Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
AzEdu.az Təhsil Portalı bu münasibətlə Ağdamın Xıdırlı kənd sakini, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin ingilis dili müəllimi Rəksanə Məmmədova ilə əlaqə saxlayaraq müsahibə alıb.
Müsahibəni təqdim edirik:
- Rəksanə müəllim, sizi şəhər günü münasibətilə təbrik edirik. Əvvəlcə oxucularımıza özünüzü daha yaxından tanıtmağınızı istərdik.
- Təşəkkür edirəm. Mən Məmmədova Rəksanə Nadir qızı 1996-cı ildə anadan olmuşam. 2013-2017-ci illərdə Mingəçevir Dövlət Universitetində bakalavr təhsili almışam. Ötən il həmin universitetin magistraturasında təhsil almaq hüququ qazandım və hazırda sonuncu kurs tələbəsiyəm.
2018-ci ildə Ağdam rayonunun Gülbaharlı kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyətə başlamışam. Müəllimlərin işə qəbulu imtahanında 60 bal üzərindən 44 bal toplamışdım. Daha sonra köçlə əlaqədar olaraq Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində çalışmağa başladım. 2024-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanından 55 bal topladım. Artıq 8 ildir müəllim kimi fəaliyyət göstərirəm.
- 29 yaşınız var və işğaldan əvvəl Ağdamı görməmisiniz. Böyükləriniz sizə Ağdamı necə təsvir edirdilər?
- Bəli, Ağdamı uşaq yaşlarımda görməmişəm. Amma nənələrimin və valideynlərimin dilindən həmişə gözəl xatirələr eşitmişəm. Buna görə də ağdamlı olduğuma görə daim qürur duyuram. Ağdamlı olmaq tamam başqa bir hissdir. Hazırda doğma yurdumun sakinlərinə xidmət göstərməkdən böyük şərəf hissi duyuram. Sanki bu torpaq insanı özünə çəkir. Ağdamı görməsəm də köklərimin məni ora bağladığını hiss edirəm.
Nənəm Ağdamın Bənövşələr kəndində yaşayırdı. Dərslərim bitən kimi mütləq Ağdama gedirdim və həmin yerin abu-havasına çox alışmışam.
- Ağdam işğaldan azad edildikdən sonra ora ilk səfəriniz nə zaman olub?
- Azad olunduqdan sonra ilk dəfə yay aylarında səfər etmişdim. O zaman Xıdırlı kəndi təmir prosesində idi. Həmin dövrdə Xankəndi və Şuşaya da səfər etmək imkanı qazanmışdım.
- Qələbə xəbərini ilk dəfə necə və nə zaman eşitdiniz? O an hansı hissləri keçirdiniz?
- Qələbə xəbərini cənab Prezidentin çıxışı zamanı eşitdim. Elə eşidən kimi tüklərim biz-biz oldu. Həm böyük həyəcan, həm də sonsuz qürur hissi keçirdim. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün əzəli torpaqlarımıza onların sayəsində qovuşduq.
- Hazırda ingilis dili tədrisində əsas diqqət yetirdiyiniz istiqamətlər hansılardır? Şagirdlərin fənnə marağı necədir?
- Şagirdlərə dərsi düzgün aşılamaq ən vacib məsələdir. Müəllim dərsi necə izah edirsə, şagird də eyni formada qavrayır. Bu səbəbdən çalışıram ki, mövzuları daha sadə və anlaşıqlı şəkildə təqdim edim. Şagirdlərlə daha çox ingilis dilində danışmağa üstünlük verirəm, xüsusən də aşağı siniflərlə. 1-dən 11-ci siniflərə qədər bütün siniflərdə dərs deyirəm.
- Şagirdlərə motivasiya vermək üçün hansı metodlardan istifadə edirsiniz?
- Müəllim mütləq interaktiv olmalıdır. Müxtəlif metodlardan istifadə etmək vacibdir. Dərslər musiqili formada ola bilər, yaxud şəkillər, vizual materiallar vasitəsilə daha maraqlı hala gətirilə bilər.
- Uzun illər sonra ata-baba yurdunuzda müəllim kimi çalışmaq necə hissdir?
- Bu, sözün əsl mənasında qürurverici hissdir. Doğma yurdumun insanları üçün çalışmaq, onların övladlarına ingilis dili tədris etmək mənim üçün əvəzolunmazdır. Valideynlərim də burada işləməyimlə fəxr edirlər.
Ağdamdan çıxanda mən həyatda belə olmamışdım, amma bu gün Ağdama müəllim kimi qayıtmaq qismət oldu. Bu, həm mənim, həm də valideynlərimin böyük qürurudur.
- Ağdamda təhsil mühiti ilə bağlı gözləntiləriniz nələrdir?
- Hazırda çox yaxşı bir başlanğıc var. Yüksək nəticəli müəllimlər məktəbdə fəaliyyət göstərir. İnanıram ki, gələcəkdə daha intellektual, savadlı şagirdlər yetişdirəcəyik. Həm biz müəllimlər, həm də şagirdlərimiz Vətənə layiqincə xidmət edəcək.
- Sizcə, Ağdamda ingilis dilinin tədrisində hansı müasir üsullar və texnologiyalar tətbiq edilməlidir?
- Düşünürəm ki, şagirdlərlə mütəmadi açıq dərslər keçirilməlidir. Bunun üçün printerlər, ağıllı lövhələr, laboratoriya və fənn kabinələri vacibdir. Xoşbəxtlikdən bizim məktəbdə bunların çoxu var və aktiv şəkildə istifadə olunur. Hər fənn üçün ayrıca otağın olması dərslərin daha effektiv mənimsənilməsinə kömək edir.
- Bir müəllim kimi gələcək hədəfləriniz nələrdir?
- Peşəmi sevərək seçmişəm. Buna görə də gələcəkdə daha innovativ metodlarla dərs keçmək, şagirdlərə fənni daha aydın və keyfiyyətli şəkildə çatdırmaq üçün öz üzərimdə daim çalışacağam.
- Siz həm müəllim, həm də magistratura tələbəsisiniz. Bu balansı necə qoruyursunuz?
- Yoldaşımın dəstəyi ilə bu balansı qorumağa çalışıram. Universitetin tələblərini yerinə yetirməyə, eyni zamanda müəllimlik fəaliyyətimi davam etdirməyə çalışıram.
Əslində magistratura təhsili almaq fikrim yox idi. Sertifikasiya imtahanında yüksək nəticə əldə edəndən sonra atamın arzusunu həyata keçirmək istədim. Atam həmişə istəyib ki, təhsilimi davam etdirim. Növbəti hədəfim doktoranturaya qəbul olmaqdır. Magistraturaya heç hazırlaşmadan qəbul olmuşdum.
Valideynlərim ali təhsilli deyil, amma düşünürəm ki, valideyn uşağın üzərində doğru şəkildə dayandıqda, uşaq məsuliyyət hissini özü formalaşdırır.
- Ağdam şəhər günü münasibətilə ağdamlılara nə demək istərdiniz?
- İlk növbədə bütün ağdamlıları ürəkdən təbrik edirəm. Ağdamlılara arzum budur ki, torpağın qədrini bilsinlər, yurdumuzun gözəlliyini doyunca yaşasınlar. Ağdamlı həmkarlarıma isə müraciət edirəm: peşənizi hər zaman sevgi ilə davam etdirin, uşaqlara bilikləri şərəf və ləyaqətlə çatdırın.