Son dövrlər müəllimlərin dərs yükü və əlavə fəaliyyətlərin tətbiqi ilə bağlı müzakirələr genişlənib. Təhsil ekspertləri bildirilən dəyişikliklərin həm repetitorluğa təsiri, həm də müəllimlərin iş rejiminə uyğunlaşması baxımından müxtəlif suallar doğurduğunu qeyd edirlər.
Bu suallardan biri də müəllimlərin mövcud rahat iş rejiminə alışdığı üçün tam ştatlı işləməyə münasibəti ilə bağlıdır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, nəzərdə tutulan yeni hədəflər problemi tam aradan qaldırmasa da, onu ciddi şəkildə azalda bilər:
“Cəmiyyətin bütün sferalarında, hətta aşağı siniflərdən başlayaraq, şagirdlərin repetitor yanına getməsinə və buna böyük məbləğdə vəsait xərclənməsinə etirazlar səsləndirilir. Düşünürəm ki, yeni layihə bunun qarşısını almağa yönəlmiş əsas proqramdır. Müəllimlər dərs qrafikindən, məsələn, saat 2-dəki dərsdən sonra əlavə 3-4 saat məktəbdə qalaraq həmin şagirdlərlə məşğul olacaqlar və beləliklə, şagirdlər əlavə repetitorluğa ehtiyac duymadan məktəbdə hazırlaşa biləcəklər. Hədəf də məhz budur. Təbii ki, bu böyüklükdə problemi birbaşa aradan qaldırmayacaq, amma əhəmiyyətli dərəcədə azaldacaq”.
Ekspert qeyd edib ki, müəllimlik peşəsinin özünəməxsus çətinlikləri var:
“Burada nəzərə alınmalı məqam odur ki, müəllim fəaliyyəti digər peşələr kimi deyil. Onlar 2-3 saat dərs keçdikdən sonra kifayət qədər ağır bir prosesdən keçir, çünki şagirdlərlə işləmək çətindir. Gün ərzində 30-36 saat dərs keçmələri mümkün deyil. Bu proqram müəllimlər üçün ağır olacaq. Bunun öhdəsindən yalnız bu işə tam hazır olan və sırf bu sahədə fəaliyyət göstərən müəllimlər gələ biləcəklər. Yəqin ki, ilkin mərhələdə çətinliklər yaşanacaq. Zaman keçdikcə proqramın təsiri görünəcək. Əgər uğurlu olarsa, davamlı tətbiq ediləcək və gələcəkdə digər müəllimlərə də şamil olunacaq”.
Prosesin gündəmə gəlməsində maaş artımı əsas mövzu kimi görünsə də, təməl məqsəd repetitorluğun azalmasıdır:
“Cəmiyyət bunu müəyyən qədər müsbət qarşılayır. Hesab edirik ki, bu, həm də müəllimlərin iş qrafikinin tənzimlənməsi ilə bağlı olacaq. Amma əlbəttə, zaman göstərəcək ki, biz cəmiyyət olaraq bu dəyişikliyə nə dərəcədə hazırıq və sistemi hansı sürətlə tam tətbiq edə biləcəyik”.