Azedu.az

Müəllimlər üçün imtiyazlar və sosial güzəştlər: qanunvericilik nə deyir?

Müəllimlər və elm adamları

4 Noyabr 2025, 17:12
Müəllimlər üçün imtiyazlar və sosial güzəştlər: qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müəllimlərə bir sıra imtiyazlar və sosial güzəştlər tətbiq olunur. Bu imtiyazlar əsasən əmək, sosial müdafiə, peşəkar inkişaf, əlavə ödənişlər, məzuniyyət və digər stimullaşdırıcı tədbirləri əhatə edir.

Bu fikirləri hüquqşünas Babək Umudov AzEdu.az-a müəllimlərə verilən imtiyazlardan danışarkən bildirib.

"Müəllimlərin hüquqları və güzəştləri onların işlədiyi təhsil müəssisəsinin növündən, coğrafi yerləşməsindən, işlədikləri kateqoriyadan (məsələn, gənc mütəxəssis, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən, ucqar və sərhədyanı ərazilərdə çalışan və s.) asılı olaraq fərqlənə bilər. Qanunvericilikdə bu güzəştlərin tətbiqi və kateqoriyalara görə fərqlər konkret şəkildə müəyyən edilmişdir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, Təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq hüququ verilir.

Əmək Məcəlləsinə əsasən:
- Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə (bütün ixtisas və adlardan olan müəllimlərə) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilir.
- İşğaldan azad edilmiş ərazilərdə çalışan müəllimlər üçün xüsusi güzəştlər və imtiyazlar nəzərdə tutulur. Bu güzəştlər yalnız aşağıdakı şərtlər birgə mövcud olduqda tətbiq edilir: əmək müqaviləsi həmin ərazilərdə qeydiyyatda olan işəgötürənlə bağlanmalı, iş yeri həmin ərazidə yerləşməli və müəllim həmin ərazidə qeydiyyatda olmalıdır.
- Müəllimlərə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

“Təhsil haqqında” Qanunun 36-cı maddəsinə əsasən:
Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.

Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyən edilir.

Bundan əlavə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda 7 may 2020-ci il tarixində edilmiş dəyişikliklərə əsasən, gənc ailənin üzvü olan və azı 3 il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilib".

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox