Azedu.az

Bir müəllimin gözü ilə 20 Yanvar: “İnsanlarda qorxu yox, müstəqillik arzusu var idi”

Müsahibə və reportajlar

20 Yanvar 2026, 10:23
Bir müəllimin gözü ilə 20 Yanvar: “İnsanlarda qorxu yox, müstəqillik arzusu var idi”

20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşına qanla yazılmış, eyni zamanda milli oyanışın və müstəqillik iradəsinin sarsılmazlığını nümayiş etdirmiş tarixi bir gündür. Bu faciəli gecə təkcə yüzlərlə günahsız insanın həyatına son qoymadı, həm də bir xalqın azadlıq uğrunda geri dönüşü olmayan yolunu müəyyənləşdirdi. Həmin gecənin ağrısı, qorxusu və qüruru bu gün də canlı şahidlərin xatirələrində yaşayır.

20 Yanvar hadisələrinin şahidi olmuş, uzun illər Azərbaycan təhsilinə xidmət etmiş, "Örnək müəllim", 20 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərmiş Fatma Mustafazədə AzEdu.az-a həmin günlə bağlı xatirələrini bölüşüb.

Fatma müəllimin söylədikləri 20 Yanvarın təkcə bir faciə deyil, həm də Azərbaycan xalqının azadlıq iradəsinin simvolu olduğunu bir daha təsdiqləyir.

Hazırda 67 yaşı olan Fatma Mustafazadə təqaüddədir. O, 2014-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Müsahibəni təqdim edirik:

176274

- 20 Yanvar gecəsini necə xatırlayırsınız?

- 20 Yanvar gecəsi mən xəstəxanada, müalicə alırdım. Hadisələr başlayanda artıq atışmaların səsi eşidilirdi. Xəstəxana çox ehtiyatlı davrandı. Bizi dərhal aşağı mərtəbəyə, podvala endirdilər və yuxarı qalxmağa icazə vermədilər.

Pəncərələrdə atəş izləri aydın görünürdü. Gecə boyu silah səsləri və işıqlı mərmilərin uçuşu hiss olunurdu. Hətta sanitar qovşağa gedərkən belə qorxu içində, əyilərək hərəkət edirdik. İşıqlar sönmüşdü, tibbi əməliyyatlar isə generator vasitəsilə həyata keçirilirdi.

- O an ailənizlə əlaqə saxlaya bildinizmi?

- Bəli, o vaxt mobil telefon yox idi, amma xəstəxananın telefonu işləyirdi. Yoldaşıma zəng edib dedim ki, bu tərəfə gəlməsinlər, vəziyyət çox təhlükəlidir. Onlar 8-ci kilometr tərəfdə qalırdılar və təxminən üç gün evdən çıxmadılar.

- Şəhərdə vəziyyət necə idi? Xəstəxanadan çıxandan sonra nə gördünüz?

- Küçələrdə avtobuslar işləmirdi. Tanklar yolları, bordürləri darmadağın etmişdi. Bir taksinin tank tərəfindən əzildiyini gördüm. İçərisi qan içində idi, meyiti artıq aparmışdılar. Şəhərə elə bil ağır bir sükut çökmüşdü. Küçələr boş idi, hamı qorxurdu.

İndi Kaspian Plaza olan ərazidə, həmçinin indiki Lider TV binasının divarlarında güllə izləri açıq-aydın görünürdü.

- Xəstəxanada yaralananlar oldumu?

-Xeyr, xəstəxanada xəsarət alan olmadı. Həkimlər çox ehtiyatlı davranırdılar. Amma pəncərələrdə güllə izləri var idi. Ən şiddətli atışmalar hərbi hissənin yerləşdiyi Şəfayət Mehdiyev küçəsi tərəfdə oldu.

- Tankların, güllələrin səsini ilk dəfə eşidəndə nə hiss etdiniz?

- Əlbəttə, böyük bir həyəcan, qorxu yaşadıq. Hamı ailəsindən, yaxınlarından nigaran idi. Amma səhəri gün gördük ki, xalq qorxmayıb. Bütün şəhər ayağa qalxmışdı. İnsanlar şəhidlərini dəfn etməyə, meydanlara çıxmağa başlamışdı. Bu, inanılmaz bir birlik idi.

Xalqın birliyi mənə inanılmaz güc verdi. Mən insanlarda qorxu yox, qürur gördüm. Hamının üzündə sanki bir sual vardı: “Siz kimsiniz ki, bizi öldürürsünüz?”. Bu, açıq-aşkar meydan oxuma idi.

- 20 Yanvar hadisəsi vətəndaşlıq düşüncənizi necə dəyişdi?

- Bu hadisə bizdə rus işğalına qarşı dərin nifrət yaratdı. Məktəbdə sovet bayramlarını keçirmədik, uşaqlara da bunun səbəbini izah etdik. 20 Yanvar bizə göstərdi ki, biz asılı yaşamaq istəmirik. Biz müstəqil dövlət olmaq istəyirik.

- Hadisədən sonra bir müəllim kimi şagirdlərinizə hansı mesajları verirdiniz?

176275

-Biz şagirdlərə daim deyirdik ki, artıq öz taleyimizin sahibi olmalıyıq. Öz dövlətimiz, öz qərarlarımız olmalıdır. Vətənpərvərlik, müstəqillik ideyalarını təbliğ edirdik. Məktəbdə hər il 20 Yanvar günü xüsusi tədbirlər keçirirdik.

- Şəhidlər Xiyabanına hər gedişinizdə eyni hissləri yaşayırsınızmı?

- Hər dəfə ora gedəndə həm böyük bir kədər, həm də qürur hissi keçirirəm. Biz şəhidlərimizlə təkcə ağlamırıq, onlarla fəxr edirik. Onlar ölməyiblər, şəhid olublar.

- Sizcə 20 Yanvar yalnız faciədirmi, yoxsa xalqın oyanış günüdür?

- Hər ikisidir. Böyük faciədir, amma eyni zamanda milli oyanış günüdür. Bu hadisə xalqın iradəsini qırmaq üçün edilmişdi, amma əksinə, bizi daha da birləşdirdi.

- 20 Yanvar gecəsini bir cümlə ilə ifadə etsəniz, bu nə olardı?

-“Bu gecə həm işğalçılara nifrəti, həm də Azərbaycan xalqının oyanışını gördük".

Yaxınlarınız arasında 20 Yanvar şəhidləri oldumu?

- Xeyr, birbaşa ailəmizdə olmadı. Amma Fərizə və İlham Allahverdiyevlərin ailəsi ilə sonradan tanış oldum. Fərizənin xalası qızına dərs demişəm. Tanıdıqdan sonra onların ağrısını daha yaxından hiss etdim.

- Gələcək nəsillərdən ən böyük gözləntiniz nədir?

176276

- Ən böyük gözləntim odur ki, gənclərimiz özlərinə güvənsinlər, müstəqilliyimizi qorusunlar, vətəni sevsinlər. Azərbaycanı hər sahədə inkişaf etmiş, güclü dövlət kimi tanıtsınlar.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox