Azedu.az

Gənc alimlər üçün motivasiya: dərəcə və vəzifə birləşdirilməlidir

Müəllimlər və elm adamları

18 Noyabr 2025, 09:31
Gənc alimlər üçün motivasiya: dərəcə və vəzifə birləşdirilməlidir

"Ali təhsil və elmi fəaliyyət hər bir ölkənin inkişafında strateji əhəmiyyət kəsb edir. Universitetlər yalnız tələbələrə bilik verməklə kifayətlənmirlər. Onlar həm də elmi tədqiqatlar aparmalı, innovasiyaların inkişafına dəstək olmalı, və ölkənin elmi potensialını artırmalıdırlar".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professorun sözlərinə görə, tarixi baxımdan alim dərəcələri və elmi adlar universitet sisteminin əsas sütunlarından biri olub:

"Bu dərəcələr yalnız fərdi status və prestij simvolu deyildi, həm də müəllim və tədqiqatçıların məsuliyyətini və peşəkarlıq səviyyəsini əks etdirirdi.Lakin son illərdə bu prestij müəyyən qədər zəifləyib. Gənc tədqiqatçılar elmi işin gəlirliliyi və sosial dəyəri barədə şübhə ilə yanaşır, bəzən elm sahəsini cəlbedici hesab etmirlər. Bu isə universitet sistemində ciddi motivasiya və keyfiyyət problemlərinə yol açır. Ali təhsil müəssisələrində müəllimlərin və tədqiqatçıların qarşılaşdığı ən böyük ziddiyyətlərdən biri tədris və elmi fəaliyyətin paralel mövcudluğu, lakin inteqrasiyasının olmamasıdır. Alim dərəcələri ilə peşəkar vəzifələr arasında aydın korrelyasiyanın olmaması ciddi problemdir. Beynəlxalq təcrübə göstərir ki, alim dərəcəsi və akademik vəzifə arasında aydın korrelyasiya universitetin keyfiyyətini və prestijini qorumaq üçün əsas şərtdir. Bu yanaşma motivasiya artırır, elmi fəaliyyətin keyfiyyətini yüksəldir, tədris və tədqiqatın inteqrasiyasını asanlaşdırır və niversitetlərin daxili və beynəlxalq reputasiyasını möhkəmləndirir.


Nüfüzlü universitetlərdə akademik vəzifələr aydın şəkildə PhD dərəcəsi və elmi uğur əsasında müəyyən olunur.Elmi ad üçün tələb olunan akademik prosedurlar vasitəsilə, alim dərəcəsi və peşəkar vəzifə arasında aydın və rəsmi korrelyasiya təmin olunur. Bu, həm elmi keyfiyyətin, həm də tədrisin səviyyəsinin qorunmasına xidmət edir. Akademik vəzifə üçün tələb olunan elmi dərəcə və göstəricilər aydın şəkildə müəyyən edilir. Bu, həm universitetin elmi prestijini, həm də tədris və tədqiqat keyfiyyətini qorumaq üçün vacibdir. Akademik vəzifələr üçün dərəcə və tədqiqat nəticələri əsas şərtdir. Universitetlərin beynəlxalq və daxili etibarı yalnız nəticələrə deyil, həm də orada çalışanların ixtisaslı və tanınmış olmasına əsaslanır. Beynəlxalq təcrübəyə baxdıqda, bir çox aparıcı universitetlərdə dərəcə və vəzifə arasında aydın əlaqə mövcuddur. Məsələn, Qərb universitetlərində professor və dosent vəzifələrinə yalnız müvafiq elmi dərəcəyə malik şəxslər təyin olunur, və bu, həm motivasiyanı artırır, həm də elmin keyfiyyətini qoruyur.


Hazırda akademik dünyada tez-tez eşidilən “professor universitetin kralıdır” ifadəsi praktik reallığı əks etdirmir. Professor uzun illər elmi fəaliyyət və tədris yükü ilə məşğul olsa da, strateji idarəetmə sahəsində çalışan mütəxəssislər maddi baxımdan onu üstələyə bilər. Bu paradoks akademik prestij ilə maddi dəyər arasında ciddi uyğunsuzluğu ortaya qoyur və tədqiqatçılar üçün motivasiya itkisinə səbəb olur. Hər akademik vəzifə üçün tələb olunan elmi dərəcə və göstəricilər aydın şəkildə müəyyən edilməlidir. Elmi dərəcələr həm maddi, həm də mənəvi təşviq mexanizmləri ilə dəstəklənməlidir. Peşəkar imkanlar, vəzifə yüksəlişi və elmi statusla birbaşa əlaqələndirilməlidir.
Alim dərəcələrinin prestijini bərpa etmək və onları peşəkar vəzifələrlə sıx əlaqələndirmək, elm sahəsində davamlı inkişaf və yüksək keyfiyyətin təminatı üçün vacibdir. Bu yanaşma universitetlərin daxili idarəetməsini gücləndirir, gənc tədqiqatçıların motivasiyasını artırır və ölkənin elmi potensialını möhkəmləndirir".

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox