“Müasir metodist” layihəsi təhsildə yenilikçi yanaşmaların tətbiqini, müəllimlərin peşəkar inkişafının dəstəklənməsini və müasir təlim strategiyalarının təşviqini hədəfləyən vacib təşəbbüsdür. Bu layihə çərçivəsində metodistlərin rolu yalnız ənənəvi nəzarət və istiqamətləndirmə ilə məhdudlaşmır, eyni zamanda innovativ metodların tətbiqi, rəqəmsal bacarıqların artırılması və tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində aparıcı mövqedə dayanır.
Təhsilin daim yeniləndiyi və dəyişdiyi bir dövrdə metodistlərin peşəkarlığı, çevikliyi və yaradıcı yanaşması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu baxımdan “Müasir metodist” layihəsi metodik xidmətin yeni modelini formalaşdıraraq təhsil sistemində keyfiyyət dəyişikliyinə töhfə verməyi qarşısına məqsəd qoyur.
Layihə haqqında daha ətraflı məlumat üçün AzEdu.az-a Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva geniş müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Metodik xidmət təhsil sistemində hansı rolu oynayır və bu anlayış necə formalaşıb?
- Metodik xidmət müəllimin peşəkar inkişafını təmin edən əsas mexanizmlərdən biridir. Bu, yalnız bu günün tələbi deyil. Hələ sovetlər dövründə də metodik kabinetlər fəaliyyət göstərirdi və yerli təhsil idarələrində çalışan mütəxəssislər məktəblərə gedərək müəllimlərə metodik dəstək göstərirdilər. Məktəblərdə isə könüllü əsaslarla fəaliyyət göstərən fənn metodbirləşmələri vardı. Müəllimlər bir araya gələrək dərs planlarını, tədris üsullarını, qiymətləndirmələri müzakirə edirdilər. O dövr üçün bu model kifayət qədər effektiv idi.
- Bəs niyə bu modellər zamanla öz aktuallığını itirdi?

- Çünki zamanla tələblər dəyişdi. Əvvəllər müəllimlərin informasiya mənbələri məhdud idi. İnternet, sosial şəbəkələr və onlayn platformalar mövcud deyildi. Metodbirləşmələr informasiya mübadiləsinin əsas məkanı rolunu oynayırdı. Son onilliklərdə isə məlumat axını sürətlə artdı. Müəllimlər artıq “WhatsApp” qruplarında, müxtəlif onlayn icmalarda və video platformalarında fikir mübadiləsi apara bilirlər. Kənardan gələn nümayəndə ilə təsadüfi hallarda yığışıb müzakirə aparmaq əvvəlki əhəmiyyətini saxlamadı. Digər tərəfdən, könüllülük əsasında qurulan mexanizmlər davamlı və sistemli nəticə vermədi.
- Müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün hansı yeni addımlar atıldı və hansı modellər tətbiq olundu?
- Uzun illər müəllimlərin peşəkar inkişafı əsasən təlimlər vasitəsilə həyata keçirilirdi. Dövlət qurumları tərəfindən təhsilverənlər üçün 120 saatlıq təkmilləşdirmə proqramları təşkil edilirdi. Təhsil islahatları dövründə ümumi təhsil standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması gedişində təhsilverənləri təlimlərə cəlb etməyin yeni modellərinə ehtiyac yarandı.
2011-2012-ci illərdən etibarən təlimlərin ali və əlavə təhsil müəssisələri tərəfindən dövlət maliyyəsi əsasında yeni rəqabətyönümlü yanaşmaları özündə birləşdirən yollarla müəllimlərin peşəkar inkişafı proqramları həyata keçirilməyə başladı. Bu model ilk dövrlərdə təlimlərin keyfiyyətinin artırılmasına və əlçatarlığa şərait yaratdı. Lakin zaman keçdikcə yeni çətinliklər üzə çıxmağa başladı.
- Yeni təlim proqramları tətbiq edilərkən müəllimlərin üzləşdiyi əsas çətinliklər nələr oldu?
- Əsas sual belə idi: müəllim təlimdə öyrəndiyini sinifdə tətbiq edə bilirmi? Müşahidələr göstərdi ki, yeni təlim proqramları ilə işləyən müəllimlər təlimlərdə yeni yanaşmaları və strategiyaları öyrənir, lakin onu öz şagirdlərinin ehtiyaclarına, müvafiq təlim nəticələrinə uyğunlaşdırmaqda çətinlik çəkirlər. Araşdırmalar nəticəsində aydın oldu ki, müəllimin yanında davamlı metodik izləmə və davamlı dəstək mexanizmi olmalıdır. Təkcə təlim kifayət deyil, praktik dəstək lazımdır.
- “Müasir metodist” modelinin yaranması necə baş verdi və hansı prinsiplər üzərində quruldu?

- Təhsil sistemləri oxşar olan və ya eyni yolu keçən ölkələrin təcrübəsi öyrənildi və aydın oldu ki, bir çox ölkələrdə sözügedən vəziyyətdən çıxış yolu kimi məktəbdaxili mentor, pedaqoq və ya metodist adlandırılan şəxs və ya şəxslərin vasitəsilə həyata keçirilən dəstək mexanizmləri sınaqdan keçirilmişdir. Həmçinin, bu mexanizmlərin ümumitəhsil müəssisələrində zaman-zaman faydaları müşahidə olunmuşdur. Bəzi ölkələrdə bu sadəcə layihə olsa da, bir çoxlarında ayrıca ştat vahidi olaraq reallaşdırılmış və məktəbdə pedaqoji prosesə sistemli dəstəyi özündə ehtiva edir.
Sınaqdan çıxmış bir model olduğu üçün və keyfiyyəti təmin etmək ehtiyaclarımıza uyğun olduğu üçün biz də bu modeli təcrübədən keçirməyə qərar verdik. Lakin prinsipial yanaşma bu oldu ki, metodist məktəbin öz müəllimi və ya yaxınlıqda yerləşən məktəbin müəllimi olsun. Könüllülük əsas şərt kimi müəyyən edildi. Çünki istəksiz, yuxarıdan təyinetmə yolu ilə bu funksiyanı yerinə yetirmək fayda verməz.
- Layihənin əsas məqsədi nədən ibarətdir?
- Əsas məqsəd metodist vəzifəsinin məktəblərin rəsmi ştat vahidi kimi təsbit olunmasıdır. Hazırda metodistlər əmək müqaviləsi əsasında çalışırlar. Lakin bu modelin institusional əsasda formalaşdırılması sistemin davamlılığını daha da gücləndirəcək.
Metodik xidmət məktəbin daimi inkişaf mexanizmi olarsa, uğur əldə etmək olar.Təhsildə keyfiyyət əldə etmək ardıcıl, sistemli və məqsədyönlü işin nəticəsində mümkündür.
Hazırda əsas işlərdən biri məktəbdaxili metodistin fəaliyyətini monitorinq etmək, üzə çıxan problemləri onlarla müzakirə etmək və çıxış yollarını axtarmaqdır. Metodistləri peşəkarlaşdırmaqla yanaşı metodik xidmətin təşkil olunduğu məktəblərin direktor və direktor müavinləri üçün də eyni tipli təlimlərin keçirilməsi planlaşdırılır. Məqsədimiz budur ki, direktor və metodist dərs müşahidəsi zamanı dərsə eyni meyarlarla yanaşsınlar və eyni tipli rəy versinlər. Çünki metodist və direktor dərsi fərqli yanaşmalarla qiymətləndirdikdə ziddiyyət yaranır.
- Metodistlərin seçimi necə həyata keçirilir? Namizədlərdən hansı keyfiyyətlər gözlənilir?
- Açıq şəkildə elan vasitəsilə çağırış edilir. Sertifikatlaşdırma imtahanlarında 51 və daha yüksək bal toplamış, ən azı 5 il pedaqoji stajı olan müəllimlər müraciət edə bilər. Sertifikatlaşdırma nəticəsi fənn biliklərinin göstəricisi kimi əsas götürülür. Namizədlərin müsahibələrində fənn biliyi yox, metodik yanaşma, düşünmə bacarığı, öz dərsini təhlil etmək qabiliyyəti və problem həll etmə bacarığı qiymətləndirilir. Namizəd yanaşmalarını izah edərkən səhv edə bilər, əsas odur ki, öz yanaşmasını əsaslandıra bilsin.
Hesab edirik ki, düşünən, refleksiya edə bilən və inkişaf potensialı olan müəllimlər təlimdə iştirak edib zəruri məzmunu öyrənməklə yaxşı metodist ola bilər. Təlim zamanı namizədlər demo dərslər təqdim edir, layihə tapşırıqları yerinə yetirirlər. Sonda yekun qiymətləndirmə aparılır. Statistik olaraq müraciət edənlərin təxminən 10–15 faizi bu prosesi uğurla tamamlayır. Çünki metodist olmaq sadəcə vəzifə deyil. Bu, məsuliyyət, vicdan və peşəkarlıq tələb edən bir missiyadır. Metodist müəllimin nəzarətçisi deyil, onun peşəkar inkişafı yolunda bələdçidir. Bu rolu düzgün yerinə yetirmək hər kəs üçün mümkün olmur.
Təəssüf ki, namizədin sahib olduğu dəyərləri nə müsahibə, nə də təlim vasitəsilə qiymətləndirmək mümkün olmur. Bunu yalnız metodistin məktəbdəki fəaliyyətini müşahidə etməklə anlamaq olar.
- Məktəblər bu prosesi necə qəbul etdi?
- Başlanğıcda çətinliklər oldu. Məktəblərdə belə bir fikir vardı ki, metodist yoxlama üçün gəlir. Təxminən iki il maarifləndirmə və təbliğat aparıldı ki, metodist nəzarətçi deyil, dəstəkçidir. İndi vəziyyət xeyli dəyişib. Artıq məktəblər özləri metodist istəyirlər.
- Hazırda metodistlərin fəaliyyəti hansı mərhələdədir və ölkə üzrə vəziyyət necədir?

- 2023-cü ildə 45 məktəbdə pilot olaraq başladıq. 2024-cü ildə ibtidai təhsil üzrə 96, yuxarı siniflər üzrə təxminən 60 metodist fəaliyyət göstərirdi. 2025-2026-cı tədris ilində artıq ölkənin 376 ümumitəhsil məktəbində metodist fəaliyyət göstərir. Bundan əlavə, 23 aparıcı metodist regional idarələr səviyyəsində metodistlərin fəaliyyətini kurasiya edir.
Məsələn, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində olan ümumitəhsil məktəblərində 12 nəfər aparıcı metodist məktəbdaxili metodistlərin fəaliyyətini izləyir, onların işinə əks-əlaqə verir, metodik görüşlər keçirir, ehtiyac olduqda onlar üçün əlavə təlim və vebinarlar təşkil olunur. Məktəblərimizdə metodiki xidmətin gücləndirilməsi daim diqqət mərkəzindədir. Metodistlərin ölkə üzrə son sayı ilə bağlı məlumatı sizinlə bölüşmək istərdim.
Hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsi üzrə 192 metodist fəaliyyət göstərir. Regionlar üzrə göstəricilərə gəldikdə isə: Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 31, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 11, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 9, Qarabağ Regional Təhsil İdarəsi üzrə 9, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 6, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 15, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 14, Mərkəzi Aran üzrə 21, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 13, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 35, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 7 və Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 13 metodist çalışır.
- Metodistlərin inkişafı necə təmin olunur?
- Başlanğıcda namizədlər üçün təxminən 120 akademik saatlıq təlim proqramı keçirilir. Daha sonra ilboyu davam edən vebinarlar, təlim və praktik məşğələlər təşkil olunur. Hər həftənin bir günü peşəkar inkişaf günü olaraq müəyyənləşdirilib.
Aparıcı metodistlər məktəblərə gedərək metodistlərin fəaliyyətini izləyir, ehtiyaclara uyğun fərdi və qrup dəstəyi göstərirlər.
- İbtidai təhsilə xüsusi diqqət yetirilməsinin səbəbi nədir?
- İbtidai təhsil səviyyəsində tədris prosesi keyfiyyətli təşkil olunarsa, bu yuxarı siniflərdə şagirdlərin təlim nəticələrinə müsbət təsir edir. Ona görə də metodik dəstəyi ibtidai təhsil səviyyəsində prioritetləşdirməklə yuxarı siniflərdə dərs deyən müəllimlərlə əməkdaşlıq zəminində məktəbdə səmərəli təlim mühitini formalaşdırmaq nəzərdə tutulur. Məqsəd hər bir məktəbdə şagirdlərin düşünməni və səmərəli müzakirəni dəstəkləyən pedaqoji mühitdə təhsil almasını təmin etməkdir.
- Metodik xidmətin məqsədini bir neçə cümlə ilə necə təsvir edərsiniz?
- Metodik xidmət kənardan nəzarət mexanizmi deyil, qarşılıqlı inkişaf strategiyasıdır. Biz məktəbdə yeni bir “yoxlama mexanizmi” yaratmamışıq. Əksinə, müəllimin yanında dayanan, onunla birgə düşünən, dərsini birlikdə təhlil edən, ona metodik baxımdan dəstək olan bir sistem formalaşdırmağa çalışırıq. Çünki təhsildə əsas dəyişiklik müəllimin sinifdə nə etdiyindən başlayır.
Müasir məktəb artıq informasiya ötürən məkan deyil. Müəllim şagirdə sadəcə mövzunu izah etməməli, onu düşünməyə, müzakirə etməyə, nəticə çıxarmağa təşviq etməlidir. Bu isə metodik baxımdan ciddi hazırlıq tələb edir. Layihənin əsas məqsədi müəllimi tənqid etmək deyil, onun peşəkar inkişaf istiqamətlərini formalaşdırmaqdır. Əsas prinsip budur: müəllim peşəkarlaşarsa, şagirdin təlim nəticəsi yüksələr.
- Metodistlərin strukturu necə qurulub və vəzifə bölgüsü necədir?
- Metodik xidmət karyera yüksəlişi prinsipi əsasında təşkil olunub. Metodistlər kənardan dəvət olunan şəxslər deyil. Onlar məktəbdə özünü sübut etmiş, şagirdlərinin nəticələri ilə fərqlənən, pedaqoji kollektivdə nüfuz qazanmış müəllimlərdir. Əvvəlcə məktəbdaxili metodist kimi fəaliyyət göstərirlər. Bu mərhələdə həmkarlarının dərslərini müşahidə edir, onlara əks-əlaqə verir, metodik müzakirələr aparırlar.
Uğurlu metodistin aparıcı metodist olmaq imkanı var. Aparıcı metodistlər həm öz məktəblərində işləyir, həm də metodisti olmayan əlavə iki məktəbdə fəaliyyət göstərirlər. Həftədə bir-iki dəfə həmin məktəblərə gedərək müəllimlərlə işləyir, ehtiyacları müəyyənləşdirir, müvafiq n inkişaf proqramlarına yönləndirirlər. Həmçinin öz bölgəsi üzrə məktəbdaxili metodistlərə mentorluq edirlər.
Strukturun ən yüksək pilləsi baş metodistdir. Hazırda bu vəzifədə 4 nəfər baş metodist fəaliyyət göstərir. Onlar metodik xidmətin məzmununun hazırlanması, metodik çərçivənin qurulması, monitorinq nəticələrinin təhlil olunması kimi fəaliyyətləri həyata keçirirlər.
- Gündəlik işdə metodist nələr edir? Dərsləri necə izləyir və müəllimlə necə ünsiyyət qurur?
- Metodist həftəlik təxminən 10 saat dərs dinləyir. Bu proses formal yoxlama deyil. Dərsin məqsədi, öyrənmə tapşırıqlarının dərsin məqsədinə uyğunluğu, şagirdin düşünməsi və fikrini sərbəst şəkildə ifadə etmək üçün ona imkan yaradılması, müəllimin şagirdin cavabına reaksiyası və əks-əlaqəsi, diferensial yanaşma imkanları diqqət mərkəzində olur.
Dərsdən sonra müəllimlə fərdi və konfidensial görüş keçirilir. Əks-əlaqə müəllimin konkret bir dərs ərzində nümayiş etdirdiyi öyrətmə fəaliyyətinə yönəlir. Biz müəllimi “sən səhv etdin” prinsipi ilə deyil, “bu hissəni belə etsək daha effektiv olar” yanaşması ilə istiqamətləndirməliyik. Bu, çox incə və peşəkar yanaşma tələb edir.
Həftə ərzində metodist metodik görüş təşkil edir, orada ortaq problemlər müzakirə edilir, ehtiyac olduqda qrup təlimləri keçirilir. Metodist yalnız problemi göstərmir, onun həlli üçün konkret metodik alətlər təqdim edir.
