2025-ci ilin sonuna yaxın ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.
Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb.
Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.
Maraqlıdır ki, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələr verib. Universitetdən bildirilib ki, ATMU beynəlxalq ali təhsil məkanına inteqrasiyanı institusional inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edərək, bu sahədə ardıcıl və dayanıqlı əməkdaşlıq modeli formalaşdırıb.
Beynəlxalq ikili diplom proqramları və təhsil mühitinin inkişafı:
Bu yanaşmanın bariz nümunəsi ATMU-nun Avstriya və Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə həyata keçirdiyi ikili diplom proqramlarıdır. Azərbaycan ali təhsil tarixində ilk beynəlxalq ikili diplom proqramı 4 iyul 2007-ci il tarixində ATMU ilə Avstriyanın IMC (International Management Center) Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanmış müqavilə əsasında təsis olunub. Bu proqram – Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) – universitetin ən nüfuzlu və davamlı beynəlxalq layihələrindən biri kimi fəaliyyət göstərir. Tədris prosesi tam şəkildə ingilis dilində aparılır və IMC Krems Tətbiqi Elmlər Universitetinin kurrikulumuna uyğun şəkildə təşkil olunur.
AATP-də dərslər yerli akademik heyətlə yanaşı, Avstriya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, ABŞ, Avstraliya və digər ölkələrdən dəvət olunan yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən aparılır. Bu isə tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, fərqli tədris yanaşmaları ilə tanış olmaq və qlobal turizm sektorunun çağırışlarını dərindən mənimsəmək imkanı yaradır.
Dörd illik bakalavr təhsilini AATP çərçivəsində başa vuran tələbələr eyni vaxtda iki ali təhsil diplomu – Azərbaycan Turizm və Menecment Universitetinin milli diplomunu və IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq diplomunu əldə edirlər. Proqramın fəaliyyəti ərzində artıq 300-dən çox məzun ikili diplom proqramını başa vurub (bakalavriatura üzrə 286 nəfər, magistratura pilləsi üzrə 13 nəfər). Hazırda proqramda 3 bakalavr qrupunda ümumilikdə 46 tələbə təhsil alır ki, bu da proqramın davamlılığına və tələbələr arasında yüksək marağa malik olduğunu göstərir.
Türkiyə ilə yeni ikili diplom layihəsi:
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq, ATMU ikili diplom layihələrinin genişləndirilməsini prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə Türkiyə Respublikasının Eskişehir Osmangazi Universiteti (ESOQU) ilə əməkdaşlıq uğurla nəticələnib.
ATMU və ESOQU arasında bakalavr pilləsi üzrə “Turizm işinin təşkili” ixtisası üçün ikili diplom proqramına dair müqavilə 2023-cü ilin iyun ayında universitet rektorları tərəfindən imzalanıb və Türkiyənin Yüksek Öğretim Kurumu (YÖK) tərəfindən təsdiqlənib. Proqram çərçivəsində ATMU-dan gedən tələbələr 1 və 4-cü kursları Azərbaycanda, 2 və 3-cü kursları isə Türkiyədə davam etdirəcək, Türkiyədən gələn tələbələr isə müvafiq kursları əks şəkildə keçirəcəklər. Beləliklə, tələbələr hər iki universitetin diplomunu əldə etmək imkanı qazanırlar.
ATMU-nun beynəlxalq əməkdaşlıq şəbəkəsi:
ATMU-nun beynəlxalq əməkdaşlıq şəbəkəsi təkcə təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır. Universitet Finlandiyada Kajaani Tətbiqi Elmlər Universiteti, Gürcüstanda Qriqol Robakidze Universiteti, İspaniyada Girona və Valladolid Universitetləri, İtaliyada Cagliari, Chieti-Pescara (UDA) və Katania Universitetləri, Latviyada Turiba Universiteti, Macarıstanda Debreçen Universiteti, Polşada Varşava Həyat Elmləri Universiteti ilə əməkdaşlıq edir.
Bundan əlavə, Qazaxıstanda Almatı İqtisadiyyat və Statistika Akademiyası, Esil Universiteti, Turan Universiteti və Yessenov Universiteti, Rumıniyada İoan Kuza, Oradea və Transilvaniya Universitetləri, Rusiyada Cənubi Federal Universitet və Rusiya Xalqlar Dostluğu Universiteti (RUDN), Türkiyədə Balıkesir, Ege, Eskişehir Anadolu, Eskişehir Osmangazi, Hacettepe, Iğdır, İstanbul, Kafkas (Qars), Orta Doğu Texniki (ODTÜ) və Süleyman Demirel Universitetləri, Özbəkistanda Fərqanə Dövlət Universiteti və İpək Yolu Universiteti, Yunanıstanda Qərbi Attika Universiteti ilə birgə layihələr həyata keçirir.
ATMU məzunlarının beynəlxalq uğurları:
“Gənclərin Xaricdə Təhsili Dövlət Proqramı (2022–2028)” çərçivəsində ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin Tərcüməçilik ixtisası üzrə məzunu Selcan Vəliyeva Böyük Britaniyanın Liverpool Universitetində “Ətraf Mühitin İdarə Edilməsi və Qiymətləndirilməsi” üzrə magistratura təhsilini müvəffəqiyyətlə tamamlayıb. Selcan Vəliyeva bakalavr təhsilini 93.57 ÜOMG ilə bitirib və həmçinin Azərbaycan-Avstriya Turizm Proqramının məzunu olaraq fərqlənmə ilə diplom alıb.
Bundan əlavə, Tahirə Hüseynova İtaliyanın Bolonya Universitetində “International Management” ixtisası üzrə magistr təhsilini ən yüksək nəticə ilə bitirib və Erasmus+ mübadilə proqramı çərçivəsində Avstriyada bir semestrlik təcrübə keçib.
ATMU məzunu İlham Xəlilov isə Macarıstan hökumətinin “Stipendium Hungaricum” proqramı çərçivəsində Budapest University of Economics and Business universitetində “Tourism Management” üzrə magistratura təhsilinə başlayıb. Bu nailiyyətlər ATMU məzunlarının beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olduğunu və universitetdə formalaşan təhsil mühitinin effektivliyini bir daha təsdiqləyir.