Azedu.az

Məktəblərdə böyük DƏYİŞİKLİK - şagird  və müəllim sayı kəskin AZALACAQ

Müəllimlər və elm adamları

14 Mart 2026, 15:25
Məktəblərdə böyük DƏYİŞİKLİK - şagird  və müəllim sayı kəskin AZALACAQ

Azərbaycanda əhalinin azalması təhsil sektorunda ciddi çağırışlar yaradır. Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, son illərdə ölkədə əhalinin artım tempində azalma müşahidə olunur.

Onun sözlərinə görə, əgər bu tendensiya davam edərsə, yaxın illərdə məktəblərdə şagird sayı təxminən 1 milyon nəfər azalacaq ki, bu da 50 min müəllimin ixtisarına səbəb ola bilər.

Maraqlıdır, bu vəziyyət təhsil sisteminə və müəllimlərin peşə perspektivlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

178981
 

Bəzi regionlarda şagird sayının azlığı səbəbindən azkomplektli məktəblərin birləşdirilməsi məsələsi müzakirə olunur:

“Ümumilikdə ölkəmizdə demoqrafik dəyişikliklər və doğum səviyyəsinin azalması fonunda təhsil sistemi yeni çağırışlarla üzləşir. Mütəxəssislərin proqnozlarına görə, bu proses bir neçə istiqamətdə öz təsirini göstərəcək.

Şagird sayının azalması əhalinin artım tempinin aşağı düşməsi ilə birbaşa əlaqəlidir. Yəni əhalinin artım tempi azaldıqca, şagird sayı da azalacaq. Yaxın illərdə məktəblərdə şagird sayının təxminən 1 milyon nəfərə qədər azalacağı ehtimal olunur. Bu kifayət qədər böyük göstəricidir və təbii ki, təhsil sisteminə, eləcə də müəllimlərin peşə perspektivlərinə təsirsiz ötüşməyəcək.

İlk növbədə qeyd etmək istəyirəm ki, şagird sayının azalmasının nəticəsi olaraq müəllimlərin ixtisarı qaçılmaz görünür. Təkrar vurğulamaq lazımdır ki, bunlar proqnoz və ehtimallardır. Lakin 50 min müəllimin iş yerini itirməsi və ixtisara düşməsi təhlükəsi mövcuddur.

Eyni zamanda, artıq bəzi regionlarda şagird sayının azlığı səbəbindən azkomplektli məktəblərin birləşdirilməsi və ya rasionallaşdırılması məsələsi müzakirə olunur. Keçən il Elm və Təhsil Nazirliyi də bu mövzuda müvafiq addımların zəruriliyi ilə bağlı çıxış etmişdi. Beləliklə, azkomplektli məktəblərin birləşdirilməsi, rasionallaşdırılması və optimallaşdırılması prosesi həm açıq, həm də qaçılmaz görünür".

Plan yerlərinin azalması zəif kadr hazırlayan fakültələri daha rəqabətli hala gətirmək və təhsilin keyfiyyətini yüksəltmək üçün bir fürsətdir:

“Əhalinin sayının azalması plan yerlərinə və müəllim ixtisaslarına olan tələbatı da azaldaraq qəbul planlarının ixtisarına gətirib çıxaracaq. Artıq keçən il bəzi müəllim hazırlığı üzrə ali təhsil müəssisələrində qəbul planlarının azaldığını müşahidə etmişik. Məsələn, 2025-ci ilin rəqəmlərinə baxdıqda, pedaqoji istiqamətlər üzrə ümumi qəbul planı təxminən 1 300 yer azaldılıb ki, bu da kifayət qədər ciddi göstəricidir.

Mən hesab edirəm ki, plan yerlərinin azalması eyni zamanda keyfiyyətə keçidi təmin etmək imkanı yaradır. Niyə? Çünki universitetlər aşağı balla qəbul olunan, zəif kadr hazırlayan fakültələrin plan yerlərini azaltmaq və ya onları daha rəqabətli hala gətirməklə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edə bilərlər.

Eyni zamanda vurğulamaq istəyirəm ki, universitet məzunlarının əmək bazarında yeri ölçülmədən ixtisas üzrə kadr hazırlığına icazə verilib-verilməməsi barədə qərar verilməməlidir. Bu, mənim dəfələrlə qeyd etdiyim vacib məqamlardan biridir və ümumilikdə ixtisasların keyfiyyətinin və əmək bazarına uyğunluğunun təmin edilməsi üçün zəruridir".

Yalnız yüksək akademik göstəricilərə malik tələbələrin pedaqoji ixtisaslara cəlb olunmasını təmin etmək kadr hazırlığı strategiyası üçün çox önəmlidir:

“Universitetlərin hazırlıq strategiyası qeyd olunan demoqrafik dəyişikliklər fonunda bir neçə istiqamətdə özünü göstərəcək və hesab edirəm ki, bu istiqamətdə universitetlərin müvafiq addımlar atmasına ehtiyac var. Burada söhbət müəllim hazırlığı proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasından gedir. Bu çərçivədə STEM təhsili, rəqəmsal pedaqogika, həmçinin multidissiplinar, interdissiplinar və transdissiplinar yanaşmalara adaptasiya vacibdir.

Bu həm də ixtisasların diversifikasiyası deməkdir. Keçən il mən müəllifi olduğum bir kitabı da bu istiqamətdə təhsil ictimaiyyətinə təqdim etmişəm və bu çağırış əslində qlobal təhsil çağırışlarından biridir.

Saydan çox keyfiyyətə üstünlük vermək, yəni yalnız yüksək akademik göstəricilərə malik tələbələrin pedaqoji ixtisaslara cəlb olunmasını təmin etmək üçün stimullaşdırıcı təqaüd proqramlarının genişləndirilməsi kadr hazırlığı strategiyası üçün çox önəmlidir. Bu təqaüd proqramlarını universitetlər özləri təklif etməlidir. Çünki indiki vəziyyətdə bir çox universitetdə təqaüd proqramları formal xarakter daşıyır. Universitetlər müəllimlik ixtisasına marağı artırmaq və əlavə motivasiya yaratmaq üçün məhz bu proqramları genişləndirməklə daha effektiv nəticələr əldə edə bilərlər".

Universitetlərin qərarları yalnız əmək bazarının reallıqlarına deyil, həm də düzgün ölçmələrə və etibarlı proqnozlara əsaslanmalıdır:

“Digər tərəfdən, mövcud müəllimlərin yenidən hazırlanması və ixtisasartırma kurslarının təşkili vasitəsilə kadrların çevikliyinin artırılması da vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, universitetlər bu istiqamətdə düzgün strategiyalar formalaşdırmalıdırlar. Hesab edirəm ki, universitetlərin qəbul etdiyi qərarlar yalnız cəmiyyətin tələblərinə və əmək bazarının reallıqlarına deyil, həm də gələcək proqnozlara, düzgün ölçmələrə və etibarlı məlumatlara əsaslanmalıdır.

Eyni zamanda, qlobal təsirlərin yerli və beynəlxalq əmək bazarına necə təsir göstərəcəyi nəzərə alınaraq universitetlər müvafiq yanaşmalar formalaşdırmalıdır. Universitetlərin inkişaf strategiyası ilə bağlı müvafiq tədqiqatların aparılması zəruridir. Dəyişikliklər çox sürətlə baş verdiyindən gələcəkdə bizi nələrin gözlədiyini dəqiq söyləmək mümkün olmasa da, universitetlərin ən azı beş illik strategiyası olmalıdır.

Bu strategiya mütləq şəkildə ölçmələrə, analizlərə və tədqiqatlara əsaslanmalıdır, yəni təsadüfi və ya kortəbii olmamalıdır. Bundan əlavə, ali təhsil müəssisələrinin müəllim kadrlarının hazırlanması strategiyası da bu yanaşmaları özündə birləşdirməli və qeyd olunan prinsiplərə uyğun formalaşdırılmalıdır".

Təcili Təbrizdən ÇIXIN! - İsraildən xəbərdarlıq
Son xəbərlərDaha çox