Azərbaycan tarixində xüsusi yer tutan Aprel döyüşləri təkcə hərbi uğur deyil, həm də xalqımızın vətənə bağlılığının, birlik və iradəsinin bariz nümunəsidir. Bu döyüşlərin canlı şahidləri isə həmin günlərin ən real və təsirli yaddaşıdır.
Cəfərov Samir Rüfət oğlu da məhz bu hadisələrin içində olmuş, döyüşlərin çətinliklərini və qürurunu birbaşa yaşamış şəxslərdən biridir. Onun həyat yolu, hərbi xidmət dövründə yaşadıqları və bu gün müəllim kimi gördüyü işlər vətənpərvərlik ruhunun necə formalaşıb nəsildən-nəslə ötürüldüyünü açıq şəkildə göstərir.
AzEdu.az Samir müəllimi daha yaxından tanımaq, müharibə illəri ilə bağlı təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.
Cəfərov Samir Rüfət oğlu 1997-ci ildə anadan olub. 2003-2012-ci illərdə Şahin Sultanov adına tam orta məktəbdə təhsil alıb. Daha sonra 2012-2015-ci illərdə Maliyyə-İqtisad Kollecində bank işi ixtisası üzrə oxuyub. 2015-ci il iyulun 7-də həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ilin aprelin 1-də döyüşlərdə iştirak edib. Hərbi xidmətini 2017-ci ildə başa vurub. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub və 2022-ci ilə qədər burada təhsil alıb. Paralel olaraq 202-2024-cü illərdə magistratura təhsili alıb. Hazırda Şamaxı rayonu C.Süleymanov adına Sabirli kənd ümumi orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərir.
Həmsöhbətimiz qeyd edib ki, tarix müəllimi olmaq seçimi tamamilə öz marağından irəli gəlib:

"Tarix müəllimim əmim oğlu olub. Məktəb illərindən tarixə xüsusi marağım olub və bu sahəni şüurlu şəkildə seçmişəm. Aprel döyüşləri ilə bağlı xatirələrim mənim üçün çox önəmlidir. O dövrdə hərbi xidmətim davam edirdi və döyüşlərə birbaşa qatılmışam.
Yadda qalan məqamlardan biri odur ki, əsgər yoldaşlarımızdan biri Əkbərzadə Vəli könüllü şəkildə döyüş bölgəsinə getmək istədi. Halbuki seçim siyahısında deyildi. Amma o, dostlarını tək qoymamaq üçün israrla ön cəbhəyə getdi. Bu, əsgərlər arasında həmrəylik və vətən sevgisinin bariz nümunəsi idi.
Sözsüz ki, müharibənin öz ağırlığı var, lakin burada əsas məsələ sənin məqsədindir: niyə vuruşursan və haqlısanmı? Biz də haqlı idik. Tarixin bir hissəsi olmaq böyük qürurdur.
Özüm Tapqaraqoyunlu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Torpaqlarımızın işğaldan azad edilməsi gözlərimizin önündə baş verdiyi üçün bu, insana böyük fəxr hissi verirdi.

O qələbədən az da olsa pay almaq hər bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirir. Döyüşlər Ağdam–Füzuli istiqamətində gedirdi və biz də həmin istiqamətdə iştirak edirdik. Ərazilərin azad olunması prosesini birbaşa görmək insanda böyük qürur hissi yaradırdı.
Biz anlayırdıq ki, haqq yolundayıq və Vətənimizi qoruyuruq. Xalqımızın tarixində baş verən faciələri, xüsusilə Xocalı kimi hadisələri bilən biri kimi bu mübarizədə iştirak etmək mənim üçün həm borc, həm də şərəf idi".
Müharibə, təbii ki, asan deyil
“Həm çətinlikləri, həm də ağrılı tərəfləri var. Təxminən yüzdən çox şəhid verdik. Bu, insanı kədərləndirir. Bir tərəfdən torpaqların azad olunmasına sevinirsən, digər tərəfdən şəhidlərin ailələrini düşünəndə üzülürsən. İnsanın daxilində həm qürur, həm də kədər eyni anda yaşanır.
Amma bir əsgər kimi əsas məqsədimiz Vətənə xidmət etmək idi və biz bunu etməyə çalışdıq. Xoşbəxtlikdən, mənim yanımda birbaşa şəhid olan olmayıb. Lakin yaralanan yoldaşlarımız oldu. Bu da müharibənin reallıqlarından biridir.
Artıq 3 ildir ki, tarix müəllimi kimi fəaliyyət göstərirəm. Hazırda müəllim kimi fəaliyyətimdə vətənpərvərlik mövzusu xüsusi yer tutur. Şagirdlərə yalnız kitab biliklərini deyil, real həyatda gördüklərimi, yaşadıqlarımı da çatdırıram.
Tədbirlər təşkil edir, Xocalı faciəsi, Aprel döyüşləri kimi mövzularda maarifləndirici fəaliyyətlər aparıram. Tanıdığım şəhidlərdən, komandirlərimizdən, onların bizə verdiyi öyüdlərdən danışaraq şagirdlərdə vətən sevgisini formalaşdırmağa çalışıram.
Komandirimiz Novruzov Mirzə kimi şəhidlər haqqında tez-tez danışır, onların insanlığı, əsgərlərə münasibəti, vətənə bağlılığı barədə nümunələr çəkirəm. Bu cür real hekayələr şagirdlərə daha çox təsir edir.
Aprel döyüşlərindən illər keçsə də, həmin günləri xatırlayanda qarışıq hisslər keçirirəm - həm fəxr edirəm, həm də kövrəlirəm".

“Şəhidlərimizin sayəsində torpaqlarımızın azad olunması qürurvericidir. Amma eyni zamanda düşünürsən ki, kaş onlar sağ olardılar, ailələrinin yanında olardılar. Hər bir Azərbaycan vətəndaşı kimi mən də hesab edirəm ki, bu torpaqlar uğrunda mübarizə aparmaq bizim borcumuzdur. Şəhidlərimizin xatirəsi qarşısında borcumuz isə onların uğrunda can verdiyi dəyərləri qorumaq və gələcək nəsillərə ötürməkdir.”
Cəfərov Samir Rüfət oğlunun həyat hekayəsi və xatirələri göstərir ki, vətən sevgisi yalnız sözlə deyil, əməl ilə sübut olunur. Onun Aprel döyüşlərində iştirakı, yaşadığı çətinliklər və qazandığı mənəvi təcrübə bu gün müəllim kimi fəaliyyətində öz əksini tapır. O, yalnız tarix öyrətmir, həm də yaşadığı hadisələri şagirdlərinə çatdıraraq onlarda vətənpərvərlik hissini formalaşdırır.
Bu cür canlı şahidlərin xatirələri gələcək nəsillər üçün həm dərs, həm də motivasiya mənbəyidir. Şəhidlərimizin xatirəsini yaşatmaq və onların uğrunda can verdiyi dəyərləri qorumaq isə hər birimizin borcudur".