Azedu.az

Şagirdlərinə tarix öyrədirdi, özü tarix yazdı - bu gün onun şəhid olduğu GÜNDÜR

Müsahibə və reportajlar

8 Noyabr 2025, 08:54
Şagirdlərinə tarix öyrədirdi, özü tarix yazdı - bu gün onun şəhid olduğu GÜNDÜR

Bu gün biz Zəfər Gününü qeyd edərkən, həmin qəhrəmanların xatirəsini böyük ehtiramla yad edir, onların ailələrinin qarşısında dərin hörmətlə baş əyirik.

AzEdu.az Təhsil Portalı olaraq, bu münasibətlə şəhidin anası Süleymanova Rəfiqə Şükür qızı ilə həmsöhbət olduq.

II Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə, 8 noyabrda qəhrəmancasına şəhid olan tarix müəllimi Rəşad Məmmədovun ömür yolundan danışacağıq. Bu gün Zəfərdən keçən 5 il kimi, onun şəhid olmasından da 5 il ötür.

Onun ömür yolu, müəllimlik fəaliyyəti, Vətənə olan sevgisi və anasının dilindən səslənən xatirələr bir daha göstərir ki, bu torpaq igid oğulların qanı ilə azaddır.

Müsahibəni təqdim edirik:

- Rəfiqə xanım, oğlunuz Rəşad müəllimlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik. İlk olaraq onun təhsil həyatı haqqında məlumat verə bilərsizmi?

172120

- Rəşad 1989-cu ilin sentyabrın 1-də Gəncə şəhərində anadan olub. Orta təhsilini 34 nömrəli məktəbdə alıb. Daha sonra Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan sonra Gədəbəy rayonunun Qoşabulaq kənd 1 nömrəli tam orta məktəbində 5 il tarix müəllimi kimi fəaliyyət göstərib. Müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Gəncə şəhərində müəllimlik fəaliyyətinə daha 2 il davam edib. Müharibə başlayanda isə o, könüllü şəkildə döyüşlərə yollanıb və 8 noyabrda - Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, çox ciddi və sakit uşaq idi. Elə də tələbkar deyildi, amma həmişə qaydalı, məsuliyyətli davranardı. Dinc, ağıllı uşaq idi. Yaşıdları ilə birgə küçədə oyunlar oynamağı sevirdi. Məktəbdə də yaxşı oxuyan, müəllimlərinin sevimlisi olan şagirdlərdən idi.

- Uşaqlıq illərində hansı maraq və hobbiləri var idi?

- Ən çox kitab oxumağı sevirdi. Bəzən oturub öz-özünə şahmat oynayardı. Hərbçilərə xüsusi marağı vardı. Harada hərbçi görsəydi, mütləq arxasınca qaçardı. Televizorda hərbi süjetlərə baxanda isə diqqətlə izləyərdi. Həmin anlarda mən hiss edirdim ki, Rəşad böyüyəndə hərbçi olmağı arzulayacaq. Oğlum elə bir dövrdə doğulmuşdu ki, həmin illərdə ölkədə müharibə gedirdi.

Bir dəfə televizorda məcburi köçkünləri görəndə mənə sual verdi: “Ana, bu insanlar kimdir?” Mən də dedim ki, düşmənlər torpaqlarımıza daxil olublar və insanlar evlərindən didərgin düşüblər. Onda mənə dönüb dedi: “Ana, mən onları qovacam".

Artıq 5-ci sinifdə oxuyanda tarix fənninə xüsusi maraq göstərməyə başladı. O zamandan mənə demişdim ki, tarixçi olacaq.

Rəşad çox istəyirdi ki, bir gün öz tarix kitabını yazsın. Ali məktəbi bitirdikdən sonra da bu arzusundan dönmədi. Magistraturanı bitirmişdi və doktoranturaya qəbul olmaq üçün sənədlərini təqdim etmişdi. Təəssüf ki, imtahan vaxtı artıq Rəşad şəhid olmuşdu. Arzusu yarımçıq qaldı... (susur)

- Neçə övladınız var?

- Rəşad tək uşaq olub. Bacısı, qardaşı yoxdur.

- Bəs, evli idi?

-Xeyr, subay idi. Kəndə işlədiyinə görə hələ ailə qurmasını istəmirdim. Elə özü də evlənmək istəmirdi. Çünki orda ev vermirdilər. Məndə istəməzdim ki, gəlinim oğlumdan ayrı düşsün. Dedim ki, nə vaxt müharibədən qayıdarsan, elə o  zaman da evlənərsən.

İndi burda olsaydı toyu üçün hazırlıqlara başlayacaqdıq.. (kövrəlir) Amma qismət olmadı. Sentyabrın 4-ü 31 yaşı tamam oldu və ayın 28-də də cəhbəyə getdi.

- Oğlunuz müəllim olmağa necə qərar verdi? 

172119

- Bizdə ümumiyyətlə tarixçi yox idi. Qardaşım Aqrar Universitetində elmlər namizədi olub, onun qızı isə həmin universitetdə çalışıb. Rəşad isə tarixə o qədər vuruldu ki, özü tarixçi olmaq istəyirdi. Bir dəfə cəbhə bölgəsində jurnalistə müsahibədə demişdi: “Mənim dərs dediyim tarix, başqalarının yazdığı tarixdir".