- Müəllim İnkişaf Portalının rolu nədir?
- Müəllim İnkişaf Portalı metodik xidmətin sistemli və davamlı şəkildə həyata keçirilməsini təmin edən rəqəmsal idarəetmə mühitidir. Portal dərsdinləmə prosesini vahid platformada təşkil etməklə müşahidələrin qeydə alınmasını, inkişaf yönümlü əks-əlaqənin verilməsini və müəllimlərin peşəkar inkişaf dinamikasının izlənilməsini mümkün edir.
Portal vasitəsilə dərsdinləmə qrafikləri planlaşdırılır, verilən rəylər sistemləşdirilir və müəllimlərin ehtiyaclarına uyğun metodik resurslara çıxış təmin olunur. Bu yanaşma fərdi müşahidələri ayrı-ayrı fəaliyyətlərdən çıxararaq ardıcıl və ölçülə bilən inkişaf prosesinə çevirir.
Eyni zamanda portal idarəetmə səviyyəsində ümumi təhlillərin aparılmasına imkan yaradır. Toplanan məlumatlar əsasında məktəb və region üzrə metodik ehtiyaclar müəyyən edilir, hədəfli təlimlər və metodik görüşlər planlaşdırılır. Beləliklə, qərarlar fərdi təəssüratlara deyil, real müşahidə məlumatlarına əsaslanır.
Portal ictimai açıq platforma deyil və yalnız səlahiyyətli şəxslər üçün əlçatandır. Bu yanaşma müəllimin peşəkar təhlükəsizliyini və məlumatların etik istifadəsini təmin edir. Portaldan istifadənin məqsədi metodik dəstəyi gücləndirmək və müəllim inkişafını davamlı və izlənilə bilən sistemli bir prosesə çevirməkdir.
- Layihənin məktəb və şagird nailiyyətlərinə real təsiri nələrdir? Siz müşahidələrinizdən nə deyə bilərsiniz?

- Məktəblərdə səmərəli təlim mühitinin qurulması baxımından metodik xidmət ilə bağlı çoxlu uğurlu nümunələr var. İki il əvvəl məktəbə ilk metodist təyin olunarkən o qədər də ciddi yanaşmayan məktəb kollektivindən indi başqa fikirlər dinləyirik. Monitorinqlər zamanı müşahidə edirik ki, bir çox məktəblərdə müəllimlər metodisti rahatlıqla siniflərinə dəvət edir, qarşılaşdıqları çətinlikləri açıq şəkildə müzakirə edirlər. Ən müsbət məqamlardan biri də budur ki, xeyli sayda məktəb direktorları məktəblərə metodist gəlməsi üçün namizədləri yönləndirir və məktəbdə metodistlərin uğurlu fəaliyyəti üçün yaxşı şərait yaradırlar.
Şagird nailiyyətlərinə təsiri ilə bağlı onu demək olar ki, IV siniflərdə mərkəzləşdirilmiş monitorinqlərin son bir neçə ildəki nəticələri müəyyən müsbət dinamikanın olduğundan xəbər verir.
- Prosesin şəffaflığı necə təmin olunur?
- Metodistlərin fəaliyyəti mütəmadi izlənilir. Məktəb rəhbərləri arasında sorğular keçirilir, müəllimlərdən metodistlərin fəaliyyəti ilə bağlı rəy öyrənilir. ARTİ-nin əməkdaşları, aparıcı və baş metodistlər məktəblərə səfər edir, gün ərzində metodistin fəaliyyətini izləyirlər. Monitorinq nəticəsində üzə çıxan problemlər müzakirə edilir, ehtiyac yaranarsa, metodistlər üçün əlavə təlim, seminar və ya görüşlər təşkil olunur.
- Gələcək planlar və hədəflər nələrdir?
- Hazırda əsas planımız metodik xidmətin ayrıca struktur kimi həm regionlar, həm də məktəblər üzrə sistemli şəkildə formalaşdırılmasıdır. Metodik xidmətin məzmunun təkmilləşdirilməsi, daha hazırlıqlı mütəxəssislərin cəlb olunması və əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Bundan əlavə, məzmunun elektronlaşdırılması istiqamətində iş aparılır. Portal üzərindən həm metodistlər, həm də müəllimlər üçün daha çox resurs yerləşdirilməsi nəzərdə tutulur.