Azedu.az

“Gənclər artıq təkcə icraçı deyil, təşəbbüskardır” - Prezident mükafatçısı

Müsahibə və reportajlar

3 Fevral 2026, 12:27
“Gənclər artıq təkcə icraçı deyil, təşəbbüskardır” - Prezident mükafatçısı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.

Onlardan biri də Gülbağda Leysanova Hacıyevadır. Belə ki, 2019-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə məzunu olub.

AzEdu.az Gülbağda xanımla əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Müsahibəni təqdim edirik:

- Özünüzü qısa şəkildə oxucularımıza təqdim edərdiniz.

- Mən Gülbağda Leysanova Hacıyeva 13 may 1998-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2015-ci ildə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseydən məzun olmuşam. 2015-2019 -cu illərdə Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam. Magistr təhsilimi isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirmişəm.

Əmək fəaliyyətimə 2019-cu ildə “Regional İnkişaf” İctimai Birliyində başlamışam. Hazırda İctimai Birliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinə rəhbərlik edirəm.

- Prezident mükafatına layiq görüldüyünüzü öyrənəndə ilk reaksiyanız nə oldu?

- Bu xəbəri eşidəndə böyük qürur, sevinc və eyni zamanda dərin məsuliyyət hissi keçirdim. İlk anlarda yaşadığım sevinc təkcə şəxsi bir uğurun sevinci deyildi; bu, görülən işlərin dəyərləndirildiyini və zəhmətin hədər getmədiyini göstərən mənəvi bir hiss idi. Eyni zamanda qürur hissi ilə yanaşı, üzərimə düşən məsuliyyətin miqyasını daha aydın dərk etdim.

Bu mükafatın adı çəkiləndə insan istər-istəməz öz yoluna, atdığı addımlara və daşıdığı missiyaya yenidən nəzər salır. Məndə də həmin an sevinc hissi ilə bərabər, “bu etimada bundan sonra necə layiq olmalıyam” sualı yarandı. Çünki bu Ali mükafat təkcə ötən fəaliyyətin qiymətləndirilməsi deyil, həm də gələcək üçün daha məsuliyyətli, daha məqsədyönlü və daha fədakar çalışmağın zəruriliyini xatırladan bir çağırışdır.

Fürsətdən istifadə edərək Gənclər üçün Prezident Mükafatına layiq görüldüyüm üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Göstərilən etimadı doğrultmaq üçün bundan sonra daha böyük əzmlə çalışacağam.

- Bu mükafat sizin üçün nə ifadə edir?

- Bu mükafat mənim üçün indiyədək gördüyüm işlərin düzgün istiqamətdə olduğunu göstərən mühüm göstəricidir. Eyni zamanda, gələcək fəaliyyətimdə cəmiyyətə daha faydalı olmaq, üzərimə düşən məsuliyyəti daha dərindən dərk edərək onu daha böyük həvəs və peşəkarlıqla daşımaq üçün mənə güclü motivasiya verir. Bu etimad mənə göstərir ki, ardıcıl əmək, prinsipial mövqe və ictimai faydaya yönəlmiş fəaliyyət dəyərləndirilir və bu, gələcəkdə də bilik və təcrübəmi cəmiyyətin inkişafına xidmət edən işlərə yönəltmək üçün məni daha məsuliyyətli və məqsədyönlü olmağa sövq edir.

- Uğura gedən yolda hansı əsas fəaliyyətləriniz və ya nailiyyətləriniz rol oynadı?

- Düşünürəm ki, “Regional İnkişaf” İctimai Birliyində ekoloji mühitin qorunması, təhsil və səhiyyə sahələrinin inkişafı, sosial rifahın yaxşılaşdırılması istiqamətində, eləcə də uşaq hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam mühitin yaradılması, rəqəmsal təhlükəsizlik, inklüziv təhsil, autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası, gənclərin maarifləndirilməsi və regionlarda sosial layihələrin icrası üzrə görülən fəaliyyətlərdə uzunmüddətli, sistemli və aktiv iştirakımın, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində apardığım nəticəyönümlü fəaliyyətin yüksək qiymətləndirilməsidir.

