxlanılmayan və yaşa uyğun olmayan qidaların qəbul edilməsidir:

 

"İlk növbədə valideynlərin nələrə diqqət etməli olduğunu qeyd edim. Bilməliyik ki, uşaqların həzm sistemi böyüklərlə müqayisədə daha həssasdır və tam yetkin olmur. Xüsusilə körpə və kiçik yaşlı uşaqlarda bu sistem yetkin deyil, bir qədər böyük uşaqlarda isə yenə də həssaslıq qalır.

Bu səbəbdən bayram süfrəsində olan hər bir yemək uşaqlar üçün uyğun hesab edilmir. Riskli qidalara mayonezli salatlar, kremli tortlar, şirniyyatlar, yaxşı bişməmiş ət və toyuq məhsulları, həddindən artıq duzlu və ədviyyatlı yeməklər aiddir. Açıq havada uzun müddət qalan yeməklər, hazır souslar, fast-food tipli məhsullar da ümumilikdə risk daşıyır. Bu cür qidalar bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır və uşaqlarda qusma, ishal, qarın ağrısı, bəzi hallarda isə hərarətlə müşayiət olunan qida zəhərlənmələrinə səbəb ola bilər. Bayram günlərində uşaqlarda qida zəhərlənmələrinin artmasının əsas səbəbi də məhz düzgün saxlanılmayan və yaşa uyğun olmayan qidaların qəbul edilməsidir.

Mayonezli salatlar xüsusilə böyük risk daşıyır. Çünki mayonez ümumiyyətlə yaxşı saxlanılan qida hesab olunmur və uşaqlara tövsiyə edilmir. Onun əvəzinə alternativ olaraq qatıq və ya xama kimi süd məhsullarından istifadə etmək olar, lakin mayonez ümumiyyətlə düzgün hesab edilmir. Salatlar hazırlandıqdan sonra maksimum 12–24 saat ərzində yeyilməlidir. Soyuducuda saxlanmalı və otaq temperaturunda 2 saatdan artıq qalmamalıdır. Əgər salat 2–3 gün saxlanılıbsa, onun uşağa verilməsi qətiyyən tövsiyə olunmur. Maksimum bir gün keçdikdən sonra, yalnız düzgün şəraitdə saxlanılıbsa istifadə edilə bilər.

Bəs uşağa nə vermək daha təhlükəsizdir?

"Bu sualın cavabı olaraq təzə hazırlanmış, sadə ev yeməklərini qeyd edə bilərik. Qaynadılmış və ya sobada bişirilmiş, yaxşı bişmiş ət və toyuq məhsulları daha uyğundur. Mayonezsiz, zeytun yağı və ya qatıqla hazırlanmış salatlardan istifadə oluna bilər. Təzə meyvələr verilə bilər. Ən vacibi, qidalanma uşağın yaşına uyğun olmalıdır. Məsələn, 7–8 aylıq uşağa mayonezli salat vermək qətiyyən tövsiyə edilmir. Uşaq adi günlərdə necə qidalanırsa, bayram günlərində də əsasən eyni qida rasionuna riayət edilməlidir. Porsiya və miqdar yaşına uyğun olmalıdır.

Valideynlərə tövsiyəmiz budur ki, bayram günlərində uşaqları təhlükəsiz və uyğun qidalanma prinsiplərinə əsasən qidalandırsınlar. Hər gözəl görünən yemək uşaq üçün faydalı demək deyil. Uşağı daha çox yedirtməyə çalışmaq əvəzinə, yeyə biləcəyi qədər yemək qoymaq və onun toxluq siqnallarını izləmək lazımdır. Uşaq doyduqdan sonra onu məcbur etmək və ya daha çox yeməyə təşviq etmək düzgün deyil".

 

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox