Azedu.az

Azərbaycan Universitetinin 2025-ci il üzrə elmi hesabat iclası keçirilib

Universitetlər

29 Dekabr 2025, 10:57
Azərbaycan Universitetinin 2025-ci il üzrə elmi hesabat iclası keçirilib

Azərbaycan Universitetində 2025-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda universitetdə elmi fəaliyyətin strateji inkişaf planına və müasir çağırışlara uyğun olaraq təşkil olunduğu diqqətə çatdırılıb, elmi-tədqiqat işləri üzrə əldə olunan nəticələr haqqında məlumat verilib. 

AzEdu.az xəbər verir ki, hesabat iclasını giriş nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq 2025-ci ildə universitet həyatında baş verən əlamətdar hadisələri, əldə olunan əsas uğurları, tətbiq edilən yenilikləri və aparılan islahatları diqqətə çatdırıb. Rektor qeyd edib ki, İtaliyanın Tuscia Universiteti ilə MBA proqramının marketinq istiqaməti üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının ilk məzun buraxılışı olub.

Professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə 2025/2026-cı tədris ilindən diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Ömürboyu təhsilə dəstək: Təlim – Tədris Mərkəzinin fəaliyyəti təkmilləşdirilib və keçirilən təlimlər daha sistemli və məqsədyönlü xarakter alıb. Səadət Əliyeva çıxışında beynəlmiləlləşmə və institusional inkişaf istiqamətində görülən işlərə də nəzər salıb, həmçinin növbəti il üçün müəyyənləşdirilmiş strateji hədəflər və prioritetlər haqqında məlumat verib. Rektor sonda universitet kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edib, universitetin əldə etdiyi bütün uğurlarda hər bir əməkdaşın rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 

Ardınca Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyevanın hesabatı dinlənilib. Hesabat məruzəsi universitetin beynəlxalq reytinqlərdəki və elmmetrik bazalardakı mövqeyi, hesabat ilində keçirilən elmi konfrans və tədbirlər, elmi jurnalların fəaliyyəti, universitet əməkdaşlarının çap olunan monoqrafiya, dərslik və dərs vəsaitləri, beynəlxalq elmi əməkdaşlıq və bu kimi mövzuları əhatə edib. 

Lətifə Ağamalıyeva qeyd edib ki, Azərbaycan Universiteti beynəlxalq akademik mühitdə fəallığını qoruyub saxlayıb, beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edib. Azərbaycan 2025-ci ildə ilk dəfə dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi”ndə (Shanghai Ranking) riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunub. Azərbaycan Universiteti reytinqdə 301-400-cü pillələr arasında yer alıb ki, bu ölkə üzrə ən yüksək göstəricidir. Digər yandan universitet dünyanın nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi və reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib. Azərbaycan Universitetinin nümayəndə heyəti noyabr ayında  Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025”də (QS Eurasia Forum 2025) iştirak edib və universitetin fəaliyyətinin 4 ulduzla qiymətləndirildiyini təsdiq edən sertifikatı QS təşkilatının prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli bu tədbirdə  rektor Səadət Əliyevaya təqdim edib.

Azərbaycan Universiteti cari təqvim ilində “ScholarGPS®” qlobal reytinqində və “Round University Ranking” (RUR) reytinqlərində ön sıralarda yer alıb. Universitet “ScholarGPS®” qlobal platformasında ölkəni təmsil edən 3 ali təhsil müəssisəsindən biridir və ikinci yerdə qərarlaşıb. RUR reytinqindəki ümumi göstəricilərə əsasən isə ölkə üzrə 4-cü yerdədir və ötənilki mövqeyini qorumağa davam edir.

Elmi hesabat məruzəsində universitetin elmmetrik bazalardaki göstəriciləri haqqında da ətraflı məlumat verilib. Qeyd edilib ki, WEB of Science bazası üzrə Azərbaycan Universitetinin Hirş indeksi 39-a yüksəlib. Ötən il bu rəqəm 34 olub. Bu bazada indekslənən jurnallarda universitet əməkdaşlarının 77 məqaləsi çap olunub. Məqalələrə olan istinadların sayı isə 1260-dır. Azərbaycan Universiteti Hirş indeksinə görə ölkə universitetləri arasında 5-ci, məqalə sayına görə 8-ci, istinad sayına görə isə 7-cidir. 

Məruzədə qeyd olunub ki, Azərbaycan Universitetinin Scopus bazası üzrə Hirş indeksi 2025-ci ildə 42-yə çatıb. Bu rəqəm 2024-cü ildə 37 olub. Scopus bazasında indekslənən jurnallarda 2025-ci ildə universitet əməkdaşlarının 89 məqaləsi çap olunub və məqalələrə 1833 istinad olunub. Azərbaycan Universiteti ölkənin ali məktəblərinin bu iki göstərici üzrə sıralamasında 5-ci yerdə qərarlaşıb. Qeyd olunan bazada indekslənən jurnallarda universitetin professor-müəllim heyətinin məqalələrinə 2025-ci ildə 1833 istinad olunub ki, istinad sayına görə Azəbaycan Universiteti ölkə universitetləri arasında 6-cı yerdədir.

Lətifə Ağamalıyeva məruzəsində bildirib ki, hesabat ilində Azərbaycan Universitetində 2 beynəlxalq və 1 respublika səviyyəli elmi konfrans keçirilib. Mart ayında keçirilən Gənc tədqiqatçıların VIII respublika elmi konfransına Bakıda və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisəsi, elmi-tədqiqat institutlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçıların 201 məruzəsi qəbul olunub. Konfrans işi 8 bölmədə təşkil olunub. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qlobal çağırışlar və Türk dünyası” mövzusunda II beynəlxalq elmi konfrans aprel ayında onlayn formatda keçirilib. Konfransın işində Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyadan olan 100-ə yaxın alim, elmi-tədqiqat müəssisələrinin əməkdaşları, universitet müəllimləri, doktorant və magistrantlar iştirak edib. Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin tərəfdaşlığı ilə keçirilən II beynəlxalq “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Reserch) konfransı isə may ayında keçirilib.  “Konstitusiya və Suverenlik İli”nə həsr olunan ikigünlük konfransa bu dəfə də beynəlxalq maraq böyük olub. Belə ki, tədbirdə məruzəçi kimi iştirak etmək üçün 21 ölkədən müraciət daxil olub və 100-ə yaxın məruzə qəbul edilib. Konfransın işi 6 bölmədə təşkil olunub. 

Məruzədə Milli Məclisin Elm və təhsil komitəsi, Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universiteti, Türkiyənin Dicle Universiteti, Kosovonun Priştina Universiteti və Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə 2025-ci il ərzində keçirilən beynəlxalq və yerli elmi konfranslar, Elm şöbəsinin təşkilatçılğı ilə keçirilən elmi tədbir, təlim və seminarlar, universitet əməkdaşlarının elmi nəşrləri, beynəlxalq elmi əməkdaşlıq, Tələbə Elmi Cəmiyyətinin, Elmi kitabxananın və elmi jurnalların fəaliyyəti haqqında da məlumat verilib. Qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə magistrant və doktorantlar üçün nəzərdə tutulan “Paradigma” elmi jurnalı təsis edilib. “Social Issues” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib, həmçinin Prezident yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasinda dissertasiyalarin əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin fəlsəfə və sosiologiya elmləri üzrə siyahısına daxil edilib. Hesabat ilində universitetin professor və müəllimləri 150-dən artıq xarici universitetin əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparıb və bu tədqiqat işlərinin nəticəsi olaraq birgə elmi məqalələr dərc etdiriblər. 

Hesabat məruzəsində qeyd olunub ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına; rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski bu universitetin fəxri doktoru adına layiq görülüblər. Nüşabə Quliyeva həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının  “Gənclərin təhsilində uğura görə” medalı ilə təltif olunub. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev ICPC Fondu tərəfindən “ICPC Qlobal İcması ilə Nümunəvi Əlaqə” mükafatına layiq görülüb.

İclasın sonunda Elm şöbəsinin hesabatı yekdilliklə qəbul olunub və hesabat ili ərzində elmi nailiyyətləri ilə fərqlənən kafedra və universitet əməkdaşları təltif olunub. Siyasi və ictimai elmlər kafedrası əməkdaşlarının yüksək elmi fəaliyyət göstəricilərinə görə “İlin kafedrası” elan olunub. Tərcümə və filologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Asif Hacıyev səmərəli elmi-pedaqoji fəaliyyəti və 65 illik yubileyi münasibətilə, Riyaziyyat və informatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Cavanşır Kazımov səmərəli elmi-pedaqoji fəaliyyəti və 75 illik yubileyi münasibətilə, Siyasi və ictimai elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə dokoru Şahismayıl İsmayılov 2025-ci ildə yüksək elmi nəticə göstərdiyinə görə, Maliyyə və mühasibat kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Nəriman Böyükkişi səmərəli elmi fəaliyyətinə görə rektorun Fəxri Fərmanı ilə təltif olunublar. 

Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınskiyə “İlin kafedrası” sertifikatını və fəxri fərmanları universitetin rektoru Səadət Əliyeva təqdim edib. Rektor təltiflərə layiq görülən universitet əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox