Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 16:30:00
Bu il beşyaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib  

2018-2019-cu tədris ilində 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Bu, X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Eyni zamanda bildirilib ki, ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb olunub. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.

Ötən il 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub. ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində azərbaycanlı şagirdlərin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.

“Təhsil haqqında” Qanunun 21-ci maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliyə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb.

“2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə UNICEF-lə birgə reallaşdırılan layihə çərçivəsində Bakıda şəhərindəki 4 ümumtəhsil məktəbində 54 nəfər inklüziv təhsilə cəlb edilib.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.az saytlarında müxtəlif formatlarda yerləşdirilib. www.video.edu.az portalında ümumilikdə 560 videodərs, www.e-derslik.edu.az portalında isə müxtəlif fənlər üzrə 219 elektron dərslik, metodik vəsait və sinifdənxaric oxu vəsaitləri var.

Ötən il 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

Ümumi təhsil müəssisələrində çalışan 16 min 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. Altı mindən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.

2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.

“Sağlam təhsil-sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb “Rəqəmsal bacarıqlar” pilot layihəsinə cəlb edilib. Ümumilikdə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub.

Ötən il “Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi təşkil edilib.

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.