Elm və təhsil naziri son çıxışında diqqətçəkən bir statistikaya toxunub. Belə ki, aparılan ölçmələr göstərir ki, 40-50% şagird ibtidai sinfi bitirdikdə 5-6-cı siniflərin məzmununu qavrayacaq hazırlıq səviyyəsində olmur. Həmçinin sertifikatlaşdırma prosesində ən aşağı nəticələri məhz ibtidai sinif müəllimləri göstərib. Bu isə bir sıra ciddi suallar doğurur.
İbtidai sinif müəllimlərinin zəif nəticə göstərməsinin əsas səbəbləri nədir: müəllim hazırlığı, ali məktəblərin proqramları, yoxsa işə qəbul sistemindəki boşluqlar?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Orxan Kərimzadə bildirib ki, nazirin açıqladığı statistika ibtidai sinfi bitirən şagirdlərin yarısının növbəti siniflərin məzmununa hazır olmaması və sertifikasiyada ən zəif nəticələrin məhz ibtidai müəllimlərinə aid olması təhsil sistemində ciddi struktur problemlərin mövcudluğunu göstərir:

"Bu vəziyyətin əsas səbəbləri universitetlərdə müəllim hazırlığının yetərincə praktiki bacarıqlara əsaslanmaması, işə qəbul prosesində pedaqoji və metodiki bacarıqların real şəkildə ölçülməməsi, həmçinin məktəblərdə müəllimlərə yönəlik daimi mentorluq və metodik dəstək mexanizmlərinin zəif olmasıdır.
Problemin həlli üçün müəllim hazırlığı proqramlarının yenilənməsi, işə qəbul sisteminin bacarıq əsaslı qiymətləndirmə ilə gücləndirilməsi, ibtidai siniflər üzrə metodiki standartların təkmilləşdirilməsi və məktəbdaxili pedaqoji dəstək strukturlarının bərpası vacibdir. Sertifikasiya prosesi isə yalnız bilik yoxlaması deyil, həm də real dərs nümunələrinin qiymətləndirildiyi və müəllimin davamlı inkişafını təmin edən mərhələli modelə çevrilməlidir".