Azedu.az

Görmə məhdudiyyətli gənc: “Ali məktəbi fərqlənmə ilə bitirəcəyimə inanırdım”

Müsahibə

16 Yanvar 2026, 10:48
Görmə məhdudiyyətli gənc: “Ali məktəbi fərqlənmə ilə bitirəcəyimə inanırdım”

Görmə məhdudiyyəti onun yoluna sədd yox, iradəsinə sınaq oldu. Bu sınaqdan isə o, alnıaçıq və başıuca çıxdı.

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tarix müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirən Heydər Qafarlı əzmin, zəhmətin və inamın canlı nümunəsidir.

Görmə məhdudiyyətinə baxmayaraq, Heydər yüksək akademik göstəriciləri ilə universitetin qabaqcıl tələbələri sırasında yer alaraq, əsl uğurun fiziki imkanlarla deyil, iradə və məqsədlə ölçüldüyünü sübut etdi.

AzEdu.az Heydər Qafarlı ilə əlaqə saxlayaraq onun uğur yoluna dair təəssüratlarını öyrənib.

- Sizi ilk növbədə fərqlənmə diplom almağınız münasibətilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq. Oxucularımıza sizi daha yaxından tanıtmaq istərdik.

176114

- Mən Heydər Qafarlı 2004-cü ildə anadan olmuşam. İsmayıllı rayonu Culyan kənd tam orta məktəbinin məzunuyam. 2021-ci ildə Mingəçevir Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olundum. Qəbul imtahanında 362 bal toplamışdım.

- Niyə məhz Tarix müəllimliyi ixtisasını seçdiniz?

- Tarix mənim üçün sadəcə fənn deyil, maraq və sevgidir. Tarixi sevirəm, keçmişimizi öyrənməyə həmişə marağım olub. Eyni zamanda müəllimlik peşəsini çox məsuliyyətli və şərəfli hesab edirəm. Tarix müəllimliyi həm prestijli ixtisasdır, həm də mənim xarakterimə və dünyagörüşümə tam uyğundur. Qısaca, sevdiyim sahə olduğu üçün bu ixtisası seçdim.

- Ali təhsil üçün seçiminizi Mingəçevir Dövlət Universitetindən yana etməyinizə nə səbəb oldu?

- Mingəçevir sakit, rahat və tələbə üçün uyğun şəhərdir. Mənim üçün mühit çox önəmlidir. Burada özümü daha rahat hiss edəcəyimi düşünürdüm və seçimimdə yanılmadım.

- Sizcə, qazandığınız uğurların əsas səbəbi nədir?

176112

- İlk növbədə valideynlərimin, xüsusilə anamın dəstəyi. Bundan əlavə, özümə inamım, əzmim və qarşıma qoyduğum konkret məqsədləri də misal çəkə bilərik. Universitetə qəbul olduğum ilk gündən özümə söz vermişdim ki, fərqlənmə diplomu ilə bitirəcəyəm. Bu məqsədlə çalışdım və nəticədə qırmızı diplom aldım. Bu mənim üçün sürpriz olmadı, çünki buna əvvəlcədən inanırdım.

- Görmə məhdudiyyətiniz təhsil yolunuza çətinlik yaradıbmı?

176113

- Mənim görmə qabiliyyətim çox zəifdir, təxminən 2 faiz görürəm. Lakin bunu həyatımda mane kimi qəbul etməmişəm. Əksinə, universitet mühiti, müəllimlərim və qrup yoldaşlarım hər zaman yanımda olublar. Mənə xüsusi dəstək göstəriblər. Bu səbəbdən özümü heç vaxt kənarda qalmış kimi hiss etməmişəm.

- İmtahanlar zamanı sizin üçün xüsusi şərait yaradılırdımı?

- Bəli, imtahanlarım şifahi formada keçirilirdi. Bu da mənim üçün daha əlverişli idi. Hazırlıq prosesi əlbəttə ki, çətin olurdu, amma bu çətinliklər bütün tələbələr üçün var. Mən də əzm göstərərək bunun öhdəsindən gəlirdim.

- Heç yorulduğunuz, ruhdan düşdüyünüz anlar olubmu?

- Açığı, yox. Mən yolun əvvəlindən məqsəd qoymuşdum və o məqsədə çatmaq üçün nə olursa-olsun davam edəcəyimi bilirdim. Yorulsam belə, geri addım atmağı düşünməmişəm.

Bu yolda ən çox dəstəkçim anamdır. O, evini, işini qoyaraq Mingəçevirə gəlib. Bütün həyatını mənim təhsilimə həsr edib. Bu fədakarlığın qiyməti ölçüyəgəlməzdir. Belə bir anaya sahib olmaq böyük xoşbəxtlikdir. Onunla yalnız qürur duyuram.

- Gələcək planlarınız nələrdir? Magistratura təhsili düşünürsünüzmü?

176111

- Bəli, gələcəkdə magistratura təhsili almağı düşünürəm. Hələlik konkret universitet seçməmişəm, amma çox güman ki, ölkə daxilində davam edəcəyəm. Mingəçevir Dövlət Universiteti ilə bağlı xoş təəssüratlarım olduğu üçün oranı da istisna etmirəm.

- Bəs gələcəkdə hansı bölgədə işləməyi planlaşdırırsınız?

- Hazırda yaşadığım ərazidə - İsmayıllıda müəllim kimi fəaliyyət göstərmək istəyirəm. 

- Tarix müəllimi kimi gələcəkdə şagirdlərinizə nə ötürmək istərdiniz?

- Tarix yalnız faktlar toplusu deyil, kimliyimizdir. Xüsusilə 44 günlük Vətən müharibəsi kimi hadisələri gələcək nəsillərə doğru şəkildə çatdırmaq bizim borcumuzdur. Mən bu hadisələrin canlı şahidi olmuşam və bunu şagirdlərimə böyük məsuliyyətlə öyrətmək istəyirəm.

- Xüsusi qayğıya ehtiyacı olan gənclərə nə tövsiyə edərdiniz?

- Həyata ruh düşkünlüyü ilə baxmasınlar. Həyat mübarizədir və bu mübarizədə hər kəsin öz payı var. Məqsəd qoysunlar, özlərinə inansınlar və heç vaxt təslim olmasınlar. Mən inanıram ki, insan qarşısına məqsəd qoyarsa, mütləq ona çatar.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox