“Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər.” Elm və Təhsil Naziri Emin Əmirullayevin səsləndirdiyi bu fikir cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Təəssüf ki, müzakirələrin əhəmiyyətli hissəsi yenə də sosial şəbəkə statusları səviyyəsində, emosional və peşəkar təhlildən uzaq şəkildə aparılır. Halbuki söhbət artıq verilmiş qərardan yox, ictimai müzakirəyə çıxarılmış ideyadan gedir və bu mərhələdə təhsil adamlarının, valideynlərin, mütəxəssislərin mövqeyi nazirlik üçün önəmli olmalıdır.
Gəlin məsələyə emosiyalarla yox, bir qədər geniş və araşdırma prizmasından baxaq.
Biz, adətən, məktəbi, təhsili dörd divar, zəng səsi və sinif otağı ilə eyniləşdiririk. Sözsüz ki, bu bizə illərin vərdişindən qalır. Halbuki dünyanın bir çox ölkəsində coğrafiya bu təsəvvürü çoxdan dəyişib. Dağ başında, səhranın ortasında, tundranın kənarında yaşayan uşaqlar var və onların günahı deyil ki, yollar yoxdur, məsafələr böyükdür, iqlim sərtdir. Belə şəraitdə məsələ “məktəb olsunmu?” yox, təhsil necə davam etsin? sualına cavab tapmaqdır.
Məhz bu nöqtədə distant təhsil “yenilik” yox, dövlətin vətəndaşına verdiyi təminat kimi ortaya çıxır: harada yaşamağından asılı olmayaraq, səni təhsildən kənarda qoymayacağam. Üstəlik, Azərbaycan qanunvericiliyinə görə orta təhsil məcburidir və dövlət bu məsuliyyəti daşıyır. Bunun üçün isə təbii ki, mövcud Təhsil Qanununda dəyişikliklərə ehtiyac olacaq, çünki hazırda distant təhsil rəsmi forma kimi tanınmır.
Bir müəllim kimi açıq deməliyəm: bir-iki şagirdlə fəaliyyət göstərən sinifdə nə canlı pedaqoji mühit formalaşır, nə də keyfiyyətli təlim mümkündür. Digər tərəfdən, 10–15 evlik kəndlərdə yerləşən, maddi-texniki bazası zəif olan məktəblərin, eləcə də həmin məktəblərdə çalışan müəllimlərin pedaqoji səviyyəsi çox zaman arzuolunan olmur. Peşəkar müəllimlərin şəhərlərə və rayon mərkəzlərinə can atması isə təbiidir. Bu reallıq fonunda ucqar kənd uşaqlarının keyfiyyətli təhsilə çıxışını təmin etmək dövlət üçün əsas məsələdir.
Bu baxımdan nazirin səsləndirdiyi ideyanı prinsip etibarilə dəstəkləmək olar. Əgər distant və ya hibrit model həmin uşaqlara daha güclü müəllimə, daha keyfiyyətli tədrisə çıxış verəcəksə, bu artıq ciddi üstünlükdür. Amma bir şərtlə: proses yalnız virtual mühitlə məhdudlaşmamalıdır. Tam distant model uşaqlar üçün yorucu ola bilər. Daha məqsədəuyğun yol hibrit təhsil modelidir. Məsələn, idman, texnologiya, əmək, praktiki bacarıq tələb edən fənlərin məktəbdə təşkili, nəzəri dərslərin isə distant formada keçirilməsi daha balanslı nəticə verə bilər.
Bu kontekstdə Atatürkün bir dövr tətbiq etdiyi “Köy İnstitutları” modeli də xatırlanmalıdır. Kəndin təbii mühiti – kənd təsərrüfatı, maldarlıq, əkinçilik – təhsilə inteqrasiya olunurdu. Bu gün də nəzəri bilikləri distant təhsillə verib, praktiki bacarıqları yerində formalaşdırmaq mümkün və məntiqli görünür.
Distant təhsilin daha bir mühüm üstünlüyü isə sosial və demoqrafik xarakter daşıyır. Uşaq ailəsindən qopmur, yaşayış məntəqəsi boşalmır, təhsil mərkəzə köçün əsas səbəbinə çevrilmir. Bu isə artıq təkcə təhsil məsələsi deyil, ərazi və təhlükəsizlik siyasətidir. Ucqar və sərhəd kəndlərini qorumağın ən ağıllı yolu təhsili həmin ərazilərdə saxlamaqdır.
İqtisadi tərəf də az əhəmiyyətli deyil. Dövlət eyni müəllimi eyni vaxtda bir neçə bölgəyə “göndərə”, eyni dərsi yüzlərlə kilometr uzağa çatdıra bilir. Məktəb binası, yataqxana, nəqliyyat, istilik və kadr yerləşdirmə xərcləri azalır. Büdcə yüngülləşir, əhatə dairəsi genişlənir.
Ümumilikdə distant təhsilin bu modeldə dövlətə verdiyi qazanc təkcə iqtisadi deyil, strateji və sosialdır:
- infrastruktur xərclərinin optimallaşdırılması,
- ərazi boşalmasının qarşısının alınması,
- müəllim resurslarından səmərəli istifadə,
- rəqəmsal dövlət strategiyasının gücləndirilməsi. Amma bir həqiqəti də açıq deməliyik: distant təhsil məqsəd deyil, vasitədir. Keyfiyyətsiz kontent, təsadüfi müəllim, nəzarətsiz platforma bu modeli uğursuzluğa aparar. Uğur yalnız planlı, ölçülən, dövlət nəzarətində qurulan distant təhsillə mümkündür.
Dünyanın bir çox ölkəsində – Kanadanın şimalında, Avstraliyanın səhralıqlarında, Monqolustanın köçəri obalarında – məktəb tikmək fiziki baxımdan mümkün deyil. Amma təhsil dayanmır. Bir növ dövlət: bölgəyə məktəb gələ bilmirsə, müəllim evinizə gəlsin” deyir. Bu, “uşağı ekrana saldıq, oldu-bitdi” yanaşması deyil, sistemli dövlət qərar olmalıdır.
Əlçatmaz ərazilərdə distant təhsil təhsilin zəifləməsi yox, dövlət ağlının güclənməsidir.
Müasir dövlətdə məsafə, uyğunsuz şərait təhsilə bəhanə ola bilməz və olmamalıdır.
Təhsil texnoloqu, dosent Şəmil Sadiq