Azedu.az

Repetitorluğa nəzarət: İmtahana cəlb olunmaları gözlənilir?

Müəllimlər və elm adamları

3 Dekabr 2025, 10:17
Repetitorluğa nəzarət: İmtahana cəlb olunmaları gözlənilir?

2022-ci ildən etibarən ölkəmizdə müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Prosesin əsas məqsədi təhsil sistemində çalışan müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək və onların peşəkar inkişafını təmin etməkdir. Artıq bir neçə mərhələ üzrə minlərlə müəllim bu imtahanlarda iştirak edərək nəticələr əldə edib.

Cəmiyyətdə müzakirə olunan mövzulardan biri də məktəbdə rəsmi işləməyən, lakin repetitor kimi fəaliyyət göstərən şəxslərin də hansısa bir imtahana cəlb olunması ilə bağlıdır.

Maraqlıdır: rəsmi qeydiyyatda olan və vergi ödəyən repetitorların fəaliyyətini davam etdirməsi üçün onlar da imtahan verməlidirlərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil texnoloqu Şəmil Sadiq qeyd edib ki, repetitorluğun lisenziyalaşdırılması ideyası kökündən yanlışdır:

173606

“Əgər bir şəxs universiteti bitirib və diplom alıbsa, onun müstəqil şəkildə tədrislə məşğul olması üçün əlavə lisenziyaya ehtiyacı yoxdur. Bu, müəllimlik peşəsinin mahiyyətinə də ziddir. Sertifikasiya məsələsi isə daha da gülüncdür. Sertifikasiya yalnız işəgötürən tərəfindən, əməkdaşın peşə bacarıqlarını artırmaq məqsədilə tətbiq edilir. Bəs repetitoru kim sertifikasiya edəcək? Valideynlər? Bu, həm məntiq, həm də hüquq baxımından absurddur. Üstəlik, repetitorluq tam könüllü münasibətdir: heç kim heç kimi məcbur etmir ki, "gəl mənim yanımda hazırlığa qoşul". Bu münasibət bazarın təbii ehtiyacından doğur.

Belə bir fəaliyyəti lisenziyalaşdırmaq və ya imtahana tabe etmək o deməkdir ki, dövlət kölgə təhsilini rəsmiləşdirir. Bu isə mahiyyətcə mümkün deyil. Amma vergi məsələsi tamam başqa məqamdır. Vergi nəzarəti gücləndirilə bilər və gücləndirilməlidir də. Çünki repetitorluq sahibkarlıq fəaliyyətidir və gəlir vergisi ödənməlidir. Mən tanıdığım bir çox repetitor var ki, onlar rəsmi vergi ödəyiciləridir. Bu da tam doğru yanaşmadır.

Lakin belə inzibati addımlarla repetitorluğu aradan qaldırmaq mümkün deyil. Problemin kökü orta məktəb təhsilinin zəifliyində və qəbul sisteminin mürəkkəbliyindədir. Bu iki sahə sağlamlaşdırılmadan repetitorluq da öz-özünə yox olmayacaq.

Repetitorluq qəzalı binaya vurulan müvəqqəti dayağa bənzəyir. Dayağı yıxmaqla bina möhkəmlənmir. Əksinə, binanı söküb yenidən tikmək lazımdır. Məncə, hazırda Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar məhz həmin “binanın” yenidən qurulması üçün atılan addımlardır".

Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı
Son xəbərlərDaha çox