“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən son dəyişikliklər müəllimlərin işə qəbulu sistemində yeni yanaşmanı ortaya qoyur. Bakalavriat ixtisaslarının siyahısının genişləndirilməsi nəticəsində qeyri-pedaqoji ixtisas məzunlarının da müəllim kimi fəaliyyət göstərməsinə imkan yaranıb.
Bu isə həm təhsildə kadr çatışmazlığının aradan qaldırılması baxımından müsbət addım kimi qiymətləndirilir, həm də pedaqoji hazırlıq və keyfiyyət məsələləri ilə bağlı müzakirələr doğurur.
Bu dəyişiklikləri nəzərə alaraq, qeyri-pedaqoji ixtisas məzunlarının müəllim kimi fəaliyyətə cəlb edilməsi təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən son dəyişikliklər müəllimlərin işə qəbulu sistemində yeni yanaşmanı ortaya qoyur və bu yanaşma vasitəsilə bakalavriat ixtisaslarının siyahısı genişləndirilib:

"Nəticədə artıq yalnız pedaqoji ixtisas məzunları deyil, qeyri-pedaqoji ixtisas məzunları da müəllim kimi fəaliyyət göstərə biləcəklər. Bu addım, ilk növbədə, təhsildə kadr çatışmazlığının aradan qaldırılması baxımından müsbət qiymətləndirilir.
Qeyri-pedaqoji ixtisas məzunlarının müəllim kimi fəaliyyətə cəlb edilməsi təhsilin keyfiyyətinə həm müsbət, həm də müəyyən risklər daşıyan təsir göstərə bilər. Müsbət tərəfdən, bu yanaşma məktəb və liseylərdə müəllim çatışmazlığının azaldılmasına, eyni zamanda yeni ixtisas sahələrində kadr təminatının sürətlənməsinə imkan yaradır. Digər tərəfdən, bu kateqoriyadan olan müəllimlərin pedaqoji bilik və metodik hazırlığı kifayət qədər olmadığı üçün tədris keyfiyyətində fərqliliklərin yaranması mümkündür".
E.Nuri bildirib ki, qeyri-pedaqoji ixtisas məzunlarının müəllim kimi fəaliyyət göstərməsi üçün əlavə hazırlıq və qiymətləndirmə mexanizmlərinin tətbiqi vacibdir:
"Belə ki, onların pedaqoji bilik və bacarıqlarını ölçmək məqsədilə sertifikasiya imtahanları vahid və ciddi qiymətləndirmə sistemi kimi tətbiq olunmalıdır. Eyni zamanda, müvafiq fənlərin tədris metodikasını öyrədən qısa müddətli pedaqoji hazırlıq kursları təşkil edilməlidir.
Bundan əlavə, yeni müəllimlərin peşəkar müəllimlər tərəfindən dəstəkləndiyi və müşahidə altında işlədiyi mentorluq və təcrübə proqramları da təhsilin keyfiyyətini artırmaq üçün önəmlidir.
Bu tədbirlər kompleksi qeyri-pedaqoji ixtisas məzunlarının müəllim kimi fəaliyyətinə imkan yaratmaqla yanaşı, həm də tədrisin keyfiyyətinin qorunmasını təmin edə bilər və təhsil sistemində balanslı kadr təminatına töhfə verə bilər".