Mən deyirdim: “Ay Rəşad, tarixi o qədər də yazanlar var". O isə həmişə cavab verərdi: “Ana, tarixi nə qədər də yazsalar, tarix bitməyəcək. Bundan sonra da yazacaqlar”. Oğlumun yeni Azərbaycan tarixini yazmaq arzusu var idi. 5-ci sinifdən bu arzu ilə yaşayırdı.

- Müəllim kimi onun ən çox dəyərləndirdiyiniz xüsusiyyətləri hansılardır?

- Universitetdə oxuyanda əvvəlcə demişdi ki, “ana, mən səhv fənni seçmişəm”. Mən isə ona başqa fənni seçməyi tövsiyə etmişdim. Ali məktəbi bitirib kənddə işləməyə gedəndən sonra dedi: “Nə yaxşı ki, tarix müəllimliyini seçmişəm. Uşaqlara dərs keçmək necə də maraqlıdır". Şagirdləri onu çox sevirdilər. Onun dərs dediyi şagirdlərin valideynləri deyirlər ki, “Rəşad müəllim olsaydı, bizim uşaqlar dərslərini yaxşı oxuyardı".

- Döyüşə getmək qərarına nə zaman gəldi? Siz onun bu qərarını necə qarşıladınız?

- Tovuz döyüşləri zaman o məni yanıma gəlib dedi: “Ana, mən yazıldım”. Mən soruşdum: “Ay bala, hara yazıldın?” Dedi: “Döyüşə yazılmışam". Mən o vaxt düşünürdüm ki, müharibə tez bitəcək, buna görə zarafat edir. Lakin II Qarabağ Vətən müharibəsi başlayanda o özünə yer tapa bilmədi, gedib-gəlib dururdu. Elə bilirdi məni də ora çağıracaqlar. Bir dəfə dedi: “Yaralılara qan lazımdır, mən gedib qan verəcəm".  Sonra qayıdıb dedi ki, burada qan götürmürlər; başqa yerə getdi.

Bir gün hərbi komissarlıqdan çağırış gəldi. İki saat ərzində ora getməli idi. Xəbəri eşidən kimi, bir an belə tərəddüd etmədən qalxıb hazırlaşdı. Mən ona dedim: “Ay Rəşad, hara gedirsən, məni tək qoyub?” O isə sakitcə cavab verdi: “Ana, narahat olma, mütləq qayıdacağam, sənə söz verirəm”. (ağlayır) Oğlumla demək olar ki, hər gün, bəzən isə gündə üç-dörd dəfə danışırdıq.

Rəfiqə xanım, oğlunuzla sonuncu dəfə nə vaxt danışdınız?

- Axırıncı dəfə ayın 6-da, gecə vaxtı danışdıq. Dedi ki, “ana, bir az yorulmuşam, yatım, səhər zəng edərəm”. Səhər zəng gəlmədi… (kədərlənir) Mən zəng etdim, amma zəng çatmadı. Sonra əsgər yoldaşı cavab verdi və dedi ki, “xala, telefonları alıblar ki, danışılmasın”. Mən də inandım.

Amma məlum oldu ki, oğlum ayın 8-də şəhid olub. Əsgər yoldaşları həmin gündən onu axtarmağa başlayıblar. Deyiblər ki, müharibə bitib, amma Rəşaddan hələ də xəbər yoxdur.

Rəşad müəllimin şəhid olduğu xəbərini sizə kim və necə çatdırdı?

- Qardaşımın qızı gəlib dedi ki, “Rəşadı gətirirlər”. Mən də dedim: “Niyə mənə indi deyirsiniz? Axı heç nə hazırlamamışam".  Dedi ki, “xala, Rəşad şəhid olub...”. (ağlayır)

Bir anda eşidəndə insan necə ola bilər ki… İnanmadım. Heç tabutu açıb baxa da bilmədim. Elə bilirdim ki, bu, Rəşad deyil. Mən hələ də inana bilmirəm. Elə gəlir ki, Rəşad bu saat içəri girəcək, “ana, mən gəldim”,- deyəcək... (ağlayır)

Bir qədər fasilədən sonra Rəfiqə xanım özünü toparladı. 

- Oğlunuz həm müəllim, həm də insan kimi yaddaşlarda dərin iz qoyub, xatirələrdə həmişə yaxşı biri kimi xatırlanacaq...

- Rəşad özü-özünə tərbiyə olunmuş bir insan idi. Heç vaxt ona “bunu et”, “bunu etmə” deməmişəm. Hər zaman məsuliyyətli, təmkinli və qayğıkeş idi.

Gənclərə demək istəyirəm ki, oxusunlar, ali təhsil alsınlar, dövlətimizə layiq övladlar olsunlar. Vətənpərvər ruhda böyüsünlər, Vətənimizi, torpağımızı sevsinlər və onu hər zaman qorusunlar.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox