Sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş, fəaliyyətləri ilə seçilən müəllimlərə TəhsilPlus kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.
Maraqlıdır, TəhsilPlus kartı yalnız sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərə təqdim edilirmi?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Təhsilin İnkişafı Fondundan verilən məlumata görə, sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş və fəaliyyəti ilə seçilən müəllimlərə tədbir çərçivəsində TəhsilPlus kartı simvolik olaraq təqdim olunub və onlar kartın ilk istifadəçiləri olublar:
"Lakin ümumilikdə TəhsilPlus kartı bütün təhsil pillələri üzrə təxminən 450 minə yaxın təhsil işçisini əhatə edəcək. Buraya həm pedaqoji, həm də inzibati heyət daxildir.
TİF-dən bildirilib ki, TəhsilPlus kartı həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən bütün təhsil işçilərinə təqdim ediləcək. Bu baxımdan regional idarələrin tabeliyində çalışan müəllimlər də kartla təmin olunacaqlar.
Fonddan verilən məlumata görə, kartların təqdimatı mərhələli və sistemli şəkildə həyata keçiriləcək. Təhsil müəssisələrinin mühasibləri bank vasitəsilə kartları sifariş edə biləcəklər. Bu proses əvvəlki maaş kartlarının sifarişi mexanizminə uyğun təşkil olunacaq və nəticədə bütün təhsil işçiləri mərhələli şəkildə TəhsilPlus kartı ilə təmin ediləcəklər",-deyə TİF-dən qeyd edilib.