Azedu.az

8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ

Müəllimlər və elm adamları

4 Mart 2026, 10:30
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ

Hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bəzi təhsil müəssisələrində müəllimlər üçün hədiyyə alınması məqsədilə valideynlərdən pul yığılması ilə bağlı narazılıqlar gündəmə gəlir. Sosial şəbəkələrdə və valideyn qruplarında da bu məsələ ilə bağlı müxtəlif müzakirələr aparılır. 

Bəs görəsən məktəblərdə Beynəxalq Qadınlar Günü münasibətilə yaşana biləcək neqativ halların qarşısının alınması məqsədilə rəsmi qurumlar tərəfindən hansı qabaqlayıcı tədbirlər görülür? Məsələn, bu tədbirlərdən biri kimi Regional Təhsil idarələrinə təlimat göndərilibmi? 

AzEdu.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən (MÜTDA) “Azərbaycan müəllimi”nin mövzu ilə bağlı ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdır.

Agentlik nəzərə çatdırıb ki, valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib: “Qeyd edilənləri nəzərə alaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə hansısa məvacibin toplanması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək”.

Rusiya təyyarəsi Azərbaycanda - İrandan TƏCİLİ ruslar daşınır
Son xəbərlərDaha çox