Azedu.az

606 bal topladı, region universitetini seçdi - “Qərarımdan çox razıyam”

Müsahibə və reportajlar

21 Noyabr 2025, 16:17
606 bal topladı, region universitetini seçdi - “Qərarımdan çox razıyam”

Qəbul imtahanında yüksək bal toplasalar da, region universitetlərini seçən abituriyentlərin sayı heç də az deyil.

AzEdu.az Təhsil portalı yüksək bal topladığı halda region universitetlərini seçən tələbələrlə müsahibələrə başlayıb.

Məqsədimiz region universitetlərinin təqdim etdiyi imkanları, tələbələrin şəxsi təcrübə və hədəflərini geniş şəkildə abituriyentlərə çatdırmaqdır. 

İlk müsahibəmiz 606,2 bal toplayaraq Gəncə Dövlət Universitetinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olmuş 1-ci kurs tələbəsi Nuray Xəlilzadədir. Müsahibədə onun bu universiteti seçməsinin səbəbləri, tələbə həyatı və gündəlik təcrübələri haqqında maraqlı söhbət apardıq.

Nuray Xəlilzadə Goranboy Rayonunun Düzqışlaq kəndində anadan olub və orta məktəb illərindən bu günədək dərslərə doğma kəndindən davam edən tələbədir.

- Bu ixtisası seçməyində hansı amillər rol oynayıb?

- Anam müəllimədir və o, mənim gözümü açıb gördüyüm ilk müəllim olub. Bu, mənim ingilis dili müəllimliyi ixtisasını seçməyimə xüsusi təkan verdi. Həm universitetin dərs metodikası, həm də ailəmə yaxın olmaq istəyim bu seçimi dəstəklədi.

- Topladığın balı ilk olaraq kimlə bölüşdün? Yüksək bal toplayacağını gözləyirdinmi?

- Evdə bütün ailə bir yerdə idik. Nəticələri öyrənəndə tez baxdım və sevincimi ailəmlə paylaşdım. Bəli, yüksək bal toplamağı gözləyirdim.

- Universitetdə dərs prosesi necə keçir və qrup yoldaşlarına adaptasiya oldunmu?

- Universitet həyatı və dərs prosesi xəyal etdiyimdən də gözəl keçir. Qrup yoldaşlarıma tez adaptasiya oldum.

- Sosial şəbəkələrdən istifadə edirsənmi?

- Orta məktəb dövründə heç bir sosial şəbəkədən istifadə etmirdim. İndi isə boş vaxtlarımda saytlara daxil olub məlumatlar əldə edirəm.

- Bəs sinif yoldaşlarınla əlaqəni necə saxlayırsan?

- Həm Vatsapla əlaqə saxlayırıq, həm də tez-tez görüşürük.

- Hobbilərin nələrdir?

- Piano çalmağı və kitab oxumağı çox sevirəm.

- Gələcək planların nələrdir?

- Bakalavrı bitirdikdən sonra magistratura təhsili almağı düşünürəm. Həmçinin növbəti illərdə könüllülük fəaliyyəti ilə də məşğul olmaq niyyətindəyəm.

- Universitet seçimin barədə razısan?

- Bəli, qərarımdan çox razıyam. Universitet həyatı gözəl keçir və dərslərimdə məsuliyyətlə çalışıram.

Aysel Məmmədli

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox