Çikaqo Universitetinin professoru, erkən uşaq inkişafı üzrə tanınmış mütəxəssis Dr. Dana Suskind uşaqlar üçün hazırlanmış süni intellekt (AI) əsaslı oyuncaqların ciddi inkişaf riskləri yarada biləcəyi barədə xəbərdarlıq edib.
AzEdu.az xəbər verir ki, alim bu mövzu ilə bağlı fikirlərini TIME jurnalında dərc olunan məqaləsində bölüşüb və valideynləri, eləcə də cəmiyyəti daha diqqətli olmağa çağırıb.
Son illər bazara çıxan yeni nəsil oyuncaqlar – danışan “Barbie” kuklaları, Curio adlı yumşaq oyuncaqlar və müxtəlif çat-bot əsaslı məhsullar – uşaqlarla insana bənzər ünsiyyət qurmaq xüsusiyyəti ilə seçilir. İlk baxışda bu cür oyuncaqlar öyrədici və faydalı təsir bağışlasa da, mütəxəssislər onların canlı insan ünsiyyətini əvəz edə biləcəyi və bunun da uşaqların inkişafında problemlərə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.
Dr. Suskind bildirir ki, elmi araşdırmalar uşaqların beyin inkişafı üçün ən vacib amilin canlı, isti və qarşılıqlı dialoq olduğunu sübut edir. Belə ünsiyyət zamanı hər saniyə milyonlarla neyron əlaqəsi formalaşır. Süni intellekt oyuncaqları bu prosesi müəyyən qədər təqlid edə bilsə də, onlar insanla ünsiyyətin yerini tam verə bilməz.
Professorun fikrincə, əsas təhlükə AI oyuncaqlarının valideynlərlə, ailə üzvləri ilə və real sosial mühitlə ünsiyyəti arxa plana keçirməsidir. Bu isə uzunmüddətli perspektivdə uşaqların dil, emosional və sosial bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər.
Dr. Suskind AI oyuncaqları sahəsində daha ciddi nəzarət mexanizmlərinin tətbiqini zəruri sayır. O, bu məhsullar üçün şəffaflıq, müstəqil elmi testlər və yaşa uyğun etiketləmənin məcburi olmasını təklif edir.
“Troya sakinləri atın içini yoxlamadı, biz isə qapımızdakı oyuncağa baxmaq üçün hələ vaxtımız var,” – deyə professor vurğulayıb.
Zeynəb Tehranlı