Azedu.az

Ali təhsildə gender mənzərəsi: müəllim qadın çoxdur, rəhbər qadın az

Müəllimlər və elm adamları

14 Noyabr 2025, 14:29
Ali təhsildə gender mənzərəsi: müəllim qadın çoxdur, rəhbər qadın az

Ali təhsil müəssisələrində professor-müəllim heyətinin strukturu ölkənin təhsil sisteminin inkişaf səviyyəsini və insan resurslarının bölgüsünü qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə gender balansının qorunması, rəhbər vəzifələrdə qadın və kişilərin təmsilçiliyi, həmçinin müxtəlif akademik və inzibati mövqelərdə çalışanların nisbəti təhsilin təşkilati və elmi potensialının əsas göstəricilərindən biridir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2024/2025-ci tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində rektorların ümumi sayda payı 0,1 faizdir. Belə ki, onların 14,3 faizi qadınlardan, 85,7 faizi isə kişilərdən ibarətdir. Prorektorlar və filial direktorları professor-müəllim heyətinin 0,6 faizini təşkil edir. Bu vəzifədə olan şəxslərin 26,3 faizi qadın, 73,7 faizi isə kişidir. Laboratoriya və şöbə müdirləri ümumi heyətin 4,9 faizini təşkil edir və onların 47,5 faizi qadın, 52,5 faizi kişidir.

Fakültə dekanları professor-müəllim heyətinin 0,8 faizini təşkil edir. Dekanların 34,1 faizi qadın, 65,9 faizi kişidir. Dekan müavinləri 1,4 faiz paya malikdir və onların 48,9 faizi qadınlardan ibarətdir. Kafedra müdirləri 2,9 faiz təşkil edir; bu vəzifədə olanların 30,5 faizi qadın, 69,5 faizi kişidir. Kafedra heyətindən olan professorlar 2,0 faiz paya malikdir və onların 24,4 faizi qadın, 75,6 faizi isə kişilərdir. Kafedra heyətindən olan dosentlər ümumi heyətin 20,9 faizini təşkil edir. Dosentlərin 54,5 faizi qadın, 45,5 faizi kişi müəllimlərdir.

Baş müəllimlərin professor-müəllim heyətindəki payı 26,8 faizdir; onların 68,7 faizi qadın, 31,3 faizi isə kişilərdən ibarətdir. Müəllimlər və assistentlər ümumi heyətin 39,6 faizini təşkil edir. Bu kateqoriyada olanların 72,4 faizi qadın, 27,6 faizi kişidir. Ümumilikdə professor-müəllim heyətinin 59,9 faizi qadınlardan, 40,1 faizi isə kişilərdən ibarətdir. Cəmi əməkdaşların sayı 9529 nəfərdir; bunun 6378-i qadınlardır.

Aparılan təhlil göstərir ki, ali təhsil müəssisələrində professor-müəllim heyətində qadınların ümumi payı kişilərlə müqayisədə daha yüksəkdir. Lakin rəhbər vəzifələrdə – xüsusilə rektor, prorektor və kafedra müdiri kimi vəzifələrdə kişilərin üstünlük təşkil etdiyi müşahidə olunur.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox