Tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Şəfizadə Sərxan Elçin oğlu həm döyüş meydanında, həm də sinif otağında qəhrəmanlıq nümunəsi göstərib. O, II Qarabağ müharibəsində iştirak edərək xalqımızın haqq savaşına öz töhfəsini verib.
Bu münasibətlə AzEdu.az müəllimlə həmsöhbət olub.
Müsahibədə o, həm müharibə xatirələrindən, həm də bu gün gənc nəslə aşılamaya çalışdığı vətənpərvərlik ruhundan danışıb.
Müsahibəni təqdim edirik:
- Sərxan müəllim, oxucularımıza özünüzü daha yaxından tanıtdırardınız.
- 1993-cü ildə Salyan rayonunda anadan olmuşam. 2000-ci ildə Çadırlı kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və tam orta təhsilimi Qaraçala kənd orta məktəbində almışam.
2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının tarix-coğrafiya ixtisasına qəbul olmuşam. 2015-ci ildə ali təhsili başa vurub hərbi xidmətə yollandım. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 53 bal toplamış və Hacıqabul rayonu Sabir Gülmalıyev adına I Udullu kənd tam orta məktəbinə tarix müəllimi kimi təyin olunmuşam.
Bu il müəllimlərin yerdəyişməsi imtahanında iştirak edərək Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə tarix müəllimi kimi fəaliyyətə başlamışam. Pedaqoji fəaliyyətim dövründə Azərbaycan Müəllimlərinin XVI Qurultayında iştirak etmişəm.
- Vətən müharibəsində iştirak etdiyiniz zaman hansı hissləri yaşadınız? O günlər yaddaşınızda necə qalıb?
- II Qarabağ Vətən müharibəsi başlayanda artıq üç ildir ki, müəllim kimi çalışırdım. Bilirik ki, müəllimin əsas vəzifəsi gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Tarix fənnini tədris edən bir müəllim kimi qələmi yerə qoyub cəbhəyə gedərək silah götürmək çox qürurverici hiss idi.
30 ildən sonra torpaqlarımızı düşməndən azad etmək üçün əks-hücum əməliyyatına başladıq. Bu mənim üçün sevinc və qürur anı idi. Bir vətəndaş kimi özümü çox xoşbəxt və qürurlu hiss edirdim ki, qələbənin əldə olunmasında payım var.
Müharibədən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən dörd medalla təltif olunmaq da mənim üçün böyük fəxarət idi. Şagirdlərimin yanına belə bir qələbə və nailiyyətlə qayıtmaq mənim üçün sözlə ifadə olunmaz xoşbəxtlik idi.
- O anlarda, ölümün bu qədər yaxın olduğu bir mühitdə sizi ayaqda saxlayan, döyüşə davam etməyə sövq edən əsas güc nə idi?

- Sentyabrın 21-də təlim toplanışına cəlb olunmuşdum. Hərbi xidmətdən keçən hər kəs düşünür ki, bir daha o formaya qayıtmaz. Lakin yenidən həmin formanı geyinmək çox qəribə bir hiss idi. Əslində, hər insana iki dəfə xidmətdə olmaq nəsib olmur və bu, özü də fərqli bir təcrübə idi.
Müharibəyə Füzuli istiqamətindən başladıq. Cəbhənin ilk yarıldığı anlar çox çətin keçdi, böyük itkilər verdik. Allah şəhidlərimizə rəhmət eləsin. Düşmənin atdığı bombalar bəzən 2-10 metr kənara düşürdü və o an yaşanan hissləri ifadə etmək çox çətindir. 15 dəqiqə, bir saat sonra özümüzün də şəhidlər sırasında ola biləcəyimizi düşünürdük. Müharibə boyu hər bir döyüşçünün beynində bu fikir dolaşırdı. Mən də həmin hissləri eyni ilə yaşamışam.
- Böyük itkilərlə üzləşdiyinizi qeyd etdiniz. Döyüşlər zamanı sizi ən çox sarsıdan və yaddaşınızdan silinməyən anlar olubmu? O anları necə dəf etmisiniz?

- Döyüşün ilk günləri çox ağır keçdi. Yadımdadır, noyabrın əvvəli idi. Şuşa uğrunda döyüşlərdə hərbi hissələrimiz hücuma keçmişdi. Biz həmin vaxt Topxana meşəsində idik. Sonra əmr verildi ki, 4–5 kilometr irəli getməliyik. Yola nəzarət edib düşmənə mane olmalı idik. İlk dəfə gedəndə heç bir səngər qazmadan dayandıq.
Bir əsgər yoldaşımız var idi. O bizə dedi ki, “bura təhlükəsiz yer deyil, gəlin səngər qazaq, çünki yaxın zamanda bombardman edilə bilər”. Biz onun məsləhətinə qulaq asdıq və səngərlər düzəltdik. Qısa zaman kəsiyində düşmən həmin ərazini atəşə tutdu. Bu an mənim üçün unudulmaz idi. Çünki bir neçə saat əvvəl səngər qazmasaydıq, heç birimiz sağ qala bilməyəcəkdik. O mövqeləri düzəltməklə ölümdən xilas olduq.
- Həmin məsləhəti verən əsgər yoldaşınız sağdırmı?
- Təəssüf ki, xeyr. Həmin hadisədən bir neçə gün sonra şəhid oldu. Adı Pərvin Salmanzadə idi. Biz onun sayəsində bu gün yaşayırıq. Özü şəhid oldu, amma bizim həyatımızı xilas etdi.
- Müharibədəki həmkarlarınız və döyüş yoldaşlarınızla bağlı hansı xatirələr sizdə daha çox iz qoyub?
- Döyüş yoldaşlarımızdan həm qazi, həm də şəhid olanlar oldu. Şuşada bir bölükdə olduğum yoldaşım var idi, İmişlidən idi. Mənə çox yaxın idi. Atəşkəsə 3-4 gün qalmış şəhid oldu. O uşaqla uzun müddət bir yerdə olduğumuz üçün düşünürdük ki, o da bizimlə sağ qalacaq. Lakin düşmən gülləsinə tuş gəldi.
Biz dörd nəfər birgə onu maşına təxliyə etməyə apardıq. Həmin an mənim üçün çox ağır oldu. Onu yaralı, qan içində görmək məni dərin sarsıtdı. Sonradan məlumat aldıq ki, o, xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib. Heç birimiz inana bilmədik. O, çox çevik və fəal bir gənc idi. Elə bilirdik ki, o da bizlə birgə sağ qalacaq.
- Tarix müəllimi olaraq şagirdlərinizə Vətən sevgisini necə aşılayırsınız və bunu gündəlik dərslərinizdə hansı üsullarla göstərirsiniz?

- Məncə, bir müəllim üçün şagirdin ali məktəbə qəbul olub-olmaması əsas məsələ deyil. Çünki belə bir deyim var: “Şagirdlər müəllimlərinin səhvlərini hər şeydən yaxşı yadda saxlayırlar". Müəllimin öyrətdikləri şagirdin həyatında böyük iz buraxır.
Mən bu gün şagirdlərimə izah edirəm ki, Vətənə xidmət təkcə döyüş meydanında olmur. Biz hər birimiz fəaliyyət göstərdiyimiz sahədə vətənimizə ləyaqətlə xidmət etməliyik. Çalışıram ki, şagirdlərimi təhsil istiqamətində maarifləndirim və məsuliyyətli vətəndaş kimi yetişdirim.
- Sizcə, bu müharibə gələcək nəsillərə hansı dərsləri verdi?
- Tariximizə nəzər salsaq, görərik ki, Azərbaycan xalqı azadlığı uğrunda dəfələrlə mübarizə aparıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı, 23 ay yaşadı. Tarix boyu bir neçə dəfə çevrilişlər, müstəqillik mübarizələri olub.
Düşmən yenidən bizə qarşı qəsbkar planlar hazırladı, amma biz 30 ildən sonra ərazi bütövlüyümüzü bərpa etdik. Düşünürəm ki, bu müharibə gələcək nəsillərə ən böyük dərs olaraq onu göstərdi ki, biz artıq kimlərin dost, kimlərin düşmən olduğunu daha yaxşı tanıdıq. 44 günlük Vətən müharibəsindən hər kəsin böyük nəticələr çıxardığına inanıram.
- Zəfər Günü xəbərini eşidəndə yaşadığınız hissləri necə ifadə edərdiniz?
- Noyabrın 9-dan 10-na keçən gecə radio vasitəsilə öyrəndik. Birdən-birə cəbhədə sakitlik yarandı. Elvin adlı döyüş yoldaşımız var idi, səngərdən çıxıb gəldi və dedi ki, “müharibə başa çatıb”. Hər bir insan üçün müharibədən sağ çıxmaq böyük nemət idi. Biz yoldaşlarla sevincli şəkildə bu xəbəri qeyd etdik.
Tökülən qanlarımızın, çəkilən əziyyətlərin hədər getmədiyini bilmək bizim üçün ölçüyəgəlməz sevinc idi. İnsan mübarizəyə başlayanda hər zaman qalib gəlmək istəyir, biz də həmin an qələbənin nə qədər dəyərli olduğunu hiss etdik.
Azərbaycan xalqı bu müharibədə dünyada nadir görülən bir birlik nümayiş etdirdi. Bu, xalqımızın, ordumuzun və dövlətimizin birgə qələbəsidir. Gənclərə tövsiyəm budur ki, Vətənini sevsinlər, onu qorusunlar və ona layiqli övlad olsunlar.