Azərbaycan dili yalnız imtahan fənni deyil, düşüncə və ifadə vasitəsidir.
Bu fikri AzEdu.az-a açıqlamasında “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, Azərbaycan dili və ədəbiyyat müəllimi Xəzri Muradov səsləndirib.
Azərbaycan dili dərsliyində mövcud olan çətinliklərin səbəbi mövzuların ağır olması deyil, bəzən onların kifayət qədər sistemli və mərhələli şəkildə izah edilməməsidir:
“Azərbaycan dili dərsliklərində bəzi mövzular var ki, şagirdlər həmin mövzuları öyrənərkən çətinlik yaşayırlar. Xüsusilə sintaksis bölməsi, mürəkkəb cümlə növləri, tabesizlik və tabelilik əlaqələri, söz birləşmələrinin incə fərqləri, həmçinin orfoqrafiya və durğu işarələrinin tətbiqi zamanı qarışıqlıq yaranır.
Bu çətinliklərin səbəbi mövzunun ağır olması deyil, bəzən onun izahının kifayət qədər sistemli və mərhələli verilməməsidir.
Şagirdlərin yaş xüsusiyyətləri də nəzərə alınmalıdır. VII-VIII və IX siniflərdə verilən bəzi qaydalar əzbərləmə yolu ilə deyil, daha çox məntiqi izah və praktik tətbiq vasitəsilə mənimsədilməlidir. Əgər qayda şagirdin düşüncə səviyyəsinə uyğun təqdim olunmazsa, o zaman mexaniki öyrənmə baş verir və nəticədə bilik uzunömürlü olmur”.
Şagird bilməlidir ki, sinifdə öyrəndiyi bilik onun gələcəyinə tam şəkildə xidmət edir:
“Digər mühüm məsələ məktəbdə aparılan qiymətləndirmə ilə qəbul imtahanı modelinin fərqli yanaşmaya əsaslanmasıdır. Məktəbdə daha çox izah, şərh və mətn üzərində işləmə tələb olunur, qəbul imtahanında isə test məntiqi üstünlük təşkil edir. Bu iki yanaşma arasında metodik uyğunluq qurulmalıdır ki, şagird məktəbdə öyrəndiyini imtahanda tətbiq edə bilsin.
Əgər imtahan modeli analitik düşüncə tələb edirsə, dərsliklərdə də həmin istiqamətdə tapşırıqlar artırılmalıdır. Əgər xırdalıqlar soruşulursa, o zaman həmin xırdalıqlar dərslikdə də öz əksini tapmalıdır”.
Müəllim bəzi terminoloji yüklü mövzuların daha sadə dillə izahına ehtiyac olduğunu da vurğulayıb:
“Məqsəd termini qorumaq yox, məzmunu öyrətmək olmalıdır. Şagird terminlərin çoxluğu içində qaydanın mahiyyətini itirməməlidir. Dil qaydaları həyatla və real nümunələrlə əlaqələndirildikdə daha yaxşı mənimsənilir.
Mövzuların çıxarılmasından daha çox onların təqdimat formasının dəyişdirilməsi məqsədəuyğun görünür. Çünki Azərbaycan dili yalnız imtahan fənni deyil, düşüncə və ifadə vasitəsidir. Ona görə də hər mövzu funksional şəkildə öyrədilməlidir.
Əsas məqsəd dərslikləri tənqid etmək deyil, onları daha funksional və gələcəyə uyğun etməkdir.
Məktəb dərsliyi şagird üçün əsas və yetərli mənbə olmalıdır. Əgər şagird əlavə mənbəyə ehtiyac duyursa, bu artıq sistemin boşluğunu göstərir.
Biz dərsliklərlə qəbul imtahanı arasında olan məsafəni azaltmalıyıq. Şagird bilməlidir ki, sinifdə öyrəndiyi bilik onun gələcəyinə tam şəkildə xidmət edir. Təhsildə sabitlik, uyğunluq və ardıcıllıq təmin olunarsa, nəticə də daha güclü olacaq. Dərslik şagirdə yarım bilik deyil, tam güvən verməlidir”.