Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının müəllimi Seynurə Həsənova Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramı çərçivəsində elmi tədqiqat aparmaq məqsədilə Almaniyaya rəsmi dəvət alıb.
AzMİU-dan Azedu.az-a bildirilib ki, Seynurə Həsənova üç ay müddətində Münxen Texniki Universitetində “Üzvi tullantılardan fosforun çıxarılması və onun kənd təsərrüfatında tətbiqi” mövzusunda elmi araşdırmalar aparacaq. Sözügedən tədqiqat ətraf mühitin mühafizəsi, təbii resurslardan səmərəli istifadə, eləcə də dövri iqtisadiyyat prinsiplərinin təşviqi baxımından mühüm elmi və praktik əhəmiyyət kəsb edir.
DAAD tərəfindən göndərilən rəsmi dəvət məktubunda qeyd olunub ki, Seynurə Həsənovanın tədqiqat fəaliyyəti Münxen Texniki Universitetində həyata keçirilən elmi layihələrə əhəmiyyətli töhfə verəcək. Tədqiqat müddətində o, Almaniyanın qabaqcıl elmi infrastrukturu, müasir analitik avadanlığı və innovativ tədqiqat metodlarından istifadə imkanları ilə təmin olunacaq.
Humboldt mükafatına layiq görülmüş ilk azərbaycanlı alim, Əməkdar elm xadimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorunun müşaviri professor Məsud Əfəndiyevin rəhbərliyi ilə AzMİU-da doktorantlar və gənc tədqiqatçı alimlərlə intensiv iş aparılır. Bu proses AzMİU-da elmin inkişafı, gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası və universitetin qlobal elmi nüfuzunun daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.