Azedu.az

Müəllimlər maaş artımı istəyir, amma yeniliklərə ehtiyatlı yanaşır...

Müəllimlər və elm adamları

19 Noyabr 2025, 13:28
Müəllimlər maaş artımı istəyir, amma yeniliklərə ehtiyatlı yanaşır...

Müəllimlər maaş artımına ehtiyac duyduqlarını bildirirlər, lakin bəzi hallarda sertifikasiya və digər yeniliklərin tətbiqinə qarşı ehtiyatlı yanaşırlar. Bu, bəzən cəmiyyətdə müəllimlərin əlavə səy göstərmədən daha yüksək gəlir əldə etmək istədikləri təəssüratını yarada bilər.

AzEdu.az-a mövzu ilə bağlı əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb.

Müsahibimiz qeyd edib ki, müəllimlər dəyişikliklərin məqsədini anlamır, izah olunmuş dəstək mexanizmi görmür və ya şərait yetərli deyil:

"Bu gün müəllimlərin maaş artımı tələbi tamamilə haqlıdır və mən bunu tam dəstəkləyirəm. Müəllimlik peşəsinin nüfuzunun yüksəlməsi üçün əməkhaqqının real yaşayış səviyyəsinə uyğunlaşdırılması vacibdir. Dünyada da belədir: ABŞ, Böyük Britaniya, Rumıniya, Polşa kimi ölkələrdə müəllimlərin ən ciddi tələbi məhz maaşdır.

Müəllim əməkhaqqısı uzun illərdir ki, real ehtiyacları qarşılamır və bu, müəllimi peşəsini cəlbedici etmir. Amma qeyd edirsiniz ki, bir çox müəllim maaş artımı istəyir, eyni zamanda sertifikasiyada iştirak, iş modelinin yenilənməsi, yeni metodikaların tətbiqi kimi dəyişiklikləri qəbul etmək istəmir. Bu da obyektiv olaraq cəmiyyətdə belə bir təsəvvür yaradır ki, müəllim həm yüksək maaş istəyir, həm də bunun üçün tələb olunan peşəkarlıq standartlarına uyğunlaşmaq istəmir".

Müəllimlərin bir qismi yeniliklərə qarşı deyil, yeniliklərin tətbiq mexanizminə qarşıdır:

"Bu, sadə görünən, amma çox qatlı bir problemdir. Dünyada aparılan araşdırmalar göstərir ki, dəyişikliklərə müqavimət təkcə “istəmirəm” məsələsi deyil. Çox vaxt müəllimlər dəyişikliklərin məqsədini anlamır, izah olunmuş dəstək mexanizmi görmür və ya şərait yetərli deyil. Bizdə də eyni vəziyyət hiss olunur: yeniliyin izahı zəif olduqca müqavimət artır. Dünya təcrübəsinə baxsaq görərik ki, müəllimlər islahatlara ən çox o zaman müqavimət göstərirlər ki, bu dəyişikliklərin məqsədi və məntiqi onlara açıq şəkildə izah edilmir. Yəni, dəyişiklik müəllimin həyatına necə təsir edəcək, onu nə gözləyir, nə qazanacaq, nə itirəcək? Bu kimi suallar cavabsız qalanda müqavimət də başlayır.

Özümüzü müəllimin yerinə qoyaq: sistem illərdir eyni qaydalarla işləyir, birdən demək olur ki, “tam iş günü”, “yeni standartlar”, “sertifikasiya”, “müəllim məktəbdə bütün günü qalmalıdır” kimi fikirlər səslənir. Təbii ki, adaptasiya çətinliyi olacaq və olmalıdır da. Həmçinin demək olmaz ki, bütün müəllimlər yeniliklərə qarşıdır. Müəllimlərin bir qismi yeniliklərə qarşı deyil, yeniliklərin tətbiq mexanizminə qarşıdır. Çünki məktəblərdə şərait bərabər deyil, iş yükü bəzi rayonlarda çox ağırdır, bürokratiya çoxdur, resurs azdır və s. Dünya ölkələrinin uğurlu islahat modellərində (Finlandiya, Estoniya, Sinqapur) isə əvvəlcə müəllim öyrədilir, şərait qurulur, sərt standartlar mərhələli tətbiq olunur, sonra maaş və status artırılır. Biz isə bəzən prosesi tərsinə edirik: standartı artırırıq, amma dəstəyi gec veririk.

Ümumiyyətlə, məsələ maaşın artıb-artmamasında deyil, maaş artımının hansı modelin üzərində qurulmasındadır. Müəllimlər bu dəyişikliklərin mərkəzində olmalı, proseslər onların iştirakı ilə formalaşmalıdır. Yoxsa yeniliyə müqavimət davam edəcək və gözlənilən nəticə də alınmayacaq".

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox