Məktəblərdə test yönümlü tədrisin tətbiqi təhsil sistemində həm şagirdlərin bilik səviyyəsinin ölçülməsi, həm də tədris prosesinin planlaşdırılması baxımından mühüm rol oynayır. Bu yanaşma müəllimlərə dərs planlarını effektiv şəkildə qurmaq, şagirdlərin zəif və güclü tərəflərini müəyyən etmək imkanı yaradır. Digər tərəfdən, yalnız test yönümlü tədrisin tətbiqi müəyyən məhdudiyyətlər də yarada bilər; xüsusilə, şagirdlərin analitik düşünmə və tətbiqi bacarıqlarının inkişafına təsiri müzakirə mövzusudur.
Bu halda sual yaranır: Məktəblərdə test yönümlü tədrisin tətbiqi şagirdlərin həm bilik səviyyəsinin ölçülməsi, həm də tədris prosesinin planlaşdırılması baxımından hansı üstünlükləri və məhdudiyyətləri yaradır?
AzEdu.az-a mövzu ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov danışıb.
Müsahibimiz qeyd edib ki, yalnız testlərin tətbiqi şagirdləri dünya standartlarından və 21-ci əsrin tələblərindən geri qoya bilər:
"Yalnız test yönümlü dərslər və layihələr 21-ci əsrin təhsil standartlarına tam uyğun gəlmir. Çünki beynəlxalq qiymətləndirmələrdə görürük ki, oxuyub-anlama, təbiət və riyazi bacarıqlara bağlı tapşırıqlar daha çox əhatə olunur. Yalnız testlərin tətbiqi şagirdləri dünya standartlarından və 21-ci əsrin tələblərindən geri sala bilər.
Ona görə də testlərin tətbiqi ilə yanaşı, açıq imtahan modelindən istifadə edilməsi daha məqsədəuyğundur. Bu imtahanlarda, xüsusilə ana dili fənnində, şagirdlər həm mətn üzərində oxuyub-anlama suallarına, həm də qrammatik qaydalarla bağlı tapşırıqlara cavab verirlər. Bu yanaşma həm nəzəri bilikləri, həm də oxuyub-anlama bacarığını və 21-ci əsrin standartlarına uyğunluğu ölçür".
O bildirib ki, indiki şagirdlərin təfəkkürü və tətbiq bacarığı 20 il əvvəlki şagirdlərlə müqayisədə daha yüksəkdir:
"Riyaziyyat imtahanlarında da oxşar yanaşma tətbiq olunur: riyazi açıq suallar, qapalı suallar, oxuyub-anlama və esse tipli tapşırıqlar yer alır. Təbiət fənlərində də bu imtahanlar 6–8-ci siniflərdə tətbiq olunur. Bu imtahanlar dövrün tələblərinə cavab verir və yaxın illərdə tədrisin keyfiyyətinə, eləcə də beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın nəticələrinə müsbət təsir göstərə bilər.
Məhdudiyyət isə odur ki, yalnız testlərin tətbiqinə həddindən artıq üstünlük verilərsə, şagirdlər 21-ci əsrin standartlarından geri qala, analitik düşüncə və tətbiqi bacarıqlarında geriləmə yarana bilər. Keçmiş və indiki dövrün şagirdləri arasında fərq böyükdür. İndiki şagirdlər bu tip testlərə və tapşırıqlara daha çox vaxt ayırdıqları, imtahan təcrübələri daha geniş olduğu üçün onların təfəkkürü və tətbiq bacarıqları 20 il əvvəlki şagirdlərlə müqayisədə daha yüksəkdir".