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı”, “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi və meşə ekosisteminin bərpası”, “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması”, “Hüquqlarınla parla!” kimi layihələr çərçivəsində qeyd olunan sahələr üzrə fəaliyyətlərin planlaşdırılması, icrası və əlaqələndirilməsində bilavasitə iştirak etmişəm və bu layihələr həm həssas qrupların rifahının yaxşılaşdırılmasına, həm də dayanıqlı inkişaf məqsədlərinə töhfə vermişdir.

- Sizə bu prosesdə ən çox kim və ya nə motivasiya verdi?

- Bu prosesdə məni ən çox motivasiya edən amillərdən biri “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları və könüllüləri ilə birgə çalışmaq, onların fədakarlığını və işə olan məsuliyyətli yanaşmasını yaxından görmək olub. Komanda daxilində mövcud olan qarşılıqlı dəstək, birlik və ortaq məqsədlər naminə çalışma ruhu mənim üçün daim əsas stimul rolunu oynayıb.

Eyni zamanda ailəmin mənə göstərdiyi mənəvi dəstək və inam bu yolda xüsusi əhəmiyyət daşıyıb. Ailənin verdiyi güvən, anlayış və ruhlandırıcı münasibət çətin və məsuliyyətli anlarda irəliləmək üçün mənə əlavə güc verib və fəaliyyətimdə daha əzmkar olmağıma şərait yaradıb.

-Azərbaycanda gənclər üçün yaradılan imkanları necə qiymətləndirirsiniz?

-Azərbaycanın gənclər siyasəti regionda və dünyada ən uğurlu modellərdən biri kimi qəbul edilə bilər. Bu siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji xətt və cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi sonsuz etimad dayanır. Gənclərə olan bu etimad onların potensialına inanıldığını və gələcəyin məhz gənclərlə qurulduğunu açıq şəkildə nümayiş etdirir.

Bu siyasət gənclərin potensialının sistemli şəkildə üzə çıxarılmasına və onların ictimai-siyasi, sosial və iqtisadi proseslərdə fəal iştirakının təmin olunmasına yönəlib. Eyni zamanda yaradılan bu şərait gənclərin özlərinə inamını artırır, onları daha təşəbbüskar və məsuliyyətli olmağa sövq edir. Düşünürəm ki, dövlət tərəfindən göstərilən bu dəstək Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uğurla təmsil olunmasına güclü zəmin yaradır.

- Sizcə, gənclər cəmiyyətin inkişafında hansı rolu oynayır?

- Gənclər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvə rolunu oynayır. Onlar artıq yalnız icraçı mövqedə çıxış etmir, eyni zamanda təşəbbüskar və qərarverici proseslərin fəal iştirakçısına çevriliblər. Gənclərin bilik və potensialının real fəaliyyətə çevrilməsi cəmiyyətin sosial, humanitar və institusional inkişafına birbaşa təsir göstərir.

Gənclərin təşəbbüskarlığı və məsuliyyət hissi onları daha yaradıcı və fəal olmağa sövq edir. Xüsusilə beynəlxalq sahədə fəaliyyət göstərən gənclər Azərbaycanın maraqlarını peşəkarlıqla təmsil edir, ölkənin səsini daha uca platformalarda duyurmaq üçün inamla çıxış edirlər. Bu isə gənclərin təkcə bugünkü deyil, eyni zamanda gələcək inkişaf proseslərində də mühüm rol oynadığını göstərir.

Gənclərə göstərilən dövlət etimadı və yaradılan imkanlar onların cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilməsinə şərait yaradır və bu prosesdə gənclər ölkənin davamlı inkişafına real töhfələr verirlər.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox