AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, Azərbaycan dilinin tərcümə alqoritmləri yaradılmalı, eyni zamanda dil tarixi yeni elmi əsaslar üzərində hazırlanmalıdır.
Bu yanaşmanın orta və ali məktəb dərsliklərinin məzmununda hansı dəyişiklikləri zəruri edəcəyi isə maraq doğurur.
AzEdu.az mövzu ilə bağlı orta məktəb dərsliklərinin hazırlanması üzrə komissiyanın üzvü Cəbrail Həşimovla həmsöhbət olub.
Müsahibimiz bildirib ki, dil tarixinin yeni əsaslarla hazırlanması ali məktəb tələbələri üçün daha çox əhəmiyyət daşıyır:
“Dil tarixinin yeni əsaslarla hazırlanmasının orta məktəb dərsliklərinə ciddi təsiri olmayacaq. Çünki orta məktəbdə şagirdlərə əsasən dilçiliyin fundamental bölmələri – fonetika, leksikologiya, sintaksis və digər əsas mövzular tədris olunur. Ali məktəb tələbələri üçün isə bu yanaşma əslində vacib ola bilər.
Yəni demək istədiyim odur ki, hər hansı bir alim dilin tarixini yenidən araşdırır və müəyyən bir konsepsiya irəli sürürsə, həmin yanaşmaların hamısının dərsliklərə daxil edilməsi lüzumsuzdur.”