Azedu.az

Müasir universitetlər elmin sosial təsirini ölçən modelə keçməlidir

Müəllimlər və elm adamları

18 Mart 2026, 12:19
Müasir universitetlər elmin sosial təsirini ölçən modelə keçməlidir

"Qloballaşma və akademik rəqabətin artması universitetlərdə elmi fəaliyyətin ölçülməsi və qiymətləndirilməsi məsələsini ön plana çıxarıb".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professor qeyd edib ki, xüsusilə son onilliklərdə elmi məhsuldarlığın ölçülməsi üçün istifadə olunan bibliometrik göstəricilər akademik idarəetmənin əsas alətlərinə çevrilib:

"Lakin bu yanaşma mühüm bir sualı aktuallaşdırır: elm yalnız ölçülə bilən göstəricilərlə dəyərləndirilə bilərmi, yoxsa onun cəmiyyətə təsiri daha fundamental meyardır? Bu kontekstdə İlber Ortaylı kimi alimlərin fəaliyyəti alternativ akademik model kimi diqqət çəkir. Onun fəaliyyəti elmin yalnız akademik mühitdə deyil, geniş ictimai sferada da təsir gücünə malik olduğunu göstərir.

Müasir universitetlərdə elmi fəaliyyətin qiymətləndirilməsi əsasən bibliometrik göstəricilər- xüsusilə h-index və Scopus bazasında indeksləşən nəşrlərin sayı ilə müəyyən edilir.

Bu yanaşma elmin mahiyyətini kəmiyyət göstəricilərinə indirir, sosial və humanitar elmlərdə real təsiri adekvat şəkildə əks etdirmir, “publish or perish” sindromunu gücləndirərək formal və aşağı keyfiyyətli nəşrlərin artmasına səbəb olur. Bu səbəbdən yalnız h-index və Scopus göstəricilərinə əsaslanan qiymətləndirmə modeli qeyri-kafi hesab edilməlidir. Bu yanaşma elmin cəmiyyətə təsirini və maarifləndirici funksiyasını kifayət qədər əks etdirmir".

İlber Ortaylı fəaliyyəti elmin alternativ sosial yönümlü modelini nümayiş etdirir

"İlber Ortaylı fəaliyyəti elmin alternativ sosial yönümlü modelini nümayiş etdirərək onun açıq mühazirələri, televiziya proqramları və kitabları vasitəsilə geniş auditoriyaya mesajlar ötürüb və elmi biliklərin demokratikləşdirilməsinə xidmət edib.

İlber Ortaylı fəaliyyəti tarixə yeni baxış formalaşdıraraq milli kimlik və dövlətçilik düşüncəsini gücləndirib, eyni zamanda elmi bilikləri sadə və anlaşıqlı dildə təqdim etməklə akademiya ilə cəmiyyət arasında körpü yaratmış və gənc nəslin elmə marağını artırıb.

Akademik idarəetmədə bəzi universitet menecerləri elmi fəaliyyəti yalnız məqalə sayı, Scopus indeksləşməsi və h-index kimi göstəricilərlə ölçdükdə bu yanaşma elmi fəaliyyətin mahiyyətini daraldır, formal akademik istehsalı artırır və etik problemlərə yol açır; bu səbəbdən universitetlər alternativ olaraq çoxölçülü qiymətləndirmə sisteminə keçməli, sosial təsiri ölçən indikatorlar tətbiq etməli və akademik azadlığı və yaradıcılığı təşviq etməlidir.

Tədqiqat göstərir ki, elmi fəaliyyətin yalnız bibliometrik göstəricilərlə qiymətləndirilməsi elmin mahiyyətini tam əks etdirmir. İlber Ortaylı nümunəsi sübut edir ki, əsl alim yalnız akademik nəşrlərlə deyil, həm də cəmiyyətin intellektual inkişafına verdiyi töhfə ilə ölçülməlidir.Bu baxımdan, müasir universitetlər üçün əsas vəzifə: kəmiyyət əsaslı qiymətləndirmədən sosial təsir yönümlü akademik modelə keçiddir".

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox