Son zamanlar müəllimlərin məktəbdə qalma müddətinin yalnız dərs saatına yox, ümumi iş saatına uyğun təşkil edilməsi təhsil ictimaiyyətində ciddi müzakirə mövzusuna çevrilib.
Hazırkı vəziyyətdə müzakirə olunan və sözügedən təklifin müəllimlərin əməkhaqqısına necə təsir edəcəyi isə hələlik məlum deyil.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, bu təklifin real təsirlərini düzgün qiymətləndirmək üçün Nazirlik tərəfindən aydın, dəqiq və əhatəli izah təqdim olunmalıdır:

"Yeni sistemin hansı prinsiplərlə tənzimlənəcəyi, hansı fəaliyyətlərin qiymətləndirməyə daxil ediləcəyi və müəllim əməyinin hansı meyarlarla ölçüləcəyi barədə cəmiyyət məlumatlandırılmalıdır. Əgər bu sistem şəffaf və ədalətli şəkildə tətbiq olunarsa, yəni müəllimin fəaliyyəti təkcə dərs saatları ilə deyil, məktəbdə yerinə yetirdiyi əlavə işlər - sənədləşmə, şagird və valideynlərlə iş, metodiki fəaliyyət və tədbir təşkili kimi işlərlə birlikdə qiymətləndirilərsə, bu, çox müsbət nəticələr verə bilər. Belə yanaşma müəllimlərin motivasiyasını artırar, məktəbə bağlılığı gücləndirər və ümumilikdə təhsilin keyfiyyətinə töhfə verər".
Yanlış tətbiq problemlərə və kadr itkisinə səbəb ola bilər:
"Lakin əgər yeni sistem düzgün tətbiq olunmazsa və müəllimlərin rifah halına mənfi təsir edərsə, xüsusilə də dərs yükü az olan müəllimlərin maaşlarının azalmasına səbəb olarsa, bu, ciddi narazılıqlara yol aça bilər. Belə bir vəziyyət müəllimlərin dövlət məktəblərindən uzaqlaşmasına, repetitorluq və özəl sektora yönəlməsinə səbəb ola bilər. Bu isə təhsildə kadr axını və keyfiyyət itkisi ilə nəticələnə bilər.
Ona görə də bu məsələ təkcə maaş sistemi ilə bağlı texniki dəyişiklik deyil, bütövlükdə təhsil sisteminin gələcəyinə təsir edə biləcək mühüm strateji addımdır. Qərar qəbul edilməzdən əvvəl geniş ictimai və peşəkar müzakirələr aparılmalı, müəllimlərin, direktorların və təhsil ekspertlərinin fikirləri nəzərə alınmalıdır. Nəticə etibarilə, əgər bu sistem müəllim əməyini ədalətli şəkildə qiymətləndirərsə və onların maddi rifahına müsbət təsir göstərərsə, bu, təhsildə böyük uğur sayıla bilər. Əks təqdirdə isə sistemin düzgün tətbiq olunmaması problemlərə yol aça bilər. Bu baxımdan məsələ ciddi yanaşma və şəffaf mexanizm tələb edir".