Növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə distant təhsil modelinə keçidin tətbiqi proqnozlaşdırılır.
Bu isə bir sıra suallar doğurur. Belə ki, distant təhsil modeli başqa məktəblərə də şamil edilə bilər?
AzEdu.az-ın suallarını təhsil jurnalisti Məzahir Məmmədli cavablandırıb.
O bildirib ki, distant təhsilə keçidlə bağlı cəmiyyət olaraq ciddi bir problem yaşanmayacaq:
“Distant təhsillə bağlı Azərbaycan artıq pandemiya dövründə bu modeli sınaqdan keçirdi. Hətta qanunvericilik bazası tam formalaşmadan belə təhsil müəssisələrinə müvafiq tapşırıqlar verildi və Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumları elektron dəstək mexanizmlərindən istifadə etməklə müəllim və şagirdlər üçün elektron kabinetlər yaratdı. Zoom, Teams və digər platformalar üzərindən tədris prosesinin davam etdirilməsi üçün şərait formalaşdırıldı. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin nəticələri də pandemiya dövründə Azərbaycanın bu sınaqdan uğurla çıxdığını sübut etdi”.
Məhz bu səbəbdən distant təhsilə keçidlə bağlı cəmiyyətin ciddi adaptasiya problemi olmayacaq:
“Biz artıq bu adaptasiya mərhələsini keçmişik. Distant təhsilə keçid eyni zamanda bir sıra mövcud problemlərin həllinə də töhfə verə bilər. İndiyədək Azərbaycanda məhkəmə mübahisələrinə səbəb olan əsas məsələlərdən biri distant təhsil almış şəxslərin diplomlarının tanınmaması olub.
“Bu tip məhkəmə işlərinin əksəriyyəti imtina qərarları ilə nəticələnirdi. Yəni şəxs xaricdə tanınmış universitetlərdə distant və ya onlayn təhsil alırdı, lakin həmin diplomu ölkədə tanıda bilmirdi. Milli Məclisin “Təhsil haqqında” qanuna etdiyi əlavələrdən sonra düşünürəm ki, bu cür məhkəmə çəkişmələrinə son qoyulacaq və məsələ hüquqi baxımdan öz həllini tapacaq”.
Məktəblərdə distant təhsilin geniş tətbiqinə ehtiyac olmadığını da vurğulayıb:
“Məncə, ümumi təhsil məktəblərində distant təhsilin kütləvi tətbiqinə ciddi zərurət yoxdur. Ali təhsildə bəzi ixtisas və fənlərin distant formada tədrisi ilə bağlı yanaşmalar səsləndirilir. Lakin ümumi təhsil məktəblərində zərurət yaranmadığı halda, distant təhsilin geniş şəkildə tətbiq ediləcəyinə inanmıram”.
Bununla belə, o, müəyyən hallarda distant tədrisin mümkün ola biləcəyini də istisna etməyib:
“Şəhərdə sıxlığın qarşısını almaq məqsədilə ümumi təhsil məktəblərində bəzi humanitar fənlərin distant qaydada tədrisi mümkün ola bilər. Amma bunun birdən-birə və kütləvi şəkildə tətbiq ediləcəyini düşünmürəm. Bu yanaşma daha çox paytaxtı əhatə edən və pilot layihə kimi həyata keçirilə biləcək model ola bilər.
Ali təhsildə bir çox fənni distant formada təşkil etmək mümkündür. Bu isə həm universitetlərdəki sıxlığın azalmasına, həm də nəqliyyat və şəhərdaxili hərəkətdə yaranan yüklənmənin aradan qaldırılmasına səbəb ola bilər”.
Distant təhsillə bağlı konkret qərarlar qəbul edildikdən sonra mövzunun detallı şəkildə təhlil edilməsi mümkün olacaq:
“Qərarlar qəbul edildikdən sonra distant təhsilin mexanizmlərini daha rahat öyrənmək və analiz etmək mümkün olacaq. Hazırda isə sadəcə arzu edə bilərik ki, bu proses bir qədər sürətlənsin və tezləşdirilsin”.