Müasir dövr bəşəriyyət tarixində yeni bir mərhələnin başlanğıcı - süni intellekt (Sİ) erası kimi qiymətləndirilir. Texnologiyanın bu qədər sürətlə inkişaf etməsi insanların gündəlik həyat tərzindən tutmuş əmək bazarına qədər bir çox sahəyə təsir göstərir. Artıq bir çox peşə və ixtisas sahələri süni intellektin imkanları qarşısında öz aktuallığını itirmək təhlükəsi ilə üz-üzədir.
Xüsusilə də informasiya texnologiyaları (İT) kimi əvvəllər “gələcəyin ixtisası” adlandırılan sahələr haqqında belə fikirlər səslənir ki, yaxın gələcəkdə bu istiqamətlər də süni intellekt tərəfindən əvəz oluna bilər. Çünki bu gün ən sadə proqramlaşdırma əməliyyatlarından tutmuş, mürəkkəb analiz və kodlaşdırma proseslərinə qədər bir çox işi süni intellekt vasitəsilə həyata keçirmək mümkündür.
Maraqlıdır, İT sahəsi də süni intellekt tərəfindən əvəz olunacaqmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, XXI əsrin əsas hadisəsi olan süni intellekt, bir çox sahələrdə olduğu kimi, təhsildə də təsirsiz ötüşməyəcək:

“Süni intellektin təhsilə təsiri bir neçə mexanizm üzərindən həyata keçəcək. Bu proses artıq başlayıb. Dünyanın bir çox ölkələri və nəhəng universitetlər süni intellektin təhsilə tətbiqi istiqamətində işlər görür.
Təhsil üçbucağının hər üç tərəfi, müəllim, valideyn və şagirdlər - süni intellektdən təhsilin keyfiyyətinin artırılması naminə necə istifadə olunmasının mexanizmlərini öyrənməyə çalışırlar. Çox istərdim ki, bu istiqamətdə xüsusilə müəllimlərin öyrənmə marağı daha yüksək olsun. Biz bu gün süni intellekti yalnız “Google search” kimi yox, tam fərqli ideya mənbəyi və təhsilin keyfiyyətini artıran bir element kimi dəyərləndirməliyik.
Süni intellektin “xaç atası” hesab edilən Geoffrey Hintonun fikri də bundan ibarətdir ki, süni intellekt təhsildə müəllimin rolunu heç vaxt əvəz edə bilməz. O sadəcə müəllimə yardımçı olan, onun işini daha da peşəkarlaşdıran bir vasitədir. Bu gün süni intellektlə bağlı fikirlər səslənir, qeyd edilir ki, o, insan əməyini yox edə bilər. Amma mən bununla qəti razı deyiləm. Çünki hər dəfə yeni bir sənaye inqilabı baş verdikdə eyni fikirlər təkrarlanır. Qəzet çıxanda insanlar kitab çapının zəifləyəcəyini, radio çıxanda qəzetin öləcəyini, televiziya çıxanda radionun sıradan çıxacağını, internet meydana gələndə isə bütün bunların yox olacağını düşündülər.
Lakin hər yeni kəşf olunan element özündən sonrakı mərhələnin daha genişləndirilmiş, sadələşdirilmiş və keyfiyyətə yönəlmiş formasıdır. Elmdə belə bir tendensiya var: kalkulyator kəşf olunanda insanlar hesab elminə ehtiyacın qalmayacağını düşünürdülər. Amma bu gün hansı mütəxəssisi kalkulyatorsuz təsəvvür edə bilərsiniz? Təbii ki, heç birini.
İnsan texnologiya və süni intellektlə dostlaşmalıdır. Bu gün sahəmizdən asılı olmayaraq süni intellektlə düzgün işləmək və onun tətbiqi ilə bağlı bacarıqlara yiyələnməliyik. Bu, dövrün tələbidir. Müəllim və digər peşə sahibləri narahat olmasınlar ki, guya süni intellekt onların peşəsini əlindən alacaq. Xeyr. Süni intellekt əksinə, onlara əlavə imkan yaratmaq üçün mövcuddur. Buna mütləq inanmaq lazımdır”.